“Yaxın
Şərq ölkələrində çap
və nəşriyyat işi“
Ölkəmiz Misirdə keçirilən beynəlxalq
simpoziumda təmsil olunub
Bu
günlərdə Misirin İsgəndəriyyə şəhərində
“Yaxın Şərq ölkələrində çap və nəşriyyat
işi“ adlı IV beynəlxalq simpozium keçirilib.
Respublikamızı bu tədbirdə
Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiya işləri üzrə
direktor müavini Həbibə Əliyeva və elmi-maarif və
sərgilərin təşkili şöbəsinin elmi
işçisi Səidə Həmzəbəyova təmsil ediblər.
İsgəndəriyyə şəhər
kitabxanasında keçirilən tədbirdə Fransa, İran,
Almaniya, ABŞ, İordaniya, Türkiyə, İtaliya və s.
ölkələr də təmsil olunub. Simpoziumda tarix,
arxeologiya, epiqrafika mövzusunda məruzələr dinlənilib.
Tarix Muzeyinin direktor müavini Həbibə Əliyeva tədbirdə
“XVI-XVII əsrlərdə Azərbaycan kalliqrafiyası”
mövzusunda məruzə ilə çıxış edib. Məruzə
ilə yanaşı ingilis dilində titrlərlə
müşayiət olunan elektron slaydlarda Azərbaycan kalliqrafik
nümunələri (mədəniyyət abidələri,
yazılı əsərlər) təqdim edilib “Məruzədə
ölkəmizdə kalliqrafiya sənətinin təşəkkülü
və təkamülünün tarixi baxımdan təhlili, azərbaycanlı
xəttatların ərəb xətt növlərindən yetərincə
faydalanmaları və milli əlavələr edilməsi ilə
bağlı qeydlər öz əksini tapmışdı”.
Muzeyin elmi-maarif və sərgilərin
təşkili şöbəsinin elmi işçisi Səidə
Həmzəbəyova isə ingilis dilində “Hadi Əhmədin
əsərində xəttatlar (oriyentalist-professor V.F.Minorskinin
tədqiqatlarına istinadən)“ adlı məruzə ilə
çıxış edib. O, Səfəvi dövründə fəaliyyət
göstərən Azərbaycan kalliqraflarının dünya xəttatlığına
təsiri faktını vurğulayaraq, azərbaycanlı sənətkarların
əsərlərindən ibarət slaydı
tamaşaçıların diqqətinə
çatdırıb.
Simpoziumdan sonra
iştirakçılara yazılı təşəkkürnamə
təqdim edilib. İştirakçılar mədəni proqram
çərçivəsində İsgəndəriyyə
şəhərinin qədim abidələri ilə
tanış olublar.
Savalan Fərəcov
Mədəniyyət.-
2011.- 7 oktyabr.- S. 6.