Həyat aşiqi şair-müğənni: Mirzə Məhəmmədhəsən

 

   Klassik muğam ifaçılarını xatırlayarkən bir çox sənətkarlar göz önünə gəlir. Onlardan biridövrünün görkəmli xanəndəsi və şairi Mirzə Məhəmmədhəsəndir.

  

   O, 1851-ci ildə Şamaxı şəhərində anadan olub. Uşaq vaxtından oxumağa, öyrənməyə maraq göstərir. Mükəmməl mədrəsə təhsili alır, fars və ərəb dillərini dərindən mənimsəyir. Atası dabbaq İsmayıl onu molla görmək istəsə də, arzusu baş tutmur. Çünki balaca Məhəmmədhəsənin könlündən xanəndə olmaq keçir. Onun xanəndə kimi püxtələşməsində isə müğənni Kərbəlayı Əkbərin böyük əməyi olur. Görkəmli sənətkar o vaxt məşhur musiqişünas Mahmud ağanın sarayında yaşayıb və xanəndəlik edirmiş. Bir gün sarayın yaxınlığında yaşayan Məhəmmədhəsənin gözəl səsini eşidir və istedadına heyran qalır. Uşağın atası ilə görüşüb söhbət etmək qərarına gəlir. Atasına məsləhət görür ki, oğlunun musiqi təhsili almasına icazə versin.

   Beləliklə, Kərbəlayı Əkbər gənc Məhəmmədhəsənin müəllimi olur. Ona muğam və təsnifləri öyrədir. O isə gənc yaşlarından Şamaxıda keçirilən dini mərasimlərdə iştirak edir, dini mahnılar oxuyur. Tez bir zamanda şəhər əhalisi arasında tanınır. Onun gözəl səsindən və musiqi istedadından xəbər tutan Mahmud ağa gənc xanəndəni öz himayəsinə dəvət edir. Onun sarayında Məhəmmədhəsən musiqi elminə daha yaxından bələd olur, xanəndə kimi püxtələşir. Şamaxı müğənniləri arasında tanınmaqla yanaşı, Hacı Hüsü, Əbdülbaği Bülbülcan kimi böyük müğənnilərlə birgə məclislərdə çıxış edir.

   Mirzə Məhəmmədhəsənin məlahətli səsi və ifaçılıq sənəti öz dövrünün bir çox görkəmli mədəniyyət xadimlərinin də diqqətini cəlb edir. Xanəndənin müasiri olan şair Seyid Əzim Şirvani də Mirzə Məhəmmədhəsənin səsinə və sənətkarlığına heyran olub. Bir gün o, Şamaxı bağlarını gəzərkən məlahətli bir səsin ətrafa yayıldığını eşidir. Şair ayaq saxlayıb səsi dinləyir. Oxuyanın Mirzə Məhəmmədhəsən olduğunu bilib bədahətən deyib:

  

   Əqlimi əlimdən nə gülü yasəmən aldı.

   sünbülü reyhan, nə bağu çəmən aldı.

   Davud məgər zində olub dəhrdə,

   Seyyid, Arami-dilim sövti-Məhəmmədhəsən aldı.

  

   Cabbar Qaryağdıoğlu da Mirzə Məhəmmədhəsənin xanəndəlik məharətinə yüksək qiymət verib. O, öz xatirələrində Mirzə Məhəmmədhəsən ilə görüşünüonun oxumağından aldığı xoş təəssüratı belə ifadə edib: “...1888-ci ilin bir payız günündə Bakıya gəlmişdim. Şamaxılı Hacı Əli Abbasın uşaqlarının toy məclisinə gedəcəkdim. Mən də tarzən Sadıqla dörd gecə həmin toyda iştirak etdik. Mirzə Məhəmmədhəsənin çox bilikli və gözəl səsə malik olduğunu orada yəqin etdim. O, el xanəndəsi olmaqla bütün camaatın rəğbətini qazanmışdı”.

   Maarif xadimi Camo Cəbrayılbəyli Mirzə Məhəmmədhəsənin oxumağından aldığı xoş təəssüratla bağlı yazıb: “ XIX əsrin axırları idi. Yaxın qohumlarımdan birinin toyu olacaqdı. Eşitdim ki, toyu o zamanın məşhur xanəndəsi Mirzə Məhəmmədhəsən idarə edəcək. Mən də toyda iştirak etdim... Onu ilk dəfə həmin toyda gördüm. Necə oxuyacağını ürək döyüntüsü ilə gözləyirdim. Yaxşı yadımdadır, məclis əhli Mirzədən “Çahargah” oxumasını xahiş etdi. Onun yanıqlı oxuması, şirin gəzişmələri məclisdəkiləri valeh etmişdi... Mirzənin oxuması iki saata qədər çəkdi. Lakin məclis əhli onun səsindən doymamışdı”.

   Mirzə Məhəmmədhəsən 35 il xanəndəlik edib. Cənubi Qafqazın bir çox bölgələrində öz sənəti ilə tanınıb. Hər məclisdə milli musiqimizin təbliğatçısı olub. Böyük məharətlə oxuduğu “Şüştər”, “Humayun”, “Rast”, xüsusilə “Mənsuriyyə” muğamları yaddaşlarda silinməz izlər buraxıb.

   Bütün bunlara baxmayaraq, böyük nəğməkarın ömrünün son illəri ağır ehtiyac içərisində keçir. Gözləri işığını itirir, qulaqları tutulur.

   Onun 1916-cı ildə işıq üzü görən “Nalə” kitabında həyatı və yaradıcılığı geniş təsvir olunub. Kitabçanın “Nalə” adlandırılması da təsadüfi olmayıb. Orada Məhəmmədhəsənin ağır ehtiyac içərisində yaşadığı günlərdə qəlbindən qopan ah-naləsi, fəryadı öz ifadəsini tapıb.

   O, şeirlərinin birində yazıb:

  

   Tuti qəfəsində deyibən bir vətən ağlar,

   Zülmətə düşüb Mirzə Məhəmmədhəsən ağlar.

  

   Məhəmmədhəsənin şeirləri içərisində “Desinlər” rədifli qəzəli çox məşhur olub. Bu qəzəl uzun illər xanəndələr tərəfindən sevilə-sevilə oxunur. Mənbələrdə var ki, Cabbar Qaryağdıoğlu oxuduğu muğamlarda Mirzə Məhəmmədhəsənin qəzəl və şeirlərindən çox istifadə edib. Seyid Şuşinski isə müğənninin “Nalə” kitabçasını həmişə yanında saxlayıb.

   Musiqi mədəniyyəti və ədəbiyyat tariximizdə iz qoyan Mirzə Məhəmmədhəsən 1917-ci ildə Şamaxıda vəfat edib.

  

   Savalan Fərəcov

 

   Mədəniyyət.- 2011.- 30 noyabr.- S. 14