“Azərbaycanla
mədəni əlaqələrin inkişafında belə sərgilərin
böyük önəmi var”
Onur Bilgi Kula: “Kitab sərhədləri aşan, nəsildən
nəslə keçən dəyərlərin, ən önəmli
bilgi, sənət təcrübəsinin mühüm mübadilə
vasitəsidir”
II
Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında qardaş
Türkiyə də geniş şəkildə təmsil olundu.
Sərgidə iştirak edən Türkiyə Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxanalar və Yayınlar baş idarəsinin
müdiri, professor Onur Bilgi Kula ilə tədbirin əhəmiyyəti
bərədə qısa söhbət etdik.
- Onur bəy, Bakıda artıq
ikinci dəfə keçirilən beynəlxalq kitab sərgisini
necə dəyərləndirirsiniz?
- Türkiyə Cümhuriyyəti Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxana və Yayınlar baş idarəsi
olaraq bu beynəlxalq sərgidə iştirakı olduqca
mühüm hesab edirik. Azərbaycanlı
qardaşlarımızla mədəniyyətin digər sahələrində
olduğu kimi, kitab nəşri, yayımı sahəsində təcrübəmizi
paylaşmaq hər zaman bizə xoşdur. Artıq ikinci dəfədir
ki, Bakıda keçirilən sərgidə iştirak edirik. Bu
sərgilər həm də ədəbiyyat, fəlsəfə,
estetika sahəsində maraqlı müzakirələr, təcrübə
mübadiləsi üçün gözəl mühitdir.
Kitab, ədəbiyyat xalqlar, ölkələr arasında
münasibətlərdə önəmli körpüdür. Azərbaycanda
kitaba böyük marağın olması bizi məmnun edir.
Kitab sərhədləri aşan, nəsildən nəslə keçən
dəyərlərin, ən önəmli bilgi, estetik, sənət
təcrübəsinin mühüm mübadilə vasitəsidir.
Onun dəyərini ölçmək çox çətindir.
Digər tərəfdən nəşriyyatların,
kitab yazarlarının, tərcüməçilərin
mütəmadi görüşləri mədəni əlaqələrə
töhfə verir. Biz də Türkiyə ilə Azərbaycan
arasında bu sahədə əlaqələrin genişlənməsini
istəyirik.
- Yeri gəlmişkən, ölkələrimiz
arasında kitabxana əməkdaşlığı sahəsində
vəziyyət necədir? Sizcə, hansı sahələrdə
nəşrlər daha çox mübadilə edilməlidir?
- Azərbaycan bizə qardaş ölkədir.
Burada görə biləcəyimiz çoxlu işlər var.
Azərbaycanda nəşr edilən kitabların Türkiyədə
yayımlanması, eləcə də Türkiyədə nəşr
olunan kitabların burada yayılması mühüm önəm
kəsb edir. Çünki bu bizim xalqlarımızın
düşüncə və estetik təcrübəsinin məhsullarıdır.
Biz iki xalq olaraq bunları paylaşmalı və
bölüşməliyik. Məncə, bütün sahələrdə
mübadilə olmalıdır. Çünki kitab
çapı sahəsində Azərbaycanın inkişafa nail
olduğu sahələr var. Biz indi onlardan qürur duyaraq
yararlanırıq. Eləcə də Türkiyənin
inkişaf əldə etdiyi sahələr mövcuddur.
- Türkiyə beynəlxalq sərgilərə,
tədbirlərə ev sahibliyi etməkdə daha böyük təcrübəyə
malikdir. Bu baxımdan Bakıda keçirilən sərgi sizdə
hansı təəssüratı yaratdı?
- İstanbulda da artıq neçə
illərdir ki, beynəlxalq kitab sərgisi keçirilir və
Azərbaycanın bu tədbirdə iştirakı bizim
üçün çox önəmlidir. Azərbaycanın
dünyaya açılmaq, tanınmaq istəyən nəşriyyatlarının
sərgiyə qatılmasını arzu edirik. Doğrudur, onlar
sərgidə iştirak edirlər, amma düşünürəm
ki, daha çox sayda gələ bilərlər. Çünki
Türkiyə hər zaman Azərbaycanı öz
qardaşı kimi görüb, eləcə də Azərbaycanda
Türkiyəyə qardaş münasibəti bəsləyirlər.
Türkiyə dünya ilə münasibətləri
baxımından daha geniş imkanlara malikdir. Azərbaycanda
kitab sərgisi hələ ikinci dəfədir ki, keçirilir
və düşünürəm ki, növbəti illərdə
ölkələrin iştirakı daha geniş olacaq. Bir məqamı
da xüsusi olaraq vurğulayım ki, Türkiyə və Azərbaycanın
mədəniyyət və turizm nazirlikləri arasında bu sahədə
əlaqələr yüksək səviyyədədir. Bu sərgi-yarmarkada
da iştirakdan çox məmnunuq.
- Sərgidə hansı kitablarla
iştirak etdiniz?
- Biz bura sadəcə nazirlik olaraq
çap etdiyimiz hədiyyə kitabları, məşhur
yazarların əsərləri və ya onlardan bəhs edən
kitabları gətirdik. Bundan başqa özəl nəşriyyatların
kitabları da çox faydalıdır. Türkiyədə
1700-dən çox nəşriyyat fəaliyyət göstərir
və bizim nəşriyyatların bu sərgiyə
qatılmaları ən böyük diləyimizdir.
Mehparə
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 12.