AstaradaKitab bayramı”

 

    Sentyabrın 28-də Astara rayon Mərkəzi Kitabxanasında Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” mövzusunda IV Ümumrayon Uşaq Kitab Bilik Bayramı keçirildi. Rayon Mədəniyyət və Turizm Şöbəsi və Astara rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət, təhsil müəssisələrinin əməkdaşları, rayon məktəbliləri iştirak edirdi.

  

   Bayram iştirakçıları əvvəlcə kitabxananın foyesində nümayiş etdirilən “Kitab mənəvi sərvətimizdir”, “Kitab bilik mənbəyidir”, “Odlar yurdu Azərbaycan”, “Müstəqillik yollarında”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”, “Nağıllar aləminə səyahət” və s. mövzularda kitab sərgilərinə baxdılar. Sonra kitabxananın oxu zalında bayram tədbirinin rəsmi hissəsi keçirildi.

   Tədbiri giriş sözü ilə Astara rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov açaraq Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar rayonun mədəniyyət müəssisələrində təşkil olunan konfrans, sərgi və digər bayram tədbirlərindən söz açdı, IV Uşaq Kitab Bilik Bayramının həmin tədbirlərin davamı olduğunu bildirdi.

   Rayon MKS-nin direktoru Nazim Fərəməzov, rayon təhsil şöbəsi müdirinin müavini, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Faiq Həsənov, mədəniyyət və turizm şöbəsinin inspektoru, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının üzvü Əfqan Şəfiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin sədri Hacıbala Ramazanov çıxış edərək tədbir iştirakçılarını qarşıdan gələn əlamətdar tarixi gün - müstəqilliyimizin 20-ci ildönümü münasibətilə təbrik edib, bu tarixə həsr olunmuş kitab bayramının əhəmiyyətini vurğuladılar.

   Məktəblilər ulu öndər Heydər Əliyevə, müstəqil Azərbaycana həsr olunmuş şeirlər söylədilər. Qabaqcıl mədəniyyət işçisi Cəlal Mədətzadənin rəhbərlik etdiyi rayon Mədəniyyət evinin “Sevinc” xalq çalğı alətləri ansamblının hazırladığı rəngarəng konsert proqramı maraqla qarşılandı. Sonda kitabxananın fəal oxucularından olan məktəblilərə rayon MKS-nin fəxri fərmanları və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı rayon komitəsinin hədiyyələri təqdim edildi.

  

 

   Şahin Fərəməzov,

   Astara rayon Mərkəzləşdirilmiş

   Kitabxana Sisteminin əməkdaşı  

 

  Mədəniyyət.- 2011.- 7 oktyabr.- S. 12.