Arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği

 

   Turizm İnstitutunda seminar keçirilib

  

   Oktyabrın 5-də Azərbaycan Turizm İnstitutunda “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (İB) təşkilatçılığı ilə “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

  

   ATİ-nin İctimai fənlər kafedrasının baş müəllimi Vüsalə Məmmədovanın sözlərinə görə, tədbiri kafedranın müdiri İbrahim Əliyev açaraq “Turizm ili”ndə gerçəkləşdirilən layihənin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, layihə çərçivəsində keçirilən seminarların məqsədi ölkəmizdə arxeoloji turizmin inkişafına töhfə vermək, tarixi abidələrimizə diqqəti artırmaq, arxeologiya elminə marağı genişləndirməkdir. Natiq arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri barədə iştirakçılara məlumat verib.

   “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi sədrinin müavini Arzu Soltan qurumun fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, təqdim edilən layihə QHT-lərə Dövlət Dəstəyi Şurasının vəsaiti hesabına gerçəkləşdirilir. Layihənin rəhbəri Rəşad İbrahimov isə Azərbaycanda yeni sahə olan arxeoloji turizmin ənənəvi turizmdən fərqi, layihə çərçivəsində görülmüş və görüləcək işlərdən danışıb.

   “Miras” İB-in sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Arxeoloji mirası qorumaq və təbliğ etmək üçün onu sevmək və sevdirmək lazımdır" mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanın bir sıra bölgələrindəki nadir arxeoloji abidələrdən danışaraq, onların qorunması və təbliği barədə fikirlərini bildirib.

   Tarix elmləri doktoru, professor, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev seminar iştirakçılarına müstəqillik illərində Azərbaycanda arxeoloji abidələrin tədqiqi sahəsində əldə edilən uğurlar haqqında məlumat verib. Qeyd olunub ki, hazırda ölkə ərazisində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə 40-a yaxın arxeoloji tədqiqat aparılır, bu işlərdə xarici mütəxəssislər də iştirak edir.

   Seminarda layihə çərçivəsində hazırlanmış archaeotourism.az saytı təqdim olunub. Sonra mövzu ətrafında müzakirələr aparılıb.

  

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2011.- 7 oktyabr.- S. 7.