Aşıq
Hüseyn Bozalqanlının söz dünyası
Haqq aşığı
Tarixin
gəldiyi yolla geriyə - XIX əsrə yollanırıq. O əsrə
ki, Azərbaycan aşıq ədəbiyyatına üç nəhəng
sənətkarı - Aşıq Hüseyn Şəmkirli,
Aşıq Ələsgər və Aşıq Hüseyn
Bozalqanlını bəxş etdi. Məhz o əsrdə -
1862-ci ildə Tovuzun Bozalqanlı kəndində gələcəyin
böyük sənətkarı Aşıq Hüseyn
Bozalqanlı dünyaya gəldi.
Hüseyn kəndlərində yeni
açılan dini məktəbdə - molla Səməd Axundun
məktəbində üç il təhsil alır, ərəb
və fars dillərini mükəmməl öyrənir.
Kiçik yaşlarından sözə, sənətə
bağlanır, on iki yaşında ikən şeir yazmağa
başlayır. Toylarda, məclislərdə aşıqlara
qulaq asa-asa bu sənətə valeh olur.
Cəmi üç ay aşıq Məmmədquluya
şagirdlik edir. Tezliklə fitri istedadı ilə toylarda, ziyafətlərdə
bacarıqlı aşıq kimi şöhrət qazanır.
Çünki Hüseyn haqq aşığı idi, sənəti
ona möcüzələr yaradan Allah vermişdi.
Nə lazımdır, naqafilə
söz deyim,
Xatirinə ya dəyməyə, ya
dəyə.
Sizin olsun, eyvan, otaq, alaçıq,
Bizə bəsdi ya kölgəlik, ya dəyə.
Aşıq Hüseyn Bozalqanlının
atası Məşədi
Cəfərqulu comərdliyi,
qəhrəmanlığı ilə zəmanəsinin
nadir şəxsiyyətlərindən biri olduğundan, Hüseyn də həmişə üstündə
sazla yanaşı, mauzer də gəzdirər, hazırcavablığı,
özünə inamlı
ilə seçilərmiş.
Aşıqlarla deyişəndə heç vaxt sözünü birinci deməz, öz rəqibinə fürsət
verər və nəticədə təmkini
ilə qalib gələrmiş.
Müxənnət zamana, beymürvət
fələk.
Qoymadı mətləbim, bir aləm indi,
Gözüm açdım, qərinələr
dolandım,
Görünür gözümə bir aləm indi.
Qurbani, Abbas Tufarqanlı, Vaqif kimi sənətkarların
irsi ilə tərbiyələnən Hüseyn
Bozalqanlı aşıq
poeziyasının bütün
formalarında özünü
sınayır - gözəlləmələr,
qoşmalar, təcnislər,
dodaqdəyməzlər, divanilər,
gəraylılar və
dastanları ilə aşıq şeirinin ən gözəl nümunələrini yaradır.
Bahar gəldi, çiçək
açdı,
Güllər qırmızı geyindi.
Çırtıq
dəydi, üz qanadı,
Xallar qırmızı geyindi.
Ölməz sənətkarın on dörd şagirdi olduğu bəllidir.
Onların arasında Bozalqanlı Aşıq Vəli, Əlimərdanlı
Aşıq Nəcəf,
Aşıq Mirzə Bayramov, el arasında Kor Ələkbər kimi tanınan Aşıq Ələkbər
Əsgərov və başqaları Aşıq
Hüseyn Bozalqanlı
məktəbinin davamçıları
olmuşlar. Deyilənlərə
görə, Aşıq
Hüseyn müasirləri
olan məşhur Aşıq Ələsgər,
Növrəs İman,
Aşıq Ağacan,
Xəyyam Mirzə, Qazaxlı Mirzə Səməd, şairlər
Vəli, Nəcəf və başqaları ilə deyişib. Bu deyişmələr xalqın yaddaşında xoş xatirələr kimi qalmaqdadır.
Bilmirəm, nə dedim, yar küsdü məndən,
Coşqun çaylar kimi
axdı da getdi.
Oynatdı qaşını, süzdü
gözünü,
Mənə oğrun-oğrun baxdı da getdi.
Azərbaycan xalq yaradıcılığının
inkişafında Hüseyn
Bozalqanlının ən
böyük xidmətlərindən
biri də dastan yaradıcısı olması, "Qara Tanrıverdi", "Nəriman",
"Xanlar", "Hacı
Tağı" dastanlarını
yaratmasıdır.
"Koroğlu"
dastanının ən
kamil bilicisi də məhz Hüseyn Bozalqanlı hesab edilir. Dastanın bir neçə qolu - "Koroğlunun Toqat səfəri", "Bağdad
səfəri", "Həmzənin
Qıratı aparması",
"Koroğlunun vuruşması"
və s. qolları onun dilindən yazılıb.
Böyük sənətkar dövrünün
görkəmli tarixi şəxsiyyətləri ilə
qarşılaşıb və
həmişə də
onların məhəbbətini
qazanıb. Aşıq
Metex qalasında həbsdə olarkən Nəriman Nərimanovla yaxından tanış
olur və sonradan "Qoca Şərqin Nərimanı
gəlirmi?" şeirini
və "Nəriman"
dastanını yazır.
Bədahətən
söz deməkdə Hüseyn Bozalqanlının
əvəzi olmadığından
Xalq şairi Səməd Vurğun onu "əli qılınclı şair"
adlandırar, ona dərin məhəbbət
bəsləyərdi.
Səyyad olub ov bərəsin
keçəndə,
Yaxşı yerdə yaxşı
gözlə, yaxşı
yat.
Ovun gəlib bərəsinə
çatanda,
Sərvaxt dayan, dürüst
tuşla, yaxşı
at.
"Geri dur" müxəmməsi
və digər şeirlərindən aydın
olur ki, Hüseyn Bozalqanlı Sədi, Firdovsi, Füzuli kimi klassiklərin əsərlərinə
dərindən bələd
olub. Satira isə onun yaradıcılığında xüsusi yer tutub.
Aşıq Hüseynin bütün
şeirləri zəngin
xalq təcrübəsinə
əsaslanan ibrətamiz
nəsihətlərdir, sınaqlardan
çıxmış həyat
fəlsəfəsidir. Onun fəlsəfi fikirləri, dini baxışları, həyatın
yaranması haqqında
şeirləri aşığın
dünyagörüşünün nə qədər kamil olduğunu sübut edir:
Cəlili-cabbarım,
Qadiri-muxtar,
Altı gündə bu
dünyanı çəkibdi.
On səkkiz min
aləm küllü hər nə var,
Ərşi, kürsü, nöh
asmanı çəkibdi.
1937-ci ildə Hüseyn Bozalqanlı Azərbaycan Yazıçılar İttifaqının
üzvü və ittifaq nəzdində aşıqlar bölməsinin
rəhbəri seçilir.
Ustad sənətkar I və II Aşıqlar qurultaylarının,
eləcə də Moskvada keçirilən Azərbaycan ədəbiyyatı
və incəsənəti
ongünlüklərinin iştirakçısı
olur. Şairin əməyi dövlət
tərəfindən yüksək
qiymətləndirilir. "Şərəf nişanı"
ordeni və fəxri fərmanla mükafatlandırılır, 1941-ci ildə isə ən yüksək fəxri ada - Azərbaycanın Əməkdar
incəsənət xadimi
adına layiq görülür.
Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də
vəfat edir, onu Bozalqanlı kəndinin qəbiristanlığında
dəfn edirlər.
Bundan sonra aşığın zamansız ömrü başlayır. Bu ömrün nə əvvəli, nə sonu var. Harada aşıq sənətindən, sazdan-sözdən söz düşürsə Aşıq Hüseyn Bozalqanlının şeirləri dil açıb danışır, ustadın qanadlı misraları ruhumuzu oxşayır. O, beləcə yaşayır...
Təranə Vahid
Mədəniyyət.-
2011.- 7 oktyabr.-S. 13.