“Maestro.
Özüm və zaman haqqında”
Görkəmli bəstəkar Xəyyam Mirzəzadəyə
həsr olunmuş sənədli film təqdim olundu
Oktyabrın 4-də Dövlət Rus Dram Teatrında
görkəmli bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadənin
həyat və yaradıcılığına həsr
olunmuş “Maestro. Özüm və zaman haqqında” sənədli
filminin təqdimatı keçirildi. Film Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb.
Tədbirdə
çıxış edən mədəniyyət və turizm
naziri Əbülfəs Qarayev Xalq artisti, professor Xəyyam Mirzəzadənin
Azərbaycan incəsənətində özünəməxsus
yer tutduğunu, bəstəkarın müxtəlif janrlarda
yazdığı əsərlərlə musiqi xəzinəmizə
böyük töhfələr verdiyini vurğuladı. Qeyd
olundu ki, bəstəkarın musiqi sənətinin
inkişafında xidmətləri dövlət tərəfindən
yüksək qiymətləndirilib, prezident İlham Əliyev sənətkarın
“Şərəf” ordeni ilə təltif olunması barədə
sərəncam imzalayıb.
“Maestro. Özüm və zaman
haqqında” filminin görkəmli bəstəkarın 75 illik
yubileyinə həsr olunduğunu bildirən nazir maestronun
növbəti yubileylərində də yeni-yeni filmlərin
çəkilməsini arzu etdiyini dedi.
Sonra nazir Əbülfəs Qarayev
“Şərəf” ordenini Xəyyam Mirzəzadəyə təqdim
etdi. Xəyyam Mirzəzadə sənətinə və əməyinə
dövlət tərəfindən verilən yüksək qiymətə
görə minnətdarlığını ifadə etdi. Bundan
öncə ümummilli lider Heydər Əliyev tərəfindən
“Şöhrət” ordeni ilə təltif olunduğunu söylədi.
Bəstəkar professional musiqi sənətində
əldə etdiyi nailiyyətlərə görə müəllimi,
dahi bəstəkar Qara Qarayevə minnətdar olduğunu, onu hər
zaman xoş xatirələrlə yad etdiyini vurğuladı.
Daha sonra film nümayiş olundu. “Salnamə” və
“Cinealliance” studiyalarının
birgə istehsalı olan filmin ssenari
müəllifi və rejissoru Xalq artisti Tofiq İsmayılov,
operatoru Ziya Babayev, musiqi redaktoru Rauf Əliyev, redaktoru Ramiz Əliyevdir. Filmin qəhrəmanı öz həyatı və sənəti haqqında, müəllimləri, dostları,
tələbələri haqqında
düşüncələri ilə tamaşaçılarla
bölüşür.
Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə
çıxaraq çəkiliş
prosesi barədə danışdı.
Reyhan
Mədəniyyət.- 2011.- 5 oktyabr.-
S. 2.