1920-ci illərdə
Azərbaycan kino sənayesində nələr baş verirdi?
Kino tariximizdən
Keçən əsrin 20-ci illərində
I Dövlət Kinofabrikində çəkilən filmlər
aktual problemlərə toxunsa da, öz bədii səviyyəsinə
görə heç bir şeylə fərqlənmirdi. Lakin
20-ci illərin ikinci yarısından sonra müasir mövzuda və
klassik ədəbi əsərlər əsasında çəkilmiş
“Bismillah”, “Hacı Qara”, “Sevil” bədii filmləri irəliyə
doğru addım idi.
Bununla belə, 20-ci illərdə “Azdövlətkino”da (kinostudiyanın adı dəfələrlə dəyişdirilmişdir) qəribə, bir qədər də gözlənilməz hadisələr baş verirdi.
Həmin dövrdə Tiflisdə yaşayan erməni mühəndisi Nikita Arutyunov günlərin birində “Azdövlətkino” Birliyinin rəhbərliyinə məktub göndərir. Məktubda yazırdı ki, Zaqafqaziya dövlət təşkilatlarında “Azdövlətkino”nun nümayəndəliyi yoxdur. Ona görə də bu adam nümayəndəlik vəzifəsini pulsuz-parasız öz üzərinə götürməyə hazırdır.
O vaxtlar bu təşkilatlar Tiflisdə
yerləşirdi. “Azdövlətkino” Birliyinin idarə heyəti
Arutyunovun kimliyini, onun nə üçün təmənnasız
Azərbaycan kino təşkilatına kömək etmək istəyini
və məqsədini yoxlamaq əvəzinə nəinki
Nikitanın təklifi ilə razılaşır, hətta ona maaş da təyin edir.
1926-cı ildə
Gürcüstan Dövlət Kino Sənayesi “Azərbaycan”
adlı 7 hissəli kinodram istehsal edir. Filmin
ssenari müəllifi və rejissoru İvan Perestiani, operatoru
Diqmelyov idi. Həmin filmə Tiflisdə
reklam plakatı da hazırlanır və ölkənin hər
yerinə, o cümlədən Azərbaycana göndərilir.
Plakatda rəqs edən yarıçılpaq
qadın təsvir edilmişdi. Qəribə
burası idi ki, həmin şəklin altında filmin adı -
“Azərbaycan” yazılmışdı. Plakat respublikamıza
gələndən sonra Gürcüstana, “Dövlətkinosənaye”nin idarə heyətinə
aşağıdakı məzmunda məktub göndərilir. Məktubda
yazılmışdı: “ ... Yarıçılpaq marionetin altında sovet
respublikası (Azərbaycan) adlı sözlər
yazılmışdır. Biz hesab edirik ki,
bu plakatı çap edən şəxslər tərəfindən
senzurasız tərtib olunmuş kobud aktdır. Reklamın müəlliflərində bu məsələ
ilə bağlı nəinki siyasi duyum yoxdur, hətta qonşu
respublikaya aid həmin təsvirlərə münasibətdə
onlar etika haqqında elementar anlayışa belə malik deyillər.
Biz hesab edirik ki, əgər “Azdövlətkino”
və ya hər hansı bir təşkilat belə bir məzmunda
plakatı “Gürcüstan” başlığı altında
buraxsaydı, yəqin ki, Gürcüstan SSR “Dövlətkinosənaye”
də qəti etiraz edəcəkdi. Biz sizin çap
etdirdiyiniz reklamın (“Dövlətkinosənaye”nin nəşri)
ümumi məzmununa qarşı qəti etirazımızı
bildiririk və sizin nəzərinizə
çatdırırıq ki, Azərbaycana göndərilmiş
bütün plakatlar, harada olursa-olsun, bizim tərəfimizdən
yığılacaq və ləğv ediləcəkdir.
“Azdövlətkino” İdarə Heyətinin
sədri Mahmudbəyov, 8 noyabr 1926-cı il”.
Bu da erməni mühəndisi
N.Arutyunovun Azərbaycan kino təşkilatına göstərdiyi
“təmənnasız köməyi”.
Bu azmış kimi, həmin il
martın 29-da Azərbaycandan Moskvaya, SSRİ “Dövlətkinosənaye”
nümayəndəliyinə, Arustanov soyadlı erməni kino
işçisinə aşağıdakı məzmunda məktub
göndərilir: “Əziz yoldaş, “Azdövlətkino”nun
istehsal etdiyi filmlərin RSFSR ərazisində uğurlu
prokatı məqsədilə, əvvəlcədən
danışdığımıza əlavə olaraq, sizə
xahişlə müraciət edirəm. ASSR Xalq Maarif
Komissarlığı Moskvada daimi nümayəndəliyini təyin
edənə kimi mövcud işlə bağlı bütün
məsələləri - prokatın yeri və müddətini,
anonsları, reklamları, senzuranı və s. öz üzərinizə
götürəsiniz. Görülən işlərə
görə “Azdövlətkino” sizə hər ay əldə
olunan gəlirdən müəyyən faiz ayıracaq.
Kommunist salamı ilə
“Azdövlətkino” İdarə Heyətinin sədri
Ş.Mahmudbəyov”.
Bu, həmin o
Arustanovdur ki, sonralar kinomuzun rəhbərlərinin dəvətilə
Bakıya işləməyə gələcək, adı
C.Cabbarlının “Kinofabrikin əcnəbi işçiləri
barədə qeydlər”inə düşəcəkdir.
Bu, həmin o Arustanovdur ki, 1928-ci
ildə “Zarya Vostoka” qəzetində dərc etdirdiyi
“Zaqafqaziyada kinolaşdırma problemləri” məqaləsində
Azərbaycanda kinolaşdırmanın yaşını
azaldaraq, səkkiz il irəli çəkmiş, 1905-ci il
tarixini göstərmişdir.
İş burasındadır ki, azərbaycanlı
alim Nazim Sadıqov Azərbaycan kinosunun ilkin dövrü ilə
bağlı dissertasiya yazarkən və sonradan həmin
dissertasiyanı “Azərbaycan bədii kinosu” adı altında nəşr
etdirərkən kitabda belə bir cümlə yazır:
“Bakıda ilk kino seansı 1905-ci ildə ticarət
pasajındakı 120 nəfərlik kiçik bir auditoriyada təşkil
olunmuşdur (bax: “Zarya Vostoka”, 5 fevral 1928-ci il, ą30).
Halbuki Azərbaycanda
ilk dəfə filmlər 1896-cı ilin ikinci yarısından
sonra nümayiş etdirilməyə
başlanılmışdır. Bakıda ilk çəkilişlər
isə 1898-ci ilin may ayında aparılmışdır.
Qayıdaq 20-ci illərdə
istehsal olunan və diqqəti cəlb edən filmlərə.
Rejissor A.M.Şərifzadənin “Bismillah” filmi
barədə oxucularımıza ətraflı məlumat
vermişik. Əlavə olaraq onu bildirmək
istəyirik ki, “Bismillah” filmi yenicə çəkilib başa
çatdığı vaxt Almaniya kino şirkətinin
nümayəndələri Bakıda imiş. Onlar İrandan Berlinə qayıdarkən şəhərimizin
qonağı olurlar. Kinofabrikdə qonaqlara
“Bismillah” filmi göstərilir və film onların çox
xoşuna gəlir. Qonaqlar hətta qeyd edirlər
ki, Azərbaycanın məişət və ənənələrini
göstərən epizodlar yüksək keyfiyyətlə həll
edilib, çəkilən toy dəstgahı və Məhərrəmlik
mərasimi onlarda dərin təəssürat
yaratmışdır. Onlar indiyə kimi
kino aləmində belə ənənəvi epizodlar görməyiblər.
Nümayəndə
heyətinin başçısı Maks Bruxmüller onu da deyib
ki, təchizat cəhətdən o qədər yüksək səviyyədə
olmayan kinofabrikdə belə bir filmin çəkilməsi
böyük uğurdur.
A.M.Şərifzadə “Bismillah”
filmindən sonra M.F.Axundovun eyniadlı pyesinin motivləri əsasında
“Hacı Qara” kino əsərinə quruluş verdi.
Filmin ssenarisini C.Cabbarlı yazmışdı.
O, ssenarini ekran üçün yenidən işləmiş, mərkəzi
obraz kimi Hacı Qaranı deyil, Sonanı göstərmiş,
bununla da qadının cəmiyyətdə yeri problemini ön
plana çıxarmışdır.
Dramaturq ssenariyə
yeni obrazlar daxil etmiş, hadisələrin dairəsini daha da
genişləndirmişdir. Əgər pyesdə
Heydər müflisləşdirilmiş bəydirsə, filmdə
o, Bayraməli bəyin nökəridir, çobandır. Heydər nökər də olsa Bayraməli bəyin
qızı Sonanı sevir. Onların
arasındakı bu sevgi qarşılıqlıdır.
Pyesdə Heydər bəy
toyunu etmək üçün pul əldə etməlidir.
Ona görə də dostları ilə birgə
qaçaqmalçılıq məqsədilə Hacı
Qaranın yanına pənah gətirir. Filmdə
nökər Heydər evlənmək üçün pulu
olmadığına görə Hacı Qara ilə birgə
qaçaqmalçılığa gedir. Qayıdandan
sonra Bayraməli bəy tərəfindən
aldadıldığını görüb Sonanı
qaçırır.
C.Cabbarlı filmin
finalını iki variantda işləmiş və kinofabrikə
təqdim etmişdi. Birinci səhnədə
gənclər təqib edilən zaman vəziyyətdən
çıxış yolu tapmadıqlarına görə və
yenidən bəylərin əlinə keçməmək
üçün bir-birilərinə sarılıb özlərini
sıldırım qayadan ölümün ağuşuna
atmağı üstün tuturlar. Əslində
bu epizodda məhəbbət ölümə qalib gəlir.
İkinci səhnədə isə gənclər
sıldırım qayaların arasından çətinliklə
də olsa keçib təhlükədən sovuşurlar.
Beləliklə də, gənclər hər iki
halda öz məhəbbətlərinə qovuşmaqla
yaşadıqları dövrün ictimai-siyasi ədalətsizliyinə
qarşı öz etiraz səslərini ucaldır, məhəbbətin
hər cür zorakılıqdan güclü olduğunu öz
cəsarətli addımları ilə bir daha nümayiş
etdirirlər.
Filmin çəkiliş
prosesində ikinci varianta üstünlük verilmiş və həmin
səhnə ekrana çıxarılmışdır. “Hacı Qara” dövrün kino və teatr mühitini
özündə əks etdirən əvəzsiz ekran əsəridir.
Filmin ekranlara çıxarılması ilə əlaqədar
“Azdövlətkino” İdarə heyətinin sədri
Ş.Mahmudbəyov yazmışdır: “...”Hacı Qara” nəinki
Azərbaycan əhalisi arasında, həm də bütün
Şərq ölkələrində şübhəsiz
böyük uğur qazanacaqdır. Çünki
Azərbaycanın yaxın feodal keçmişinin özünəməxsus
həyat tərzi, kəndlilərin bəy-mülkədar tərəfindən
istismar edilməsi bu filmdə öz parlaq əksini
tapmışdır”.
Film ümumittifaq ekranlarına
1929-cu il martın 9-da buraxılmış
və müvəffəqiyyətlə nümayiş
etdirilmişdir.
“Hacı Qara” çəkildiyi
vaxt kinostudiyada “Sevil” bədii filmi də istehsala
buraxılmışdı. Filmin ssenarisini
C.Cabbarlı özünün eyni adlı pyesi əsasında
yazmışdır. Digər əsərlərində
olduğu kimi, burada da qadın azadlığı mövzusu
ön plana çıxarılmışdır. Film qadın azadlığından başqa, cəmiyyətdə
öz yerini axtarıb tapa bilməyən, dədə-baba
qaydalarına xor baxan, hətta öz doğma atasını belə
bəyənməyən Balaşları ifşa edir. Bu filmdə azərbaycanlı qadının ümumiləşdirilmiş
obrazı öz bədii həllini tapmışdır.
Bəzi
nöqsanlarına baxmayaraq, film peşəkarlıqla çəkilmiş,
Azərbaycan kinosunda qadın obrazı ilk dəfə bu filmdə
ikinci planda deyil, iri həcmdə, qabarıq şəkildə
yaradılmışdır.
O vaxtlar Azərbaycan kinematoqrafçıları hər hansı bir məsələnin həllinə çox çətinliklə nail olurdular. Nə üçün? Ona görə ki, kino onlar üçün təzə bir sahə idi. Onlar milli kinonun özülünü qoyurdular. Çəkdikləri filmlər çox vaxt primitiv olurdu. Eybi yoxdur. Bunun üçün onları günahlandırmaq lazım deyil. Çünki bu insanlar heç nədən kino yaradırdılar. Onlar film çəkə-çəkə özləri də öyrənirdilər. Kinomuzun beşiyi başında duranlar bunlar idi: A.Mişon, C.Cabbarlı, A.M.Şərifzadə, M.Mikayılov, A.Quliyev, R.Təhmasib, H.Ərəblinski, İ.Orucova, Ə.Ağdamski...”
1970-ci ildə rejissor Rza Təhmasib “Ədəbiyyat və incəsənət” qəzetinə verdiyi müsahibədə demişdi ki, o zamanlar bizə kömək əli uzadan dost sənətkarların Azərbaycan kinosunun yaranmasında əməyi böyükdür. Buna yalnız minnətdar olmalıyıq. Lakin həmin müsbət cəhətlərlə bərabər, bunun mənfi cəhəti də var idi. Onlar filmi çəkən kimi öz şəhərlərinə qayıdır, milli kino kadrlarının yetişməsi ilə məşğul ola bilmirdilər. Kino xadimlərindən yalnız Vsevolod Pudovkin kollektivə, milli kadrların yetişməsinə yaxından kömək edirdi. O, kino sənətinə aid məruzələr oxuyur, bizimlə öz təcrübəsini bölüşürdü.
Rejissor R.Təhmasibin dediklərindən göründüyü kimi, ilk dövrlər Azərbaycanın kino işçiləri əsasən çəkiliş meydançasında müxtəlif eksperimentlər aparmaqla, çoxlu mütaliə etməklə kinonun sirlərini, incəliklərini, kinonun dilini öyrənir, ruhdan düşmür, həvəslə işləyirdilər. Onlar milli kinomuzu yaradırdılar. Biz bu adamları heç vaxt yaddan çıxara bilmərik.
Aydın Kazımzadə,
əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 30 noyabr.- S. 12.