Azərbaycanda
İran mədəniyyəti günləri
Oktyabrın 3-də Azərbaycanda İran mədəniyyəti günləri
başlanıb.
Muzey Mərkəzində
sərgi
Həmin gün mədəniyyət tədbirləri
çərçivəsində Muzey Mərkəzində
iranlı rəssam və nəqqaşların əl işlərindən
ibarət sərgi açıldı. İki
ölkənin dövlət rəsmilərinin, mədəniyyət
xadimlərinin iştirak etdikləri tədbiri
Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs
Qarayev açaraq,
iranlı həmkarını və digər qonaqları
salamladı. Azərbaycanın dövlət müstəqilliyini
əldə etdikdən sonra qonşu İran İslam Respublikası ilə münasibətlərə
xüsusi önəm verdiyini
vurğulayan nazir
ölkələrimizin mədəniyyət
və incəsənət sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirdi. Ötən
il İranda Azərbaycan
mədəniyyəti günlərinin gerçəkləşdiyini
nəzərə çatdıran Əbülfəs Qarayev bu əlaqələrinin
davamı kimi Azərbaycanda da İran mədəniyyəti
günlərinin keçirildiyini
dedi. Nazir İran mədəniyyəti günlərinin
Bakı ilə yanaşı Gəncədə də müxtəlif
tədbirlərlə müşayiət olunacağını bildirdi: “Belə tədbirlər əlaqələrimizi
daha da möhkəmləndirir.
Biz qarşılıqlı mədəni tədbirlərin
keçirilməsində maraqlıyıq və inanıram ki, bu kimi
layihələr davamlı olacaq”.
İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni isə ölkəsinin Azərbaycanla müştərək tarixi keçmişi, mədəni əlaqələri barədə danışdı. Onun sözlərinə görə, ortaq mədəni dəyərlər ölkələrimizi daha da yaxınlaşdırır. Nazir İran mədəniyyəti günlərinin təşkilini hər iki ölkənin vətəndaşlarının bir-birilərini daha yaxından tanımaları baxımından yüksək qiymətləndirdi. Bu tədbirlərlə iki ölkə arasında mədəni əməkdaşlıqda yeni bir səhifə açıldığını deyən iranlı nazir gələcəkdə əlaqələrin daha da genişlənməsi arzusunda olduğunu bildirdi.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə rəssamlıq, qızıl suyu ilə işləmə, kalliqrafiya, karikatura, qrafika, foto, qabartma, heykəltəraşlıq, taxta üzərində oyma, şüşə sənəti, minakarlıq sənəti nümunələri, milli geyimlər, kitablar, digər çap məhsulları və s. nümayiş olunur. Qədim Şərq ənənələrini əks etdirən sənət nümunələri gözəlliyi, zərifliyi ilə diqqəti cəlb edir.
Mədəniyyət günlərinin
rəsmi açılışı
Oktyabrın 3-də Beynəlxalq Muğam Mərkəzində İran İslam Respublikasının mədəniyyət günlərinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycan və İranın dövlət himnlərinin səsləndirilməsi ilə başlanan tədbirdə İranın mədəniyyətini, təbiətini, iqtisadiyyatını və sənayesini əks etdirən videoçarx nümayiş etdirildi.
İranın Azərbaycandakı səfiri Məhəmmədbaqir Bəhrami mərasimi açaraq ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdiyini bildirdi. İki ölkə arasındakı mövcud dostluq münasibətlərinin region ölkələri üçün örnək olduğunu vurğulayan səfir zəngin mədəni irsə malik hər iki ölkənin parlaq gələcəyi olduğunu qeyd etdi.
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən ölkəmizin son illər qazandığı uğurlardan, qonşu dövlətlərlə, eləcə də İran ilə qurulmuş siyasi, iqtisadi və mədəni əlaqələrdən danışdı: “Azərbaycan İran İslam Respublikasına dost, qardaş ölkə kimi baxıb. Hər iki ölkə birgə əməkdaşlığın, qarşılıqlı münasibətlərin genişləndirilməsinə xüsusi önəm verib. Bu gün Azərbaycan və İran etibarlı qonşu, layiqli sıx tərəfdaşdır”.
Mədəniyyət günlərinin proqramının zəngin olduğunu diqqətə çatdıran nazir bu tədbirlər sayəsində xalqımızın İran mədəniyyətini daha yaxından tanıyacağını vurğuladı. O, ümidvar olduğunu bildirdi ki, mədəniyyət günləri iki ölkə arasında əməkdaşlığa, mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcək.
Tədbirdə çıxış edən İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyni Azərbaycan xalqını müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə təbrik etdi. İki ölkə arasında tarixi və mədəni əlaqələrin olduğunu vurğulayan natiq, bu tədbirə yüksək səviyyədə diqqət göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirdi: “Bu 20 il ərzində Azərbaycanla İran arasında iqtisadi, mədəni sahələrdə birgə mühüm addımlar atılıb. Biz bir-birimizi daha yaxından tanımağa səy göstərməli, birgə əməkdaşlığı, mədəni əlaqələri genişləndirməliyik”.
Çıxışının sonunda qonaq mədəniyyət günləri çərçivəsində İranın incəsənət xadimlərinin təqdim etdiyi mədəni tədbirlərin izləyicilərin ürəyincə olacağına əminliyini ifadə etdi.
Tədbir İran incəsənət ustalarının çıxışları ilə davam etdi.
Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində iranlı incəsənət ustaları və aşıqların iştirakı ilə daha bir konsert proqramı təqdim edilib.
Mehparə,
Ceyhun
Mədəniyyət.-
2011.- 5 oktyabr.- S. 4.