Ədəbiyyatımızın böyük dayağı və ya “Gələcək günün yazıçısı

 

  Mirzə İbrahimov - 100

  

   Noyabrın 24-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycanın Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, görkəmli ictimai xadim Mirzə İbrahimovun anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirildi. Ölkə prezidentinin “Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında” 19 iyul 2011-ci il tarixli sərəncamına əsasən təşkil olunan gecəni mədəniyyət və turizm naziri Əbülfəs Qarayev açaraq ədibin zəngin irsindən, mədəniyyət və ədəbiyyat tariximizdəki xidmətlərindən danışdı:

  

   - Mirzə İbrahimov klassik Azərbaycan ədəbiyyatının ənənələrinə, yaradıcılıq amalına arxalanaraq XX yüzilliyin o qədər də sadə olmayan 60 illik bir dövründə qələm çalan, romanlar, povestlər, hekayələr, dram əsərləri yaradan, fundamental elmi araşdırmalar aparan, dünya ədəbi örnəklərinin milli dilə tərcüməsi sahəsində fəaliyyət göstərən, bütün bunlarla yanaşı, dövlət xadimi olaraq Azərbaycanın milli-mədəni inkişafına töhfələr verən dəyərli bir şəxsiyyətdir. Mirzə İbrahimovun həyat və fəaliyyəti nəinki milli ədəbiyyatımızın, eləcə də milli dövlətçiliyimizin və tariximizin şərəfli səhifələrini təşkil edir.

   Yaradıcı insanın ömrü, düşüncəsi, mənəvi dünyası kitablara sığmaz. Bəzən sözlərlə işləyən insanın dəyərini ən mükəmməl sözlər də tam ifadə edə bilmir. Bununla belə, Mirzə İbrahimovun şəxsiyyətini üç kəlmə sözlə ifadə etmək istəsək - istedad, intellekt və zəhmət sözlərini seçmək lazım gələrdi. Məhz bu üç kəlmə sözün möcüzəsi ilə o, 60 ildən çox yorulmadan qələm çalmışdır.

   Nazir Mirzə İbrahimovun yaradıcılığının bədii-estetik cəhətlərindən, elmi irsindən də söz açdı:

   - Görkəmli ədibin “Gələcək gün”, “Böyük dayaq”, “Pərvanə” romanları, “Böyük demokrat”, “Böyük şairimiz Sabirkimi elmi məqalələri, “Pərvizin həyatı”, “Mədinənin ürəyi” və sair adıçəkilən və çəkilməyən əsərlərinin böyük əksəriyyəti bu gün də bədii-estetik, eləcə də məfkurəvi mahiyyətini qoruyub saxlamaqdadır.

   Mirzə İbrahimovun elmi və ədəbi irsinin başlıca dəyəri yaradıcılıq predmetinə fundamental yanaşma ilə bağlıdır. Artıq təfərrüata yol verməmək, estetik vasitələri ideyanın dolğun ifadəsinə yönəltmək, ən önəmli ədəbi-bədii ənənələrə, milli və dünyəvi ədəbiyyat təcrübəsinə əsaslanmaq yazıçının bütün əsərlərinin ümumi təsir gücünü yaradır. Mirzə İbrahimov istedadlı romançı idi. Onun yaratdığı insan xarakterləri XX yüzillikdə, elə indi də zəngin mənəviyyatlı insanları formalaşdıran, onların ictimai simasını müəyyənləşdirən, arzu və düşüncələrini istiqamətləndirən canlı, unudulmaz obrazlardır. Onun əsərlərində hər bir obraz danışığına, davranışına və düşüncəsinə görə canlıdır və oxucu yaddaşında dərin izlər buraxır.

   Mirzə İbrahimovun elmi araşdırmaları Azərbaycan ədəbiyyat tarixinin və ədəbi prosesin qiymətli səhifələrini təşkil edir. O, milli ədəbiyyatımızın dərin köklərə malik olduğunu, dünya mədəniyyətinin özülündə dayandığını bilirböyük bir qürur, rəğbət hissi ilə elmi araşdırmalar aparırdı. Mirzə İbrahimovun sahib olduğu ədəbi zövq XX əsr Azərbaycan ədəbi mühitinin timsalı idi. Təsadüfi deyil ki, o N.Çernışevskinin “Nə etməli?”, V.ŞekspirinKral Lir”, “On ikinci gecə və yaxud hər nə istəsəniz”, A.OstrovskininQuduz pullar”, A.ÇexovunÜç bacı”, J.B.MolyerinDon Juankimi dünya şöhrətli, tamaşaçı zövqünün üfüqlərini genişləndirən dahiyanə əsərlərini Azərbaycan dilinə çevirmişdi. O həm də Azərbaycan dilini candan sevir, onun dövlət dili olması üçün cəsarətli addımlar atmaqdan çəkinmirdi.

   Nazir Əbülfəs Qarayev çıxışını bu sözlərlə bitirdi:

   - Mirzə İbrahimovun həm yaradıcılığı, həm də yetkin şəxsiyyəti Azərbaycan xalqının mənəvi-mədəni sərvətidir. İnanıram ki, ustad sənətkarın adı 100 yaşda olduğu kimi, bundan sonra da uzun zaman xalqımızın qəlbində və yaddaşında yaşayacaqdır.

   Yubiley gecəsində çıxış edən filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Mirzə İbrahimovun milli ədəbiyyatımızdakı xidmətlərindən danışdı. “Hər bir şəxsiyyətin tarixi dəyəri öz xalqı üçün gördüyü işlərin miqyası, həcmi ilə ölçülür” - deyən natiq XX əsr Azərbaycan ədəbiyyatının belə böyük şəxsiyyətlərindən birinin Mirzə İbrahimov olduğunu bildirdi. XX əsr Azərbaycan ədəbiyyatını intibah dövrü kimi dəyərləndirən alim dedi: “Bu intibahın başında Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun, Rəsul Rza, Mirzə İbrahimov durur. Onların ədəbiyyat tarixində öz yeri, öz mövqeyi var”.

   Nizaməddin Şəmsizadə bir çox ziyalılarımızın sovet dövrünə laqeyd münasibət bəsləməsinə də münasibətini bildirdi: ”O dövrbizim tariximizdir, taleyimizdir, biz tariximizi, taleyimizi kəsib ata bilmərik. Hesab edirəm ki, sovet dövründə də milli Azərbaycan ədəbiyyatı vardı ki, onlar bu ədəbiyyatın yazıçıları idilər və onların ön sırasında Mirzə İbrahimov gedirdi”.

   Alim Mirzə İbrahimovun yaradıcılığının məziyyətlərindən danışaraq ilk hekayələrindən oxucunun qəlbinə yol tapan, həyati pyesləri, maraqlı romanları ilə Azərbaycan ədəbiyyatında bəlli yeri olan böyük yazıçını xalqını, vətənini ürəkdən sevən əsl vətəndaş kimi dəyərləndirdi.

   Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Mirzə İbrahimovun həyat və yaradıcılığından danışaraq uşaq yaşlarından Güney Azərbaycanından Quzey Azərbaycanına gələn, həyatın çətin yollarını təkbaşına keçərək ayaq üstündə dayanmağı bacaran böyük insanın zəngin ədəbi irsindən söz açdı. Mirzə İbrahimovun Azərbaycan dilinin təəssübünü, xalqının qeyrətini çəkən bir ziyalı olduğunu bildirdi.

   Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Mirzə İbrahimovu XX əsr Azərbaycan ədəbiyyatının rəmzlərindən, heykəllərindən biri kimi qiymətləndirdi. Milli şüurumuzun oyanmasında, vətən sevgisi, xalq sevgisi, bütöv Azərbaycan ideyalarının Mirzə İbrahimov yaradıcılığında öz əksini tapdığını bildirdi. “Mən Azərbaycanın bugünkü müstəqilliyində Mirzə İbrahimovun yerini görürəm. Azərbaycanın gələcəyində də onun yerini görürəm. Gələcək gün Azərbaycan ədəbiyyatının klassik nümunəsidir və bu bir zirvədir”.

   Yubiley gecəsində akademik Teymur Bünyadov, millət vəkili Elmira Axundova çıxış edərək böyük insan, böyük ziyalı, böyük yazıçı Mirzə İbrahimovun həyat və yaradıcılığından danışdılar. Mərasimdə yazıçının pyeslərindən parçalar təqdim olundu. Xalq artistləri Ramiz Quliyevin, Aygün Bayramovanın, Mənsum İbrahimovun ifaları tədbirə xüsusi rəng qatdı. Gecədə yazıçının həyat və yaradıcılığı ilə bağlı filmlərdən fraqmentlər də nümayiş olundu.

   Tədbirin sonunda Mirzə İbrahimovun ailəsi adından qızı, Xalq artisti, professor Sevda İbrahimova çıxış edərək Mirzə İbrahimovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə sərəncam verdiyinə görə ilk növbədə ölkə başçısı İlham Əliyev cənablarına, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə, gecənin keçirilməsində əməyi olan hər bir kəsə, gecədə iştirak edən bütün dəyərli insanlara öz təşəkkürünü bildirdi.

  

   Təranə Vahid

 

  Mədəniyyət.- 2011.- 30 noyabr.- S. 7.