Gəncədə
rəssamların yaradıcılıq emalatxanası təşkil
olunub
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının iyirminci
ildönümü münasibətilə Gəncə şəhərində
rəssamların yaradıcılıq emalatxanası təşkil
olunub. Nazirliyin Regionlarla iş sektorunun məsləhətçisi
Elnur Hüseynovun verdiyi məlumata görə, tədbir
sentyabrın 23-dən oktyabrın 2-dək davam edib.
Gəncə Dövlət Rəsm
Qalereyasında keçirilən tədbirdə Mədəniyyət
və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz
İsgəndərli, Rəssamlar İttifaqı Gəncə
bölməsinin sədri, Əməkdar rəssamı Qalib
Bağırov və başqaları çıxış edərək
regionlarda mütəmadi olaraq təşkil olunan
yaradıcılıq emalatxanalarının əhəmiyyətini
vurğulayıblar.
Tədbir çərçivəsində
yerli rəssamlar tərəfindən yeni əsərlər
yaradılıb, Gəncə Uşaq Rəssamlıq və
İncəsənət məktəblərində Bakıdan gəlmiş
rəssamların açıq dərsləri təşkil
olunub. Emalatxanada çəkilən 20-dək əsər sərgiləndikdən
sonra Gəncə Dövlət Rəsm Qalereyasına təhvil
verilib.
Elnur Hüseynov onu da bildirib ki,
dövlət müstəqilliyinin 20-ci ildönümü
münasibətilə hazırda rəssamlar üçün
növbəti yaradıcılıq emalatxanası Qazax rayonunda
təşkil olunub. Oktyabrın 12-dək davam edəcək
emalatxanada çəkilən əsərlər Qazax Dövlət
Rəsm Qalereyasına təhvil veriləcək.
Qeyd edək ki, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə respublikanın müxtəlif regionlarında rəssamların
yaradıcılıq emalatxanaları 2008-ci ildən təşkil
olunur. Bu il nazirliyin xətti ilə Lənkəran və
Xaçmazda belə tədbirlər keçirilib.
Ceyhun
Mədəniyyət.- 2012.- 5 oktyabr.-
S. 3.