Sevil Rza
qızı Xəlilova
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sənətçisi, Əməkdar artist Sevil Xəlilova 2011-ci il noyabr ayının 28-də 58 yaşında qəflətən vəfat etmişdir.
S.Xəlilova 1953-cü ildə anadan olmuşdur. 1970-ci ildə M.Əliyev adına
Azərbaycan Dövlət
İncəsənət İnstitutunun
kino aktyorluğu fakültəsinə daxil olmuşdur. Hələ tələbə ikən
o, Akademik Milli Dram Teatrında N.Hikmətin «Şöhrət və ya unudulan adam» psixoloji dramında Professorun qızı rolunu ifa etmişdir. 1974-cü ildən S.Xəlilova yaradıcılıq
taleyini Akademik Milli Dram Teatrına bağlamış və ömrünün sonunadək
bu sənət ocağında çalışmışdır.
İstedadlı aktrisa
ötən illər ərzində doğma səhnədə Çeşmə
(S.Dağlı «Kölgələr
pıçıldaşır»), Qumru (Anar «Şəhərin
yay günləri»), Zəvvar (C.Məmmədquluzadə
«Dəli yığıncağı»),
Humay (S.Rəhman «Əliqulu evlənir»), Məlahət (B.Vahabzadə
«Kimdir haqlı?»), Səadət (İ.Əfəndiyev
«Büllur sarayda»), Mədinə (Anar «Təhminə və Zaur»), Kitti (B.Brext «Üç quruşluq opera»), Zərifə
(S.Rəhman «Nişanlı
qız»), Gülnar (S.Vurğun «Vaqif»), Enona (J.Rasin «Fedra»), Züleyxa (Elçin «Poçt şöbəsində xəyal»),
Mələk (Ə. Əmirli
«Köhnə ev»), Xədicə xala (X. Qoca «Hərənin öz payı»), İlçay (H.Cavid «Afət»), Telli (M.Cəlal «Dirilən adam»), Məşədi Orucun anası (C.Məmmədquluzadə «Ölülər»),
Güləndam (İ.Şıxlı
«Ölüləri qəbristanlıqda
basdırın»), Cəvahir
xanım (A.Şaiq «Eloğlu»), Tubu xanım (İ.Əfəndiyev
«Qarabağnamə») kimi
obrazlar yaratmışdır.
Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı
İ.Əfəndiyevin «Atayevlər
ailəsində», M.F.Axundzadənin
«Hacı Qara», Ə.Məmmədxanlının «Şərqin səhəri»,
A.Məmmədovun «Kişilər»,
R.Kaşkauasın «Yağışlı
gecə», Anarın «Ötən ilin son gecəsi», R.Qasımovanın
«Yollar görüşəndə»
tamaşalarında uğurla
çıxış etmişdir.
S.Xəlilova teatr sənətindəki
xidmətlərinə görə
1986-cı ildə Naxçıvan
Muxtar Respublikasının
Əməkdar artisti,
2002-ci ildə isə Azərbaycan Respulikasının
Əməkdar artisti fəxri adlarına layiq görülmüşdür.
İstedadlı aktrisa və
gözəl insan Sevil Xəlilovanın işıqlı xatirəsi
onu tanıyanların qəlbində həmişə
yaşayacaqdır.
Allah rəhmət
eləsin.
Azərbaycan Respublikası
Mədəniyyət və
Turizm Nazirliyi
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
Mədəniyyət.-
2011.- 30 noyabr.- S. 11.