Dövlət turizmin inkişaf etdirilməsi üçün öz üzərinə düşən işləri görür

 

   Əli Məsimli: “Müstəqilliyimizin 20 ilini üç mərhələyə bölmək olar. 2005-ci ildən sonra ölkəmiz müstəqilliyin üçüncü mərhələsini - sürətli artım və yüksəliş dövrünü yaşayır və bu, turizm sahəsində də özünü göstərir”

  

   “Bundan sonrakı mərhələdə turizmin inkişafına özəl sərmayə qoyuluşu artırılmalıdır. Bu işin stimullaşdırılması üçün güzəştlərin tətbiqi qanunvericilikdə öz əksini tapmalıdır. Üçüncüsü, elə bir şərait yaratmaq lazımdır ki, turizmə kapital qoyan adam ticarətə kapital qoyandan çox vəsait əldə etsin”.

  

   Millət vəkili, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli ilə söhbətimizdə turizm qanunvericiliyi, «Turizm ili» çərçivəsində təsdiq olunmuş tədbirlər planı, eyni zamanda müstəqillik illərində Azərbaycanın turizm sahəsində əldə etdiyi uğurlar barədə danışdıq:

  

   - Bu gün turizm dünya iqtisadiyyatının əsas istiqamətlərindən biri kimi qəbul olunur. Azərbaycanda bu sahənin inkişafını necə dəyərləndirirsiniz?

   - Turizm dünyada ən çox gəlir gətirən sahələrdən biridir. Azərbaycanın kifayət qədər imkanı var ki, bu gəlirli sahə üzrə böyük nəticələr əldə etsin. Beynəlxalq praktikadan çıxış etsək, dünyanın ümumi daxili məhsulunun 10 faizindən çoxu turizmdən əldə olunur. Azərbaycanda bu sahə inkişaf etməkdədir. «Turizm haqqında» qanunun qəbulu, bu sahədə hüquqi bazanın yaradılması, regionların inkişafı üzrə 2004-2008-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində görülən tədbirlər ölkədə turizmin inkişafına mühüm zəmin yaratdı. Regionlarda turizmin inkişafı prioritet götürülməklə müvafiq infrastruktur qurulmağa başlandı. Bunun nəticəsində son 5 il ərzində Azərbaycana gələn turistlərin sayı 1,6 dəfə artıb. Amma turizm sahəsində görülən işlərin əhəmiyyətini azaltmadan qeyd etmək lazımdır ki, bu sahədə görülən işlərdən daha böyük həcmdə işlər hələ görülməlidir.

   - Sizcə, bundan sonrakı mərhələdə hansı işləri görmək lazımdır?

   - Turizmin inkişafı üçün ilkin şərt kimi təbii şərait, tarixi mədəni abidələr, zəngin mədəniyyət əsas rol oynayır. Amma bu sahənin genişlənməsi, reklam olunub dünyada öz layiqli yerini tutması üçün əlavə tədbirlər lazımdır. Bunlar, qeyd etdiyim kimi, infrastrukturun qurulması, xidmətin keyfiyyətinin yaxşılaşdırılması, ekoloji cəhətdən təmiz məhsul istehsalı, mətbəximizin zənginliyinin təbliği və s. məsələlərlə bağlıdır. Bundan əlavə, turistlərin yerləşdirilməsi, onlara təklif olunan turizm marşrutu məsələsi də mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə son illər xeyli sayda müasir tələblərə cavab verən hotellər tikilib. Amma hamının 5 ulduzlu hoteldə qalmağa imkanı çatmır. Odur ki, 2-3 ulduzlu hotellərin tikilməsi və orta təbəqənin gəlirinə uyğun qiymətlərin müəyyənləşdirilməsi çox vacibdir.

   Digər mühüm məsələ qanunvericiliklə bağlıdır. 1999-cu ildə qəbul edilmiş «Turizm haqqında» qanun Azərbaycanda turizmin inkişafının hüquqi bazası rolunu oynayıb. İndi yeni bir mərhələ - artıq 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramına uyğun surətdə, «Turizm ili»ndə qarşıya qoyulan vəzifələr kontekstindən yeni konsepsiyada turizmin inkişaf etdirilməsinə ehtiyac var. Bu yeni konsepsiya həm proqramda, həm də hüquqi normativ aktlarda öz əksini tapmalıdır.

   - Azərbaycanda daha çox hansı turizm növlərinin inkişafı üçün zəmin var?

   - Azərbaycanda müxtəlif iqlim zonaları var. Ölkəmizdə dəniz, dağ, çay var. Ona görə də məsələn, çimərlik turizminin inkişafına uyğun bir konsepsiya işlənib hazırlanmalıdır. Düzdür, bu istiqamətdə də müəyyən sərmayələr qoyulur, komplekslər tikilir. Amma bu, işin hələ başlanğıcıdır. Xəzər sahili boyunca gözəl komplekslər yaratmaq olar. Ölkəmizdə müalicə turizminin inkişafı üçün geniş potensial var.

   Qusarda Şahdağ qış-yay turizm kompleksinin tikintisi şimal zonasında turizmin canlanmasına böyük təkan verəcək. Burada infrastrukturun yaradılması və ilkin hotelin tikintisi ilə bağlı dövlət həqiqətən də düzgün siyasət qurub. Bunları dövlət edir. Bundan sonra digər obyektlərin tikintisi özəl sektora həvalə ediləcək. Bu baxımdan Azərbaycanın gələcəyi üçün böyük potensiala çevriləcək turizm obyektlərinin tikintisinə maraq göstərən iş adamlarına güzəştli kreditlərin verilməsi istiqamətində addımlar atılmalıdır. İş adamları bu sahəyə kapital qoymağa təşviq edilməlidirlər.

   Dövlət Azərbaycanda turizmin inkişaf etdirilməsi üçün öz üzərinə düşəni edib: yeni proqram qəbul olunub, yeni qanun layihəsi hazırlanıb, infrastrukturun yaradılması istiqamətində işlər görülür. Amma lazımdır ki, bir neçə əlavə tədbirlər görülsün. Birincisi, turizmin inkişafına sərmayə qoyuluşu artırılmalıdır. İkincisi, turizmin stimullaşdırılması üçün güzəştlərin tətbiqi qanunvericilikdə öz əksini tapmalıdır. Üçüncüsü, elə bir şərait yaratmaq lazımdır ki, turizmə kapital qoyan adam ticarətə kapital qoyandan çox vəsait əldə etsin. Amma bu, turizm sahəsində məqbul qiymətlər tətbiq olunmaqla həyata keçirilməlidir. Yəni turizm məhsulunun qiyməti rəqabətqabiliyyətli olmalıdır. Əsasən də qonşu ölkələrdən ucuz olmalıdır. Bu istiqamətdə ciddi hesab etdiyim məsələlərdən biri də xidmətin keyfiyyətinin artırılması ilə bağlıdır. 2010-2014-cü illər proqramında bu məsələyə xüsusi diqqət yetirilib. Sənəddə adıçəkilən məsələ ikitərəfli götürülüb. Burada həm xidmətin keyfiyyətinin bilavasitə artırılması məsələsi, həm də kadr hazırlığı öz əksini tapıb. 2006-cı ildə Turizm İnstitutunun yaradılmasını bu istiqamətdə irəliyə doğru addım hesab etmək olar. Bu il artıq institutun ikinci məzun buraxılışı oldu. Burada xarici dili bilən turizm mütəxəssisləri hazırlanır. Bunlar hamısı keyfiyyətə gətirib çıxarır.

   2011-ci ili ölkədə «Turizm ili» elan etməklə dövlət artıq bu sahəni prioritet elan etdi. Bununla bağlı da ciddi bir siyasət formalaşdırılmalıdır. Bu siyasətdə dövlətin, biznes qurumlarının, ictimaiyyətin, elmin, mədəniyyətin və s. üzərinə düşən vəzifələr öz əksini tapmalı və kompleks şəkildə tətbiq olunmağa başlamalıdır. Əgər belə olsa, Azərbaycan yaxın 4-5 ildə dünyada öz potensialına uyğun turizm ölkəsinə çevrilə bilər.

   Azərbaycanın bu sahədə potensialı böyükdür. Sadəcə, bu potensialdan əhalinin bütün təbəqələrinin imkanına uyğun bir turizm bazarı formalaşdırmaq lazımdır.

   Turizmi inkişaf etdirmək istəyiriksə, bu sahə bazar münasibətlərinin prinsiplərinə əsaslanmalıdır. Hesab edirəm ki, «Turizm haqqında» yeni qanunun qəbulu və həyata keçirilməsi regionların inkişafında, əhalinin güzəranının yaxşılaşmasında, mədəni səviyyənin artmasında, Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında, eyni zamanda neftdən kənar sahələrin irəliləməsi hesabına turizmin balanslı inkişafının təmin edilməsində önəmli rol oynayacaq.

   - Bu yaxınlarda belə bir xəbər yayıldı ki, Rusiya Xəzər dənizi boyunca turizm şəbəkəsi yaratmaq istəyir. Bu layihənin reallaşmasının Azərbaycanın turizm sektoruna hansı mənfi və müsbət təsirləri ola bilər?

   - Bu şəbəkənin yaradılması ölkəmizdə turizmin inkişafına yalnız təkan ola bilər. O baxımdan ki, Azərbaycana gələn turistlərin əhəmiyyətli hissəsi Rusiyadan gəlir. Həmin turistləri itirməmək üçün biz Xəzər ətrafında güclü infrastruktur qurmalı, qabaqlayıcı tədbirlər görməliyik. Əgər nəzərə alsaq ki, Xəzərin Azərbaycan ərazisi Xəzərin Rusiya ərazisindən turizm üçün daha cəzbedicidir, onda rəqabətdə qalib gələcəyimiz şübhəsizdir. Buna bir tərəfdən bizim təbii üstünlüyümüz, digər tərəfdən isə maddi durumumuz imkan verir. Xəzər ətrafında sivil prinsiplərə əsaslanan turizm zonalarının yaradılması prosesi sürətləndirilməlidir. Bu, Azərbaycandan turistlərin ora axmasına yox, əksinə, oradan ölkəmizə turist axınına xidmət edəcək.

   - Milli Məclisin deputatı kimi xarici səfərlərdə tez-tez olursunuz. Bu zaman özünüzlə Azərbaycanı təbliğ edən hər hansı suvenir və yaxud reklam-çap məhsulları aparırsınızmı? Ümumiyyətlə, xarici səfərlərinizdə ölkəmizi hansı formada təbliğ edirsiniz?

   - Azərbaycanı bir tərəfdən siyasətçi kimi, ümumi formada təbliğ edirik. Digər tərəfdən isə ölkəmizi turizm kontekstindən təbliğ edirik. Xarici ölkələrdə olduğum tədbirlərdə ölkəmizin gəzməli, görməli yerləri barədə həmsöhbətlərimə məlumat verirəm. Hər səfərə gedəndə Azərbaycanı təbliğ edən suvenirləri özümüzlə götürürük. Düzdür, bu baxımdan müəyyən çətinliklər var. Çünki bizdə milli suvenirlər çox azdır. Xaricə gedəndə əsasən Qız qalasının, xalçalarımızın əksi olan suvenirləri, məşhur sənətkarlarımızın, Rəşid Behbudovun, Müslüm Maqomayevin və s. disklərini özümlə götürürəm. Hesab edirəm ki, suvenir istehsalına da diqqət yetirmək lazımdır. Bu, ölkəmizdə həm sənətkarlığın inkişafına təkan verər, həm də insanların maddi durumuna müsbət təsir edər.

   - Qarşıdan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 20 illik yubileyi gəlir. Bu müddət ərzində ölkəmiz iqtisadiyyatda, xüsusilə də turizm sahəsində hansı uğurlar əldə edib?

   - Müstəqilliyimizin 20 ilini üç mərhələyə bölmək olar. Birincisi, Azərbaycan müstəqillik qazanan dövrdə böyük bir imperiya dağıldı və Azərbaycan bazar münasibətlərinə keçdi. Bazar münasibətlərinə keçid prosesində transformasiya itkiləri oldu. Yəni 1995-ci ildə Azərbaycan 1990-cı illə müqayisədə özünün ümumi daxili məhsulunun 70 faizə qədərini, sənayenin 72 faizini, kənd təsərrüfatının 50 faizindən çoxunu itirmişdi. Bu dövrdə bütün sahələrdə olduğu kimi, turizm sahəsində də böhran oldu. 1996-cı ildən başlayaraq, 2004-2005-ci illərə qədər olan dövrdə Azərbaycan birinci mərhələdəki itkilərinin yerini doldurmaqla məşğul oldu. Biz 2004-2005-ci illərdə 1990-cı ilin səviyyəsinə çatdıq. Bu dövr bərpa illəridir. Həmin dövrü turizm sahəsində də bərpa və canlanma dövrü kimi qiymətləndirmək olar. Bu illər ərzində turizmin inkişafına dair birinci proqram, «Turizm haqqında» qanun qəbul edildi. 2005-ci ildən sonra Azərbaycanda sürətli artım və yüksəliş dövrüdür. Bu dövrdə ölkəmiz sözün həqiqi mənasında həddən artıq yüksək templə inkişaf etdi. Belə sürətli inkişaf əlbəttə ki, bir sıra sahələrin inkişafına təkan verməliydi. Əhalinin maddi imkanının yaxşılaşması turizm üçün maliyyə bazası rolunu oynamağa başladı. Daxili turizm, onunla paralel olaraq da xarici turizm inkişaf etdi. Nəticədə 2006-2010-cu illərdə Azərbaycana gələn turistlərin sayı 1,6 dəfə artdı. Bu isə yeni hotellərin tikilməsini, kadr hazırlığının genişlənməsini s. diktə etdi. Biz artıq Azərbaycanın inkişafının üçüncü mərhələsində turizmin sürətlə inkişafını görürük bu sürətlə Azərbaycan tezliklə dünyada öz potensialına uyğun turizm ölkəsinə çevriləcək.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 7 oktyabr.- S. 5.