Açılmayan
sabahların qorxusu
Əvvəlcə
bu qorxunu canında gəzdirən Xuraman xanım haqqında
oxuculara kiçik məlumat. O, Bərdə rayonunun Mollalı
kəndində müəllim ailəsində dünyaya gəlib.
Bakı Dövlət Universitetinin kitabxanaçılıq və
informasiya fakültəsini bitirib. M.F.Axundov adına Azərbaycan
Milli Kitabxanasında şöbə müdiri vəzifəsində
çalışır. Azərbaycan Jurnalistlər və
Yazıçılar birliklərinin üzvü olan Xuraman
İsmayılova «Həsrət», «Qəribəm bu dünyada»,
«Dünya mənsiz darıxacaq», «Tənha yollar yolçusu»,
«Duyğuların üsyanı», «Qarabağım, qəm
ocağım», «Könlüm Qarabağdadı», «Anasız qalan
dünyam», «Bərdə və bərdəlilər» və s.
kitabların müəllifidir. Hazırda «Quba və
qubalılar» kitabı üzərində
çalışır.
Yaxın dostlarımın
sırasında öz yeri olan Xuraman İsmayılovanın
poetik dünyasından ilk dəfədir ki, söz
açıram. Onun şeirlərinin qəribə bir təsir
gücü var. Sanki Qara Qarayevin «İldırımlı
yollarla» baletinin qeyri-adi musiqi sədalarının altına
düşərək quş kimi harasa qanadlanıram. Bu
uçuşun son nöqtəsində Xan Şuşinskinin
könül odlayan səsini eşidirəm. Əlimi
uzadıram. Nə Şuşaya çatıram, nə
Cıdır düzünə, nə də dağların belinə
dolanaraq ana yurduma uzanan yola çıxa bilirəm.
Ayılıb görürəm ki, yuxudur. Əlimdə də
Xuramanın hansısa kitabı. Məni yuxulatmır ha onun şeirləri.
Sadəcə xəyalımı uzaqlara aparır, məni
özümdən ayırır, ruhum bədəndən
qanadlanır. Mürgülü günlərim oyanaraq nitqimi kəsir.
İllərdir ki, o,
açılmayan sabahların qorxusunu yaşayır. Bu
ağır ovqatın vahiməsini minbir əzabla
varlığında gəzdirir. Əllərini göyə
açaraq İlahiyə yalvarır:
Dilimdə ağılar, laylalar
ölür,
Qəlbimin həvəsi, istəyi
sönür.
Nifrətim düyülüb
yumruğa dönür,
Şuşasız illəri yada
saldıqca.
Bax, budur onu illər boyu
için-için ağladan. Həsrəti ürəyindən
çəkərək karvan-karvan yollara düzən, amma əlləri
heç hara çatmayan Xuraman xanım. O qədər həssas,
duyğulu və qeyri-adi bir ürək sahibidir ki, inanmaq istəmir,
istəmir əlimizdən alınmış doğma yurd yerlərində
günəş doğa bilər, səhər açılar.
Ona elə gəlir ki, doğma sakinləri pərən-pərən
düşəndən sonra heç günəş də o
yerlərə şəfəq saçmır, aylı, ulduzlu
gecələr də olmur. Nə qədər ki bizim torpaqlarda bədnam
qonşularımızın şər əməlləri qan əkir,
eləcə zülmətə bürünüb o yerlər...
Çəkdiyi bayatıların ünvanı vətəndir.
Paralanmış, didilmiş doğma övladlarından imdad
gözləyən vətən!
Bu Şuşa yarası,
Laçın yarası,
Bu Ağdam, Füzuli, Xocalı
yası.
Hanı, bu yurdların igid balası,
Anam torpaq axı, sizə
üz tutur.
Xuramanın
özü mənə yazda tufana düşmüş bənövşəni
xatırladır. Gözlərində
ürəyi oxunur. Hərdən fikirləşirəm
ki, bu zərif varlıqdan bu dərəcə qəzəb
püskürür, həsrət dilə gəlir, fəryad dil
açır. Bunlara necə dözür,
o? Elə zəngin daxili dünyası, bəlkə də
çoxunda olmayan fərqli məziyyətləri var ki;… Sədaqətli dostdur, əsl vətəndaşdır,
cəfakeş anadır, sevimli nənədir, işinin peşəkarıdır,
sənətinin vurğunudur. Özünəməxsus
poetik dünyası var və nəhayət, bütün
varlığı ilə əsl Azərbaycan
xanımının əxlaq kodeksidir. «Mən» adlı bir
şeirində misraların gücünə özünün
portretini dolğun naxışlayıb:
Ürəyi dərd yüklü,
Çiyni fikir şələli,
Bəxt yaxası düyməli,
Ömrü ölüm qoxulu,
Başı qəm buludlu,
Boynu buruq, bükülü,
Çox
dözümlü dağam mən.
Kim deyir ki, sağam mən?
Nədir onu belə bədbin
ovqatda dilləndirən? Yağılar
tapdağında əzilən vətən torpağının
dərdi, neçə ildir Şuşadan dərə bilmədiyi
Xarı bülbülün nisgili. Bu səbəbdən də
qələmində ağrılı misralar dil açır:
Xəyalım hər axşam
Cıdır düzündə,
Atını
oynadır qəmdən xəbərsiz.
Uyuyur Şuşamın ana dizində,
Ağrıyla
açılan dandan xəbərsiz.
Budur, onu illər boyu
göynədən. Hərdən özünü də
qınayır: «Məndən qeyrətliymiş şair xəyalım,
baş çəkir vətənə məndən xəbərsiz».
Baş çəkir ki, Ağdamda «Segah»la
başlanan toyları görsün, Qubadlıda, Kəlbəcərdə
oxuyan turacları, tərlanları seyr etsin. Amma hər şey tərsinə olur. O yerlərdə
səhər doğulmur ki? Zülmətdən nə
seçə bilər ki? Gərəkdir ki,
qoşun gedə, oğullar döyüşə qalxa,
düşmənin layiqli yerini göstərələr,
ilanı yuvasındaca boğmaq gərəkdir. Heç bu ilanın yuvası da yoxdur axı?! Elə ona görə də «həsrətdən
çatlayan ana torpağın bağrında yaradır
yağının izi». Xuraman xanıma elə
gəlir ki, düşmən əsarətində saralan
doğma yurd yerləri də gecə-gündüz göz
yaşı tökərək övladlarını
haraylayır. Məni bu yağıların
əlində xilas edin - söyləyir. Bu səbəbdən
də çəkdiyi bayatılarda qəribə bir nisgil
yırğalanır:
Arzumu yürüdən yox,
Ölüyəm,
diridən çox.
Onun da mənim kimi
Göz yaşın
qurudan yox.
Könlünün qəm buludunu
misra-misra ağ kağızlara
yağdıraraq göyərtdiyi söz çəmənində
görün nə bitirir bizim şair dostumuz:
Uzun yol yerimişəm,
Ağlayıb
kirimişəm.
Baxma üzüm güləşdir,
İçimdən
çürümüşəm.
Allah eləməsin,
ay Xuraman xanım. Sizin kimi qələm
sahibləri bizə çox lazımdır. Ən azından ondan ötrü ki, sizin
yazdıqlarınızı oxuyaraq düşünək,
özümüzə gələk, varlığımızdan
qanadlanan ruhun arxasınca gedərək vətəndə qərar
tutaq. Ürəyin dərdlə doludur,
bilirəm. İllərdir vətən həsrətinin
itkisinə dözə bilmirsən, bilirəm. Bu yara qan verir, bilirəm. Çünki
mən də elə sən gündəyəm. Ona görə
də:
Sünbülün dən-dən
olsun,
İçdiyin zəmzəm
olsun.
Dərdi qanana söylə
Anlayıb həmdəm
olsun.
Heç ola bilməz
ki, şər bu qədər güclü çıxsın,
namərd mərdə qalib gəlsin, haqq min arşın quyunun
dibində gizli qalsın, haram halalı üstələsin. Dinindən, imanından, millətindən,
faydalı-faydasız əməlindən asılı olmayaraq hər
bir kəs Allah bəndəsidir. Onun
allahsızlığını da,
qansızlığını da, zalımlığını
da, ədalət və insanlığını da, zülmkar və
rəhmdilliyini də İlahi görür! Törədilən
bütün bəd əməllərin, həyata keçirilən
xeyirxahlıqların əsl qiymətini, dəyərini, hətta
cəzasını Allah heç zaman əskik etmir. Ona görə də ümid yollarından geri çəkilmə.
Bir də ki böyük Məmməd Araz deyərdi: «Kövrəklik
olmayan yerdə heyrət, heyrət olmayan yerdə kəşf
yoxdur».
Bax, elə bu istəklə
sənin yaradıcılığına üz tutanda mən
dostumdan çox incə rübablı, kövrək duyğulu
bir şairi - Xuraman İsmayılovanı kəşf etdim.
Bəlkə etiraz edib deyə bilərsən ki, bir dost olaq,
daha yaxşıdır. Bilirsənmi, əzizim, sən
dostluğun duz yükünü sulardan və suallardan salamat
çıxarmağı bacardın. Bir
arzunun çevrəsində döyünən altı ürəyik
(nədən bəs yeddi olmasın?). Hansımıza
bir xoş olmayan hadisə üz versə, bir sərkərdə
kimi haraylayıb bizi yürüşə apararsan. «Birimiz hamımız üçün, hamımız
birimiz üçün» şüarı dilinin əzbəridir.
Hərdən də zarafat edirik ki, «ay Xuraman, bu,
lap kommunizmin şüarına oxşayır».
Etirazını bildirərək «quruluşun nə dəxli var?» Mənəviyyatın zənginliyindən
xəbər verən hər şey gözəldir.
Xuramanın
yaradıcılığında baş qəhrəmanlardan biri
də ana obrazıdır. Bu müqəddəs
varlığı itirəndən sonra şairin «Anasız qalan
dünyam» adlı kitabı çapdan çıxdı.
Elə həmin toplunun cildindəki misralarda üzünü
bütün millətə tutaraq öz alqışını
dilə gətirdi:
Heç kim
yetim qalmasın,
Körpələr gül tək
solmasın,
Həyat anayla gözəldir,
Dünya anasız
olmasın.
Amin! Amma haqdan gələn qanunu kim poza bilib ki? Olumla
başlayıb ölümlə sona çatan bu vəfasız
dünyada yaxamızı çox əzizlərimizin itkiləri
tanıyıb. Əsası odur ki, biz
unutmayaq. Unutmayaq ki, bizdən sonra gələnlər
də nəcibliyimizdən, etibarımızdan nümunə
götürərək bizi də yad edib xatırlasınlar.
Analar sadəcə vəfat etmirlər. Onlar ömür adlı karvanı bu dünyadan
çəkərək məkanlarını dəyişdirirlər,
qəlbimizə köçürlər. Çox sevdiyim
digər şair xanım Sona Vəliyevanın anaya
ünvanladığı bir nisgilli şeirindəki fikirlər
elə xoşuma gəlib ki, ruhumdan çəkilmir:
Bitdi o nağılım, bitdi,
Mən ölüncə əmanətdi,
Əlini mənə verdi
getdi,
Balamı əzizləyim!
Doğrudan da, biz
heç zaman anamızın haqqını qaytara bilmirik. Yalnız öz övladlarımızın yolunda
çəkdiyimiz zəhmətdə bu borcu yerinə
yetirmiş oluruq. Xuramanın da ana ünvanlı şeirlərində
bir həzin dərd dilə gəlir:
Həsrəti yollara su tək
çiləyən,
Atamı sarsıdan, qəddini əyən,
Qəlbimizdə quzu tək
yanıb, mələyən,
Anamın yoxluğu,
həsrəti imiş.
İndi elm də sübut edir ki,
insan ildə bir dəfə doğulduğu yerdə mütləq
olmalıdır ki, ili sağlam başa vura
bilsin. Çünki hər kəsin kodu öz
doğulduğu doğma yerlərə bağlıdır.
Enerjini və gücü də ordan alır.
Xuramanın «Kəndimə» adlı şeirindəki hissləri
təbii və təsirlidir:
Bu yay gələmmədim isti
qoynuna,
Bəlkə ona görə soyuyur təbim,
Qol sala bilmədim doğma boynuna,
Bəlkə ona
görə oyulur qəlbim?
Xuraman haqqın dərgahında
əyilməyi, şükür etməyi bacaran dəyanətli
bir xanımdır. Onun bu mənəvi
gözəlliyi şeirlərində də öz əks-sədasını
tapır. Bu vəhdəti və ünsiyyəti
yarada bildiyi üçün poetik dünyasının bəhrəsi
olan şeirləri də oxucu ürəyində yurd sala bilir.
Bu yurdun da coğrafi məkanı çox
geniş olur. Nədən və necə
yazmağından asılı olmayaraq Xuramanın şeirlərində
səmimilik var. Qafiyə və vəzn xətrinə, yazmaq
naminə doğulmayıb bu şeirlər. Həqiqətən də Xuramanın müəllifi
olduğu kitabların hər birində əsl şair ürəyinin
döyüntüsü eşidilir. Xuraman
istedadlı qələm sahibidir. Şairlik
üçün yox, məhz şair olduğu
üçün yazanlardandır! Yurda
bağlılıq, vətən sevgisi, doğmalarının həsrəti,
gözəlliyin vəsfi, övladlarının qürur
doğuran həyatı, nəvəsinin sevinci,
dostlarının uğuru şeirlərində misra-misra
çiçəkləyir. Onun şeirlərini
elə beləcə oxumaq olmur. Göz
üçün yox, ürək üçün dünyaya gəlmiş
bu şeirlərin ahəngində elə bir cazibə var ki, sənin
yaxandan tutub haralaracan aparmaz?! Bax, bu
doğmalığına, yaxınlığına görə
də şeirlərdəki bədii güc bu poetik
düşüncələrə bir əbədilik gətirir.
İnsanı özündən sonra sözü
yaşadır. Allah uzun ömür versin mənim
şair dostuma. Qələmi həmişə
ovxarlı, qəlbi həmişə dolu olsun.
Flora
Xəlilzadə,
yazıçı-publisist
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 13.