Maddi-mənəvi
sərvətlərimizin saxlanc yeri
Daşyonma nümunələrinin qorunması və bərpasında
Milli Azərbaycan Tarixi Muzeyinin rolu
Qədim
və zəngin mədəniyyətə malik Azərbaycan
dünya mədəniyyəti xəzinəsinə gözəl
nümunələr bəxş edib. Xalqımızın ulu keçmişini
özündə yaşadan məkanlardan biri də Milli Azərbaycan
Tarixi Muzeyidir. Buradakı eksponatlardan bir qisminin - daşyonma
nümunələrinin qorunması və bərpasıyla
bağlı muzeyin ekspozisiya işləri üzrə direktor
müavini Həbibə Əliyeva ilə söhbət etdik. O əvvəlcə
muzeydə saxlanılan daş abidə nümunələri
haqqında qısa məlumat verdi:
- Azərbaycanda ta qədimdən
daş üzərində müxtəlif rəsmlərin
çəkilmə ənənəsi Qobustan, Şüvəlan,
Kəlbəcər, Gəmiqaya və digər yerlərdən
tapılmış qayaüstü təsvirlərdən
(petroqliflərdən) məlumdur. İlk orta əsrlərdə
daş üzərində oyma, bəzəkvurma və ya fiqur həkk
etməklə yanaşı, insanlar daşdan müxtəlif məzmunlu
heykəllər də düzəldiblər. Muzeyin
ekspozisiyasında ən nadir abidələr hesab edilən
Şamaxının Xınıslı və Acıdərə-Çıraqlı
ərazisindən tapılmış müxtəlif daşlardan
yonulmuş, fərqli həcmli qəbirüstü heykəllər
(e.ə. I minillik), Qarabağ, Gədəbəy, Lənkəran
ərazilərindən 3 minillik tarixi olan nəhəng daş
qutu qəbir, Mingəçevir ərazisində arxeoloji
qazıntılar zamanı tapılmış IV-VI əsrə
aid alban daş kitabəsi nümayiş etdirilir.
VIII-IX əsrlərdən
başlayaraq Azərbaycanın İslamla bağlı, dini
xarakter daşıyan adət və ənənələr
memarlıqda, təsviri və tətbiqi sənətlərdə
özünü büruzə verib. Memarlıqda məscidlər,
minarələr, saraylar, türbələr, dekorativ tətbiqi
sənətdə isə qəbirüstü abidələr
üzərində daşoyma sənəti yüksək
inkişaf edib.
Belə memarlıq abidələrindən
oyma üsulu ilə XI əsrə aid kufi xətlə
yazılmış Şəmkir qalasının ağ
daşdan kitabəsi, səthində insan, heyvan fiquru və
kalliqrafik yazısı olan “Səbail daşları” ilə məşhur
daş lövhələri və s. göstərmək olar.
Sonrakı dövrlərdə Azərbaycan
ərazisində daş üzərində oyulmuş ən
orijinal nəbati və həndəsi ornamentli bəzək
nümunələrinə daha çox qəbirüstü
daşlarda rast gəlirik. Ümumiyyətlə, Azərbaycan ərazisində
bir neçə qrup məzar daşları: horizontal sənduqələr,
at, qoç fiqurlu heykəllər, yuxarı hissəsi düz,
dairəvi, çatma , günbəz formalı vertikal baş
daşları və s. mövcuddur...
- Muzeyin ekspozisiyasında öz
möhtəşəmliyi ilə seçilən, lakin
deformasiyaya uğrayan və bərpası zəruri olan
eksponatlar varmı?
- Burada daha çox maraq doğuran
eksponatlar sırasında Oğuz türklərinə aid təsvirlər,
üzərinə Qurani-Kərim ayəsinin həkk olunduğu
(Samux rayonundan gətirilən) sənduqə, XIV əsrə
aid üzəri ov və döyüş səhnələrinin
təsvirləri ilə kalliqrafik yazılı qoç fiqurlu qəbirüstü
daş, Şirvan-Abşeron memarlıq məktəbinə aid
üzəri nəbati naxışlı sənduqələr və
Azərbaycan xanlarına aid mərmərdən yonulmuş qəbir
başdaşları öz möhtəşəmliyi ilə
seçilir. Onlardan Quba xanı Fətəli xanın qəbirüstü
abidəsi paralel olaraq iki hissəyə horizontal vəziyyətdə
sınıb. Fətəli xan vaxtilə Bibiheybət məscidində
dəfn olunan VII İmam Museyi Kazımın qızı Həzrəti
Həkimə xanımın türbəsini tez-tez ziyarət
edirmiş. Bu ziyarətlərin birində o, qəflətən
dünyasını dəyişir. Ölməmişdən
qabaq vəsiyyət edir ki, onu məscidin
yaxınlığında dəfn etsinlər.
1936-cı ildə Bibiheybət məscidini
bolşeviklər partladırlar. Məscid və minarə yerlə-yeksan olur. Eyni zamanda
yaxınlıqda olan xeyli qəbirlə bərabər Fətəli
xanın qəbri də dağılır.
Qəbrin başdaşı iki hissəyə bölünür. İndi bu
başdaşının bərpasına
ehtiyac var. Abidələrin
bəziləri ya arxeoloji tapıntı nəticəsində, ya da muzeyə gətirilən zaman deformasiyaya uğrayıb.
2005-2007-ci illərdə muzeydə
aparılan əsaslı
təmir və bərpa işləri nəticəsində, muzey
əməkdaşları və
İtaliyadan dəvət
olunan mütəxəssislərin
səyi ilə aşağı hissədən
sınmış Xınıslı
daş fiquru, Acıdərədən gətirilən
daş fiqurun deformasiyaya uğramış
baş hissəsi, bir neçə hissəyə parçalanmış
Alban, Səmkir kitabələri
və s. daş eksponatlar bərpa edilib. İndi həmin eksponatlar
ekspozisiyada nümayiş
etdirilir. Hələ də
bərpasına ehtiyac
duyulan eksponatlar var. Bunun üçün isə professional mütəxəssislərə
ehtiyac duyulur.
- Respublikamızın
hüdudlarından kənarda
- tarixi Azərbaycan torpaqlarında qalmış
maddi-mədəniyyət və
memorial abidələrimizin inventarlaşması
ilə bağlı nə deyə bilərsiniz?
- Məlum tarixi proseslər nəticəsində Azərbaycan
xalqının yurd yerlərindən bir hissəsi bu gün başqa dövlətlərin (Ermənistan,
Gürcüstan, Rusiya
(Dağıstan) və
İran) ərazisində
qalıb. Təkcə Ermənistan ərazisində
yüzlərlə daş
abidəmiz olub və onlar məhv
edilib. Tanınmış tədqiqatçı alim Məşədixanım
Nemətin “Azərbaycanın
epiqrafik abidələri
toplusu” kitabında bu barədə geniş məlumatlar əksini tapıb.
Gürcüstan,
Dağıstan, İran
və Ermənistanda olan minlərlə maddi-mədəniyyət abidələrimiz
hələ də tərəfimizdən tarixi
bir mənbə kimi inventarlaşmayıb. Bu, qarşımızda dayanan mühüm tədqiqat işidir.
Bu sahədə yeni mütəxəssislərin,
epiqrafların yetişməsi
də mühüm məsələdir. Düzdür, epiqrafika elmi gərgin zəhmət tələb edən işdir. Ancaq məhz epiqrafik
abidələr tarix elmini tədqiq edib araşdıran elm adamlarımızın bələdçisidir.
Bu epiqrafik abidələrin
dəyərini bilmək
isə biz mütəxəssislərin
öhdəsinə düşür.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.-5 oktyabr.- S. 14.