“Bakı Şəhər Turu” layihəsinin bir yaşı tamam oldu
Bir ildə layihə vasitəsilə 2500-dək əcnəbi
turistə xidmət göstərilib
Noyabrın 25-də Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi, Bakı Turizm İnformasiya Mərkəzi
və “Millennium Tourism & Congress”in
birgə həyata keçirdiyi “Baku City Tour” (“Bakı
Şəhər Turu”)
layihəsinin bir ili qeyd
edildi.
Bu münasibətlə
kütləvi informasiya
vasitələrinin, şəhərimizdə
qonaq olan xarici turistlərin iştirakı ilə Azadlıq meydanı-R.Behbudov-A.Bakıxanov-İnşaatçılar
küçələri-Şəhidlər
xiyabanı-Funikulyor-Azneft meydanı-İçərişəhər-Qız
qalası-Opera və Balet Teatrı marşrutu üzrə şəhər gəzintisi
təşkil olundu.
Tur iştirakçılarını bu günlərdə Turizm İnstitutunun Təlim Mərkəzinin kurslarını başa vurmuş bələdçilər
müşayiət edirdi.
Qeyd edək ki, ölkəmizin
turizm potensialının,
paytaxt Bakının mədəni irsinin daha geniş təbliğ olunması, eyni zamanda gənc
tur-bələdçilərin peşəkarlıq səviyyəsinin
artırılması məqsədilə
ötən ilin noyabrından reallaşdırılan
“Bakı Şəhər
Turu” layihəsi dünya təcrübəsinə
əsaslanır. Bu təcrübə bir sıra xarici şəhərlərdə (Paris, Dubay və s.) uğurla tətbiq edilir.
“Millennium Tourism & Congress”in rəhbəri Ruslan Quliyevin sözlərinə görə,
ölkəmizin paytaxtında
keçirilən beynəlxalq
səviyyəli tədbirlər
zamanı şəhərimizə
təşrif buyuran xarici qonaqlar, turist kimi gəzməyə
gələn insanlar, Bakıda fəaliyyət göstərən mehmanxanaların
əməkdaşları bu
turun xidmətindən
istifadə edir: “İndiyədək 200-ə yaxın
tur həyata keçirilib. Layihənin bir əhəmiyyətli
cəhəti də odur ki, bu
turlara Turizm İnstitutunun, yeni açılan hotellərin
əməkdaşları da
vaxtaşırı olaraq
cəlb edilir. Bakıda
2012-ci ildə keçiriləcək
«Eurovision» yarışmasına qədər işimizi daha da təkmilləşdirmək
niyyətindəyik».
Bakı Turizm İnformasiya Mərkəzinin direktor müavini Bəxtiyar Qılıncov bildirdi ki, “Bakı Şəhər Turu”nda ekskursiya rus, ingilis, alman və s. dillərdə aparılır: «Layihə turizm şirkətləri,
mehmanxanalar və ölkəmizə gələn
əcnəbi turistlər
arasında böyük
maraq doğurub. Bir il ərzində 2500-dək əcnəbi
turistə xidmət göstərilib. Turlar zamanı Bakının
mədəni irsi və turizm potensialı təbliğ edilir. Məqsədimiz günü-gündən gözəlləşən şəhərimizi
qonaqlara layiqincə tanıtmaqdır. Tur boyunca
müxtəlif tarixi əhəmiyyətli yerlərdə
avtobus saxlanılır
və bələdçilər
tərəfindən qonaqlara
ətraflı məlumatlar
verilir».
B.Qılıncovun
sözlərinə görə,
əvvəlki turlara nisbətən, aparılan
təbliğat nəticəsində
layihəyə maraq da artıb: «Artıq xarici turistlər və yerli əhali bu turlardan istifadə
etmək üçün
Bakı Turizm İnformasiya Mərkəzinə
və «Millennium» turizm
şirkətinə tez-tez
müraciət edirlər.
Layihə mehmanxanalar arasında
da geniş rəğbət qazanıb.
Elə turizm şirkətləri və mehmanxanalar var ki, öz
qonaqlarına mütəmadi
olaraq bu turdan istifadə etmək imkanı yaradır. Ona görə də
layihəni daha da genişləndirəcəyik”.
Siti-turun aparıcısı, təcrübəli
bələdçi Süleyman
Süleymanov da layihə ilə bağlı fikirlərini qəzetimizlə bölüşdü:
«Bu layihə Azərbaycanda
ilk dəfə həyata
keçirilir. Tur vasitəsilə şəhərimizə
gələn qonaqları
və arzu edənləri Bakının
müxtəlif yerləri
ilə tanış
edirik. Hesab edirəm ki, bu layihənin çox böyük əhəmiyyəti var. Çünki
bu turlar zamanı xarici turistlərə nəinki Bakı şəhəri, eyni zamanda Azərbaycanın
tarixi, mədəniyyəti,
turizm mərkəzləri
haqqında da ətraflı məlumatlar
veririk».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 30 noyabr.- S. 5.