Muzeylərimiz tarix və mədəniyyətimizi yaşadır

 

    Abdulla Şaiqin mənzil muzeyindən xoş təəssüratlarla

  

   Paytaxtımızda çoxsaylı mədəniyyət müəssisələri, incəsənət mərkəzləri, sərgi qalereyaları ilə yanaşı, görkəmli şəxsiyyətlərin xatirə və mənzil muzeyləri də fəaliyyət göstərir. Belə mədəniyyət ocaqlarından biri də görkəmli Azərbaycan ədibi və maarifçisi Abdulla Şaiqin (Abdulla Mustafa oğlu Talıbzadənin) mənzil muzeyidir.

  

   Hələ orta məktəbdə oxuyarkən Abdulla Şaiqin uşaqlar üçün yazdığı əsərləri həvəslə mütaliə edərdim. Yazıçının “Məktub yetişmədi” əsəri, onun mövzusu indi də yadımdadır.

   Sonralar Bakıda işləyərkən Abdulla Şaiqin əsərlərindən ibarət, o cümlədən onun “Məktub yetişmədi” hekayəsinin də nəşr edildiyi kitabı almış və həmin hekayəni dəfələrlə oxumuşam. Hekayə o dərəcədə sadə və səmimi yazılıb, hər dəfə onu yada salanda xatirələrim məni keçmişə - uşaqlıq illərimə qaytarır...

   Ötən əsrin 60-cı illərində, yay aylarında Azərbaycan Dövlət Akademik Dram Teatrı, C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrı və Gənc Tamaşaçılar Teatrının kollektivi rayonumuza qastrola gələrdilər. Hər iki valideynim müəllim olduğundan məni həmişə həmin tamaşalara aparar, özləri gedə bilmədikləri halda isə atam həmişə mənə teatr tamaşalarına bilet almağa pul verərdi. Teatra marağım və məhəbbətim elə o vaxtdan yaranmışdı.

   Gənc Tamaşaçılar Teatrı tərəfindən tamaşaya qoyulmuş Abdulla ŞaiqinBir saat xəlifəlik” əsərinə də elə o zaman baxmışdım. Yaxşı yadımdadır, tamaşada Bəhlul Danəndə rolunu unudulmaz aktyorumuz Əliağa Ağayev oynayırdı. Mən universitetdə oxuduğum illərdə isə Xalq artisti Əliağa Ağayev artıq Akademik Dövlət Dram Teatrında işləyirdi.

   Muzeyləri, o cümlədən mənzil muzeylərini ziyarət etmək, eksponatlarla tanış olmaq hər bir insanın dünyagörüşünün formalaşmasında, öz xalqının tarixi, mədəniyyət barədə biliklərinin zənginləşməsində mühüm rol oynayır.

   Baş Prokurorluğun Tədris Mərkəzinin rəhbəri işləyərkən rəhbərlik tərəfindən, bir qayda olaraq, muzeylərə ekskursiya məqsədilə vəsait ayrılırdı. Bir dəfə Tədris Mərkəzində ixtisasartırma kursuna cəlb edilmiş bir qrup dinləyicini Rüstəm Mustafayev adına İncəsənət Muzeyinə ekskursiyaya aparırdım. Ekskursiya başlanmazdan əvvəl dinləyicilərə müraciət edərək bildirdim ki, kim əvvəllər bu muzeydə olubsa, əlini qaldırsın. Dinləyicilərdən yalnız bir nəfər əlini qaldırdı. Aydın oldu ki, həmin dinləyici Bakı şəhərində orta məktəbdə oxumuşdurbir dəfə məktəblilərlə birlikdə bu muzeydə ekskursiyada olmuşdur. Çox acınacaqlı fakt idi. İyirmi-iyirmi beş nəfərdən yalnız birini çıxmaq şərtilə, digər dinləyicilər beş il Bakı şəhərində oxuyub, ali təhsil almalarına baxmayaraq, respublikamızın ictimai-mədəni həyatında xüsusi yeri olan bu muzeydə bir dəfə də olmamışlar. Əlbəttə, bu heç də ürəkaçan fakt deyildibunun acı nəticəsini mən elə ekskursiya gedişində hiss etdim.

   Muzeyin zallarının birində II Yekaterinanın təxminən, iyirmi-iyirmi beş santimetrlik heykəlciyi nümayiş etdirilirdi. Mən hələ tələbəçilik illərimdən tanıdığım bir dinləyiciyə müraciət edib heykəlcikdə kimin təsvir olunduğunu soruşdum (həmin tələbə ilə vaxtilə yataqxanada bir yerdə yaşamışdıq, o məndən bir neçə kurs yuxarıda oxuyurdu). O, heykəlciyə diqqətlə baxdıqdan sonra dedi:

   - Bu, Lomonosovdur.

   Cavab məni çox təəccübləndirdi və dedim:

   - Lomonosova oxşayır, ancaq o, II Yekaterinadır.

   Məni təəccübləndirən o idi ki, insan taleyini həll edən prokurorluq işçisi II Yekaterina ilə Lomonosovu ayıra bilmir.

   Bu fakt muzeylərin insanın dünyagörüşünün formalaşmasında mühüm rol oynaması barədə qənaətimi daha da gücləndirdi.

   isə, hörmətli oxucu elə zənn etməsin ki, mövzudan kənara çıxdım. Əslində, bu fakt muzeylərimizin insanlar arasında daha geniş təbliğ olunmasının zəruriliyini göstərir.

   Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru vəzifəsində işləyirdim. Əvvəllər hakim vəzifəsində işləmiş, hazırda Akademiyanın baş müəllimi işləyən Elmira İsmayılovanın Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsinə seçilməsi ilə bu sahədə əhəmiyyətli dərəcədə dönüş yarandı. Akademiyanın kollektivinin Bakıda yerləşən muzeyləri ziyarət etməsi artıq müntəzəm xarakter almışdı.

   Bu ilin yaz ayları idi. Qərara aldıq ki, Abdulla Şaiqin mənzil muzeyinə ekskursiya təşkil edək. Əvvəldə qeyd etdiyim kimi, hələ on il bundan əvvəl, prokurorluq orqanlarında işləyərkən Tədris Mərkəzində ixtisasartırma kursuna cəlb edilmiş bir qrup dinləyici mərkəzin əməkdaşları ilə həmin muzeydə olmuşdum.

   Ekskursiyadan bir gün əvvəl muzeyə gedərək oraya gələcəyimizi muzeyin işçilərinə bildirdim. O zaman muzeyin direktoru Abdulla Şaiqin oğlu, görkəmli ədəbiyyatşünas, qocaman alim, akademik Kamal Talıbzadə idi. Muzey əməkdaşlarından xahiş etdim ki, sabah nahardan sonra prokurorluğun əməkdaşlarının muzeyi ziyarət edəcəklərini muzeyin direktoruna çatdırsınlar. Xahiş etdim ki, mümkün olsa, Kamal müəllim muzeylə tanışlıqda bələdçiliyi öz üzərinə götürsün.

   Səhəri günü bir qrup prokurorluq işçisi ilə muzeyə gələrkən aydın oldu ki, qocaman akademik təyin olunan vaxtdan da yarım saat əvvəl gəlib bizi gözləyirmiş. Muzey barədə hörmətli akademikimiz Kamal Talıbzadə çox maraqlı məlumatlar verdi. Söhbət əsnasında dedi: «Mənim bütün həyatım bu muzeyin binası ilə bağlı olub. Mən bu mənzildə dünyaya gəlmişəm, burada böyümüşəm. Abdulla Şaiq ocağının yaradıcılıq mühitinə, buraya tez-tez qonaq gələn böyük şəxsiyyətlərə bağlanmışam...Bu otaqlar çox şirin xatirələrlə bağlıdır - atamın da, Səməd Vurğunun da, mənim toyum burda olub...».

   Muzeylə tanışlıq zamanı onu da öyrəndik ki, xalqımızın böyük şairi Səməd Vurğun Abdulla Şaiqlə bacanaq olub. O vaxtadək iki böyük ədibin qohum olması barədə eşitməmişdim.

   Otaqların birində Abdulla Şaiqin anasının - akademik Kamal Talıbzadənin nənəsinin iri portreti vardı. Akademik Kamal Talıbzadənin «bu da mənim nənəmdir» deməsi mənim xüsusilə yadımda qaldı. Yetmişdən çox yaşı olan akademik bu sözləri xüsusi bir səmimiyyət intonasiya ilə dedi. O zaman bizə elə gəldi ki, qocaman alim bu sözləri deyərkən bir anlığa uşaqlıq dövrünə qayıdaraq o uzaq keçmişi yada salmışdı.

   Bu vəziyyət akademikin özünü bizi bir qədər kövrəltdi. Muzeylə tanışlıqdan sonra mən xatirə kitabına öz təəssüratlarımı da yazdım hörmətli akademikimiz Kamal Talıbzadə ilə birgə xatirə şəkli çəkdirdik.

   Həmin vaxtdan artıq on il keçmişdi mən Ədliyyə Akademiyasında işləyirdim. Akademiyanın Həmkarlar İttifaqı komitəsinin sədri Elmira xanımın təşkilatçılığıyla kollektivin bir qrup üzvi ilə yenə Abdulla Şaiqin mənzil muzeyinə baş çəkdik.

   Abdulla Şaiqin mənzil muzeyi ilə hər dəfə tanışlıq ziyarətçilərə böyük mənəvi zövq verir. Biz bu dəfə muzeylə tanış olarkən böyük ədib yazıçı Abdulla Şaiqin Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri haqqında təsəvvürlərimiz bir az da zənginləşdi. Əvvəlki səfərimizlə müqayisədə yalnız bir fərqi hiss etdik, o da Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadənin yoxluğu idi. O artıq dünyasını dəyişmişdi...

   Bu ekskursiyadan Ədliyyə Akademiyasının kollektivi çox razı qaldı biz muzeydən xoş təəssüratla ayrıldıq. Muzeydən ayrılarkən xatirə kitabına qeydlərimizi etməyi də unutmadıq.

   Həmin vaxt muzeyin əməkdaşlarından biri muzeyin təşkilinin iyirmi illiyinə həsr olunmuş və nəfis çap olunmuşAbdulla Şaiqin mənzil muzeyi” (1991-2011) kitabını da mənə bağışladı. Kitabın 46-cı səhifəsində mənim Azərbaycan Respublikası Baş Prokurorluğunun Tədris Mərkəzində işlədiyim vaxt bir qrup əməkdaşla 2001-ci il 25 aprel tarixdə muzeydə olarkən muzeyin xatirə kitabına yazdığım qeydlər və mərhum akademik Kamal Talıbzadə ilə çəkdirdiyimiz xatirə şəkli də öz əksini tapmışdı.

  

   İlham Abbasov,

   Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru,

   hüquq elmləri üzrə fəlsəfə doktoru, Baş ədliyyə müşaviri,

   prokurorluğun fəxri işçisi

 

  Mədəniyyət.- 2011.-30 noyabr.- S. 10