Tarixi irsimizə böyük töhfə

 

   Qədim keçmişimizin yadigarı olan “Atəşgah” məbədi dünyaya daha geniş şəkildə təqdim ediləcək

  

   Bu günlərdə ölkəmizin mədəni həyatında əlamətdar hadisə baş verdi. Qədim Odlar yurdunun rəmzi, tariximizin yadigarı, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan “Atəşgah” məbədi “Atəşgah” Sığorta Qrupu tərəfindən 3 milyon dollar məbləğində sığortalandı.

  

   Noyabrın 23-də keçirilən mərasimdə “Atəşgah” məbədinin sığortalanması ilə bağlı sənəd (sığorta polisi) şirkətin idarə heyətinin sədri Tələt Səfərov tərəfindən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə təqdim olundu.

   Qeyd edək ki, ilk dəfə olaraq ölkəmizdə tarix-mədəniyyət abidəsi sığorta olunur. Bu, respublikamızın mədəni həyatında diqqətəlayiq fakt olmaqla yanaşı, eyni zamanda biznes dairələrinin, işgüzar aləmin mədəniyyətimizə həssas münasibətinin göstəricisi kimi təqdirəlayiq hadisədir. Bu hadisə həm də onu təsdiq edir ki, ölkə rəhbərliyinin mədəni irsimizin qorunmasına, təbliğinə göstərdiyi diqqət və qayğı adamlarını, biznes təmsilçilərini də mədəniyyətimizlə bağlı belə xeyirxah addımlara sövq edir.

   “Atəşgah” məbədinin sığortalanması ilə bağlı tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu məqamın üzərində dayanaraq son illərdə beynəlxalq aləmdə mədəniyyətimizin daha geniş şəkildə tanıdılması üçün məqsədyönlü işlər görüldüyünü, bu məsələnin ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu sahədə böyük layihələr həyata keçirildiyini vurğuladı.

   «Atəşgah» Sığorta Qrupunun idarə heyətinin sədr müavini Əkbər Mədətli isə öz növbəsində təmsil etdiyi şirkətin Azərbaycan sığorta bazarında ön sıralarda olmaqla yanaşı, həm də cəmiyyətdə öz yenilikləri ilə tanındığını diqqətə çatdırdı: «Bu yenilikçi ənənəsinə sadiq qalan «Atəşgah» Sığorta Qrupu ölkə tarixində ilk dəfə mədəni tarixi abidəni sığortalayır. Bu il şirkətimizin 15 yaşı tamam olur. Bu müddət ərzində «Atəşgah» hər zaman cəmiyyətimizə, onun gələcəyinə fayda verməyə çalışıb. «Atəşgah» məbədinin sığortalanması da bu istiqamətdə növbəti addımdır”.

   Şirkət nümayəndəsi onu da qeyd etdi ki, «Atəşgah» məbədinin sığorta müqaviləsi üzrə risklər Avropanın sığorta bazarında təkrar sığortalanıb. Onun sözlərinə görə, «Atəşgah» şirkəti mədəniyyətimizə, mədəni irsimizə ehtiramını bundan sonra da nümayiş etdirəcək.

  

   Tarixi və mədəni

   dəyərlərə bağlılıq

  

   Qeyd edək ki, “Atəşgah” sığorta şirkəti 1996-cı ildə təsis olunub. 2009-cu ildən isə “Atəşgah” Sığorta Qrupuna çevrilib. 15 illik fəaliyyəti dövründə sığorta bazarında ön sıralarda yer alan şirkət hazırda müştərilərinə 20-dən artıq sığorta növü üzrə xidmətlər təqdim edir. Şirkətin 2010-cu il ərzində topladığı sığorta haqlarının ümumi həcmi 15 milyon manatdan çox olub və beləliklə, “Atəşgah” Azərbaycanda sığorta bazarının liderləri üçlüyünə daxil olub. 2010-cu il ərzində bağlanmış sığorta müqavilələrinin sayı təxminən 72 min təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 60 faiz çoxdur.

   “Atəşgah” SQ-nin missiyası ən yeni peşəkar biliklərə yiyələnməklə əhalini və biznesi etibarlı maliyyə müdafiəsi ilə təmin etməkdən ibarətdir. Şirkətin strateji vizionu isə yenilikçi fəaliyyət sayəsində maliyyə sektorunda lider olaraq qalmaq, Azərbaycanın mədəni irsinin qorunub saxlanılması, ölkəmizin firavanekoloji təmiz gələcəyi naminə çalışmaqdır. Brendin öz adı şirkətin Azərbaycan xalqının tarixi və mədəni dəyərlərinə bağlılığından, onun qədim adət-ənənələrinə hörmətindən xəbər verir.

  

   Dünyaya daha geniş

   təqdimatla

  

   Azərbaycanın maddi mədəniyyət abidələri sırasında xüsusi yeri olan, Bakının Suraxanı rayonunda, Köhnə Suraxanı qəsəbəsində yerləşən “Atəşgah” məbədi XVII-XVIII əsrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində inşa olunub.

   Tarixi mənbələrdə Atəşgahın ilk tikililərinin II, III əsrə aid olduğu bildirilir. O dövrdə Azərbaycanda Zərdüştlük dini yayılmışdı. Bununla əlaqədar regionlarda məbədlər tikilirdi. Suraxanıdakı Atəşgah məbədi VII əsrə kimi fəaliyyət göstərib. Azərbaycanda İslam dininin yayılmasından sonra zərdüşt məbədləri sıradan çıxmağa başladı.

   "Atəşgah” məbədi isə XVI-XVII əsrlərdə ikinci həyatına qədəm qoydu. Həmin dövrdə tarixi İpək Yolu ilə Azərbaycana gələn tacirlər öz vətənlərinə döndükdə məbəd barədə də danışdılar. Nəticədə buraya zəvvarlar, atəşpərəstlər gəlməyə başladılar. Müxtəlif ölkələrdən, o cümlədən Hindistandan gələn atəşpərəstlər burada alova sitayiş edirdilər. Ziyarətə gələn atəşpərəstlər hücrələrdə qalırdılar. Bir hücrədə 3-4 nəfər yerləşdirilirdi. Başqa ölkələrdən gələn tacirlər də müqəddəs yer kimi mütləq “Atəşgah”a baş çəkirdilər.

   Məbəd 26 hücrədən və mərkəzi ibadətxanadan ibarətdir. Mərkəzi ibadətxana burada ən müqəddəs yer sayılırdı. Ora ancaq baş kahinlər keçə bilər və sitayiş edərdilər. Məbəddə 20 qiymətli daş kitabə var. Onlardan 19-u hind, biri fars dilində yazılıb. Hər kitabədə otaqların neçənci ildə və hansı tacir tərəfindən tikilməsi, həmçinin hind tanrılarının adları qeyd olunub. Son bir ildə iki yeni hücrə açılıb. Həmin hücrələrdə eradan əvvələ aid əşyalardan bəzi nümunələr toplanıb.

   Ölkə başçısının 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə dövlət tarix-memarlıq qoruğu yaradılıb. 1 iyul 2009-cu il tarixdə isə prezident tərəfindən “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə sərəncam imzalanıb. Sərəncamın icrasına uyğun olaraq artıq bir sıra işlərə start verilib. Bir sözlə, abidələrimizə göstərilən dövlət qayğısı onların dünyaya daha geniş təqdimatına şərait yaradır. Bu işlərin nəticəsidir ki, “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğu UNESSO tərəfindən “Dünya irsinin ilkin siyahısı”na daxil edilib.

  

   Mehparə

 

   Mədəniyyət.- 2011.- 30 noyabr.- S. 9.