Qəlbləri
səsləyən səslər
«Bir baxışla qəlbə yüz məlhəm eylər»
Xatırlamaq, xatırlatmaq, xəyalını
əziz tutub ağırlamaq... Gözəl haldır.
İnsanın dünyaya gəlişinin, dünyada oluşunun,
dünyadan gedişinin elə-belə olmadığını əyan-bəyan
edən nüanslardır.
Onun özünü, ruhunu sezdirən,
minlərin, milyonların qəlbində özünə yer
tapa bilməsini göstərən könül
aynalarıdır. Amma bu, heç də hər kəsə nəsib
olmur. Bu balaca yazının böyük qəhrəmanı
Tofiq Quliyev isə hər zaman xatırlanan, anılan, hər
musiqi sədası eşidildikdə yada düşən
ölməz sənətkarlardandır. Açılan hər
sabahlarımıza, qaçılan hər dünənimizə,
aylı axşamlarımıza onun ayrıca qəlb
pıçıltıları, könül nəğmələri,
bütün insanlığa yetəcək sevgi payı var.
Təqvimimizdə 2000-ci ilin 4 oktyabrı nisgilli bir gün kimi əbədiləşdi. Könül nəğmələri ilə ruhumuza layla çalan böyük bəstəkarımız, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyev dünyasını həmin gün dəyişib. Əslində dünya onu sevənlər, bəstələri ilə doğulanlar, böyüyənlər üçün dəyişdi. Təsəlli isə bir-birindən gözəl, həzin, ilıq, məhrəm nəğmələrdən qopdu. Səsləndiyi yerdən və məkandan, dinləyici auditoriyası və kateqoriyasından asılı olmayaraq hər kəsin danışdığı dilə, sevdiyi varlığa bənzər musiqilərə. Xalqdan eşitdiyi səslərin «gözünü» təmizləyib çeşməyə çevirərək xalqın özünə qaytardığı musiqilərə.
İstər peşəkarlar, istərsə də sadə dinləyicilər onun musiqilərini ilk notlarından tanıyırlar. Əsərlərində muğam, milli caz, pop - bir-birindən törəyərək yaranan çeşidli janrlar özünə yer tapmışdır.
Kim idi Tofiq Quliyev? Böyük bəstəkar, estrada-mahnı janrımızın mogikanı, dirijor, pedaqoq, ictimai-siyasi xadim və ən nəhayət, əsl cənub kişisi-dəyanətli, təəssübkeş vətəndaş!
Əslində Tofiq Quliyevin - milli bəstəkarlıq məktəbimizin mahnı janrına dünyəvilik statusu qazandıran bu bəstəkarın bir mahnısını xatırlamaq onun bütün yaradıcılığı barədə danışmağa bərabərdir. Bu an yəqin dünya şöhrətli Bülbülün, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın və daha neçə-neçə sənətkarın ifa etdiyi gözəl mahnıları xatırladınız? Təsadüfi deyil ki, estrada musiqimizin əvəzsiz nümayəndəsi, təkrarsz səsi Mirzə Babayev «Tanıdığım bütün mahnı bəstəkarları içərisində melodiyanı Tofiq Quliyev qədər hiss edən maestro tanımıram» deyirdi. O, yanılmırdı. Bəstəkarın musiqiləri istənilən ürəyə yol tapa, özünəxas elementləri ilə oradakı saysız səs-avazlar içərisində möhkəmlənə bilirdi.
Xatırlayaq və onlardan bir neçəsini zümzümə edək: «Üzüyünün qaşı firuzədəndir», «Nə gözəlsən, əziz dost», «İlk bahar», «Bakı», «Sevgilim», «Bəxtəvər oldum» və s.
Bu anda milli kino nümunələrimizə ölməzlik gətirən, bəlkə də onların bir neçəsini məhz o musiqilərinə görə də sevdirən filmlərimizi də xatırlatmaq yerinə düşərdi: «Ögey ana», «Mən ki gözəl deyildim», «Onu bağışlamaq olarmı?», «Nəsimi», «Görüş», «Telefonçu qız», «Sən niyə susursan?», «Qaynana», «Xoşbəxtlik qayğıları» ... Bu filmlərdəki melodiyalar insanı sözün həqiqi mənasında görümlü dünyadan qoparıb eşidimli aləmə aparır, ruhumuza, duyğularımıza sığal çəkir. Əslində, müasir insanın zövq «bazarında» kino musiqisinə qəribə bir tələbat var. Mütəxəssislər deyir ki, filmdə ən gözəl musiqi eşidilməyəndir. Yəni musiqi süjetdəki hadisələrlə elə zaman-məkan harmoniyasında olsun ki, tamaşaçının gözü ilə qulağının vəhdəti yaransın, bir növ, onu ekrandan ayıran səbəb olmasın. Məncə, milli filmlərimizi izləyən hər kəs etiraf edər ki, musiqisi Tofiq Quliyevə məxsus bütün filmlərimizdə eşidilən və «eşidilməyən» musiqilər asanlıqla ayırd edilir. Azərbaycan kinofilmləri içərisində elələri var ki, çoxumuz onlara sadəcə, eşitmək üçün baxırıq. Bəzi filmləri yaşadan elə məhz o musiqilərdir.
«Musiqisi Tofiq Quliyevindir». Bu təqdimatdan sonra eşitdiyimiz bütün səsləri ürəkdən dinləyir, candan sevirik. Onu bütün səslərinin içərisində «itib-batdığımız» melodiyalarının içindən biz doyub çıxırıq. Bax elə buna görə də Tofiq Quliyev hamının və hər kəsin «mənim sevimli bəstəkarım» mərtəbəsindədir. İllər, əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək, o səs, Tofiq Quliyev bəstələri yenə səslənəcək. Səsləndikcə də yaşayacaq, yaşadacaq...
Həmidə Nizamiqızı
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 11.