Mərhum yazıçı-jurnalist və tərcüməçinin yubileyi qeyd olundu

 

   Elxan İbrahimov - 90

  

   Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» klubunda mərhum yazıçı, jurnalist, tərcüməçi Elxan İbrahimovun 90 illik yubiley tədbiri keçirildi.

  

   Tədbirdə Xalq şairi Fikrət Qoca, şair Ənvər Əhməd Elxan İbrahimovun ömür yolundan, yaradıcılığından danışdılar. Qeyd olundu ki, yazıçı Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində, «Gənclik» nəşriyyatında, ”Azərbaycanfilm” kinostudiyasında müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif illərdə Mir Cəlalın, Seyfəddin Dağlının, Salam Qədirzadənin və başqa ədiblərin əsərlərini rus dilinə tərcümə edib. Gecəsini gündüzünə qataraq Azərbaycan incilərini rus oxucularına çatdırıb. Eyni zamanda, rus yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirib. Elxan İbrahimovun tərtib etdiyi «Azərbaycan» albomu ölkəmizin sərhədlərindən aşaraq bütün dünyanı dolaşıb.

   Teatrşünas, professor İlham Rəhimli də E.İbrahimovla bağlı xatirələrini danışdı: “O, bütün varlığı ilə ziyalı idi. Onun daxilindəki enerji 10 yazıçıya fəaliyyət göstərməsi üçün bəs edərdi».

   Xalq artisti, bəstəkar Arif Məlikov isə E.İbrahimovun çoxlu tərcümələri olduğunu və tərcümələri ilə dünyaya qapı açdığını bildirdi: «Elxan kimi gözəl sənətkarlar, tərcüməni düzgün bilənlər müasir və dünya ədəbiyyatını Azərbaycana çatdırmaqla böyük və vacib işi görüblər. Elxan da bu işi icra edirdi. Onunla çox görüşüb, saatlarla söhbət etmişik. Bu söhbətlər ədəbiyyat, tərcümə işi, keçmiş və gələcək haqqında idi. Arzu edərdim ki, onun kimi insanların xatirəsi heç zaman unudulmasın”.

   Sonda Ağamusa Nağıyev Fondunun prezidenti Dilarə Ağamusa təşkilatın adından E.İbrahimovun ailəsinə xatirə diplomu təqdim etdi.

  

 

   Gülər

 

   Mədəniyyət.- 2011.- 5 oktyabr.- S. 10