Hüseyn Ərəblinski Tiflis Azərbaycan teatrında

 

   Tiflis Azərbaycan teatrı ilə təmasda olan, bu kollektivlə yaradıcılıq əlaqələri saxlayan sənət xadimlərindən biri də səhnəmizin böyük aktyorurejissoru Hüseyn Ərəblinski olmuşdur. O, 1907-ci ildən başlayaraq bir neçə dəfə Tiflisə gəlmiş, burada tamaşalar göstərmiş, habelə Tiflis Azərbaycan teatrının truppasını cəlb etməklə tamaşalar hazırlamışdır.

  

   Aktyorun Tiflisə ilk səfəri 1907-ci ilə təsadüf edir. Məhz həmin ildə o, yerli aktyorların iştirakı ilə Nəriman Nərimanovun «Nadir şah» pyesini hazırlamış və bu tamaşa «Kazyonnı teatr»da nümayiş etdirilmişdir. Tamaşa uğur qazanmış, Tiflis mətbuatında, o cümlədən gürcü qəzetlərində əsər və tamaşa haqqında rəylər dərc edilmiş, maraqlı fikirlər səsləndirilmişdir. Bu tamaşa aktyorlaraTiflis Azərbaycan teatrının inkişafına təsir göstərən amillərdən biri olmuşdur.

   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «...1907-ci il Tiflis Azərbaycan teatrının əsaslı dönüş ili idi. Cəlil Məmmədquluzadənin Zubalov Xalq Evində çıxışı (yazıçının müxtəlif millətləri təmsil edən görkəmli ziyalıların təşkil etdikləri «İlk xalq konserti» zamanı aparılan diskussiyalardakı çıxışı nəzərdə tutulur - A.B.), Əbdürrəhim bəy Haqverdiyevin bir neçə əsəri tamaşaya hazırlaması, Hüseyn Ərəblinskinin Tiflisə qastrolu yerli artistlərin səhnəyə marağını daha da gücləndirdi, onları sənət, sənətin vacib problemləri, səhnə quruluşunun ciddiliyi və özünəməxsusluğu, hər hansı tamaşanın müasirliyi və idraki-tərbiyəvi əhəmiyyəti haqqında düşünməyə vadar etdi».

   Tiflis ədəbi mühitiTiflis Azərbaycan teatrı ilə bağlı çox dəyərli tədqiqatların müəllifi olan professor Abbas Hacıyev onu da qeyd edir ki, zəngin Tiflis ədəbi mühiti, teatr həvəskarları Hüseyn Ərəblinskiyə güclü təsir bağışlamışdı. Buna görə də o, 1908-ci ildə yenidən Tiflisə gəlir. Ziyalılar, müxtəlif xalqların aktyorları, sənət adamları onu mehribanlıqla qarşılayırlar.

   İndi isə həmin hadisələrin canlı şahidi olmuş Gürcüstanın Xalq artisti İbrahim İsfahanlının xatirələrinə müraciət edək: «Küçələrə vurulmuş bər-bəzəkli afişalar 1908-ci ildə tiflisliləri Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» faciəsinin tamaşasına çağırırdı. Tamaşada Qacar rolunu Hüseyn Ərəblinski, İrakli rolunu Əbülfət Vəli oynayacaqdı... Tamaşanın rejissoru da Hüseyn Ərəblinski idi. Bu işdə ona Əbülfət Vəli və həmin aralarda Tiflisdə olan Əbdürrəhim bəy Haqverdiyev özü kömək edəcəkdi. Əsərdəki qalan rolları Tiflis Azərbaycan teatrının aktyorları oynayacaqdı... Biletlərin yayılmasında «Şərqi- Rus» qəzetinin redaktoru Məhəmməd ağa Şahtaxtlı və «Molla Nəsrəddin» jurnalının redaktoru Cəlil Məmmədquluzadə fəal iştirak edirdilər. Biletlər bir həftə qabaq satılıb qurtarmışdı» («Səhnə andı», Bakı, 1982, səh. 41).

   Xüsusi olaraq qeyd edək ki, tamaşaya azərbaycanlılarla yanaşı, Tiflisdə yaşayan digər millətlər, xüsusən gürcülər də böyük maraq göstərirdilər. Tiflisdə nəşr olunan «Oqni» jurnalı hələ 1907-ci ilin noyabr ayında yazırdı: «Əbdürrəhim bəy Haqverdiyevin «Ağa Məhəmməd şah Qacar» adlı dramının Qafqaz səhnələrində oynanılmasına icazə verilmişdir. Bu əsər XVIII əsrdə Gürcüstanı talamış və Şuşada öldürülmüş məşhur padşahın fəaliyyəti dövrünü əhatə edir. Pyes yalnız müsəlmanlar üçün deyil, gürcülər üçün də maraqlıdır. Onun ilk səhnəsi Gürcüstana həsr edilmiş və II İrakli səhnəyə gətirilmişdir». (Qulam Məmmədli. «Azərbaycan teatrının salnaməsi». Bakı, 1975, səh. 146-147).

   «Kazyonnı teatr»da göstərilmiş bu tamaşa böyük uğur qazanmış, tamaşaçıların arzusu ilə təkrar nümayiş etdirilmişdir. Dövrünün görkəmli ziyalıları və sənət adamlarından Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Eynalı bəy Sultanov, Hüseyn Minasazov, Şalva Dadiani, Vaso Abaşidze, Sultan Məcid Qənizadə və bir çox başqaları da tamaşaya baxmışlar. Tamaşaçılar əsərin müəllifi Əbdürrəhim bəy Haqverdiyevi, tamaşanın rejissorubaş rolun ifaçısı Hüseyn Ərəblinskini, habelə İrakli rolunun ifaçısı Əbülfət Vəlini alqışlarla səhnəyə çağırmış, aktyorlara gül-çiçək dəstələri, müxtəlif hədiyyələr təqdim etmişlər.

   Hüseyn Ərəblinskinin Tiflisə növbəti qastrol səfəri 1909-cu ildə (bəzi mənbələrə görə, 1910-cu ildə) olmuşdur. Bir ay ərzində onunla birlikdə Bakıdan gəlmiş aktyorların, habelə yerli sənətçilərin iştirakı ilə «Ağa Məhəmməd şah Qacar»la yanaşı, «Bəxtsiz cavan», «Dəmirçi Gavə» («Gaveyi-ahəngər»), «Əlmənsur», «Nadir şah», «Zavallı cocuq», «Zorən təbib», «Yəhudilər» tamaşaları göstərilmişdir.

   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan teatrı» kitabından: «Mətbuat qastrol (1909-cu il qastrolu - A.B.) tamaşaları ilə maraqlanmış, diqqəti daha çox N. Nərimanovun «Nadir şah» pyesi üzərində cəmləşdirmişdir. Çünki Hüseyn Ərəblinski «Nadir şah» əsərini yeni, orijinal quruluşda tamaşaya qoyur, kütləvi səhnələrdə yüzdən artıq xüsusi geyimli aktyordan istifadə edir, əsərin ideyasını tamaşaçılara genişlik və aydınlığına qədər çatdırırdı. Buna görə də «Zaqafqaziye» qəzetinin əməkdaşı Hüseyn Minasazov həm «Nadir şah» pyesini «güclü, təsirli və məzmunlu» tamaşa adlandırır, həm də Hüseyn Ərəblinskini «Şərqin böyük səhnə xadimi...» kimi qiymətləndirir və «Ərəblinski müsəlman səhnəsinin... yaradıcısıdır; onu müasirləri dərk edib qiymətləndirməsələr də, gələcək nəsillər adını hörmətlə yad edəcəklər» - deyirdi».

   Bundan başqa, Tiflisin gürcüdilli mətbuatında da həmin tamaşalar, xüsusən Hüseyn Ərəblinski barədə ürəkaçan yazılar dərc edilmişdi.

   Həmin günlərdə «Ağa Məhəmməd şah Qacar» pyesinin tamaşası ərəfəsində baş vermiş bir hadisə Hüseyn Ərəblinskini həm də bir insan kimi gözümüz önündə yüksəldir. «Tamaşadan əvvəl Ərəblinskiyə xəbər verirlər ki, faciənin əsas surətlərindən olan gürcü hökmdarı II İraklinin nəvələrindən biri Tiflisdədir. Hüseyn Ərəblinski II İraklinin nəvəsi olan xanımın yanına gedib göstəriləcək faciədəki hadisələri - ... Tiflisin yandırılmasını, onun babası II İraklinin qəhrəmancasına vuruşmasını söyləyib, «xanım tərəfindən etiraz olmazsa, tamaşanı göstərək», deyə nəzakətlə pyesin səhnəyə qoyulmasına icazə istəmişdi.

   Xanım: «Tarixin əleyhinə getmək olmaz», deyə əsərin oynanılmasına razılıq vermiş və hətta, xüsusi bir loja biletinin ona göndərilməsini xahiş etmişdi» (Kamran Məmmədov. «Əbdürrəhim bəy Haqverdiyev». Bakı, 1955, səh. 55-56).

   Professor Əziz Şərifin məşhur «Gündəliklər»ində Hüseyn Ərəblinskinin 1914-cü il Tiflis qastrolu barədə məlumat öz əksini tapmışdır. Həmin il yanvarın 10-da «Gürcü Əyanları Teatrı»nda Hüseyn Ərəblinskinin rəhbərliyi ilə «Sultan Osman» (müəllifi Volter, tərcümə edəni Ə.Haqverdiyev) tamaşası göstərilmişdir. Tamaşada baş rolda Hüseyn Ərəblinski, digər rollarda Tiflis Azərbaycan teatrı truppasının aktyorları - Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Məmmədtağı Ələsgərov və başqaları oynamışlar.

   Həmin tamaşada Hüseyn Ərəblinski ilk dəfə səhnəyə çıxan zaman gurultulu alqışlar qopmuşzala rəngarəng vərəqələr səpələnmişdi. Vərəqələrdə Azərbaycan və rus dillərində bu sözlər yazılmışdı: «Salam olsun əziz yoldaşımız və namdar artistimiz Ərəblinski cənablarına. Artist yoldaşlardan». Əlbəttə, bu xoş sözlər böyük sənətkara həmkarlarının və tamaşaçıların hörmət və məhəbbətini ifadə edirdi.

   Həmin qastrol zamanı növbəti tamaşa «Gaveyi-ahəngər» olmuşdur. Bu tamaşada Hüseyn Ərəblinski ilə yanaşı yerli aktyorlardan Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Məmmədtağı Ələsgərov, Əşrəf Yüzbaşov və digərləri çıxış etmişlər.

   1914-cü il yanvarın 24-də «Sultan Əbdüləziz, yaxud Osmanlı inqilabı» tamaşası təqdim olunmuşdur. Qeyd edək ki, bu tamaşaların hazırlanmasında Hüseyn Ərəblinskinin təklifi ilə Tiflis Azərbaycan teatrının aktyorurejissoru Mirzəli Abbasov da rejissor kimi iştirak etmişdir.

   Hüseyn Ərəblinski Tiflis sənətsevərləri arasında böyük nüfuza malik idi. Müasirlərinin yazdığına görə, onun iştirakı ilə Tiflisdə göstərilən tamaşaların biletlərinin hamısı bir neçə gün əvvəl satılıb qurtarardı.

   1914-cü il Tiflis qastrolu zamanı göstərilmiş tamaşaların hər birinin Azərbaycan və rus dillərində proqramı çap olunmuşdur. Hər bir proqramın üzərində Hüseyn Ərəblinskinin fotoşəkli yerləşdirilmiş və yazılmışdır: «Müsəlman səhnəsinin namdar artisti Hüseyn Ərəblinskinin qastrolu (Tiflis müsəlman dram dəstəsinin iştirakı ilə)”. Daha sonra isə müəllifin və əsərin adı, habelə aktyorların siyahısı verilmişdir.

   Göründüyü kimi, Hüseyn Ərəblinski ilə Tiflis ziyalıları, xüsusən Tiflis Azərbaycan teatrının aktyorları arasında isti bir münasibət yaranmışdı. Həmin illərdə Tiflis teatrında güclü aktyorlar yetişmişdi. Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Nadir İbrahimov, Həbib Köçərlinski, Məmmədtağı Ələsgərov, Əli Qurbanov, habelə ilk sənət addımlarını atan Mustafa Mərdanov və Möhsün Sənani kimi sənətkarlar istənilən tamaşada yüksək səviyyədə oynamağa qadir idilər. Əlbəttə, belə bir truppa ilə işləmək Hüseyn Ərəblinski üçünxoş idi.

   Bununla yanaşı, onu da qeyd etmək lazımdır ki, Tiflis Azərbaycan teatrının formalaşmasına və ayrı-ayrı aktyorların inkişafına Hüseyn Ərəblinskinin ciddi təsiri olmuşdur. Bütün bunlara görə o, Gürcüstanda da ürəkdən sevilmiş, yüksək qiymətləndirilmişdir.

   Hüseyn Ərəblinskinin 1919-cu ilin mart ayında Bakıda qətlə yetirilməsi xəbəri Tiflisdə də hüznlə qarşılanmış, mətbuatda Əziz Şərifin və Əliqulu Qəmküsarın yazıları dərc olunmuşdu. Bu yazılar nə qədər üzüntülü olsa da, Azərbaycan teatrının gələcəyi ilə bağlı nikbin notlarla bitirdi. Əziz Şərif öz yazısını bu sözlərlə tamamlayırdı: «... biz inanırıq ki, mərhum Ərəblinskinin bolca səpdiyi tərəqqi və sənayeyi-nəfisə toxumu bizim cavanlarımızın ürəyində böyüyüb, gələcəkdə güclü bir mədaxil verər».

   Milli teatr sənətimizin müasir mənzərəsi deyiləni sübuta yetirir.

   

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

  Mədəniyyət.- 30 noyabr.- S. 15.