Bir ağacın hekayəsi

 

   Azərbaycanı ikiyə bölmüş Gülüstan müqaviləsindən iki əsr ötsə də, xalqımızın qəlbində qövr edən yaralar sağalmayıb

  

   Sərhəd boyu burdan keçən heç dayanmaz, sürətlə ötər, dala qalamaz. Uzaqdan bir ağac gördüm yepyekə, yanından keçəndə qulağım düşdü səsə:

   - Çox illər əvvəl Mahmud kişi əkmişdi məni burda. Demişdi, meyvələrin ehsan olar bu yolda. Onda Vətən birdi, sərhəd vardı, tikanlı məftillər... Mən əncir ağacıydım, şirin barım, şən iqbalım... Yolçular kölgəmdə dincələr, meyvələrimdən yeyər, ürəklərindəçox sağ ol, çox sağ oldeyərdilər... Fərəhdən ilbəil böyüyürdüm, artırdım. Birdən yollar bağlandı, gediş-gəliş kəsildi, əllər əldən üzüldü, gözlər gözdən çəkildi. Bura sərhəd seçildi...

   Mən iki sərhədin arasına düşdüm, biganəlikdən üzüldüm, üşüdüm... Daha burdan keçənlər az olurdu, onlar da tələsik, qaçaraq... Sərhəddir bura, durma, durma, tez keç... dinclik, əncir, kölgə?.. İllərlə gözlədim, bəlkə bir sərhədçi əl atar barıma, azacıq öyünəm, şirinəm... Amma yox, məni heç görən yox... Sanki bu sərhədi mən çəkdim, ayrılıq toxumun mən səpdim... Bircə ruhlar mənə yaxın düşərdilər, həsrətlərinə qovuşmaq üçün üstümdən keçərdilər. Onlar da mənə biganə, etinasız... Onlar da meyvələrimə təmənnasız...

   Musanın ruhudur ağacda sızıldar, Möhtərəm qarıdır, orada qan ağlar, Xədicə qardaşın, bacısın haraylar, bu Məmməd, o Sura, bu Salman... Sayı yox, sanı yox onların...

  

   * * *

 

   - A bağlar, a bağlar, içində bulağım çağlar... Anam məni qapıya haylar: - Rəml atan, o qızıma xoş gündən danışdın, buna da baxaydın. “Baş üstədeyib o, rəmlini atdı, sevinci çox çəkmədi, üzünün rəngi qaçdı: - deyim, deyim qızına, düzünü söyləyim mən ona. Yoxsulluq, səfalət görürəm, qəriblik, sonsuzluq... - Sus, - deyə hiddətlə coşdu anam, başmağını çıxarıb rəmmalı vuraraq həyətdən qovdu: “Balama yer yoxmu bu boyda bağımda, payı var onun da mülkümdə, varımda, karımda”. Amma yox, ay ana, düz imiş sözləri rəmmalın, çoxunu demədi o zalım... Könlümü verdiyim bu taya qaçanda məni gətirdi. Az sonra qaranlıq gecədə mən onu itirdim... daxmama çəkildim... Sakitlik deyilmiş qismətim, qurtarmaq bilmirdi zillətim. Bizimlə Bakıya gələn qardaşım Məmməd rast gəlmişdi bir rus övrətə. Az sonra başladı müharibə. Qardaşım gedən kimi cəbhəyə arvadı iki uşağın atdı üstümə. Analar balasın südüylə doyurar, mən isə damardan qan verib saxladım onları. Qardaşım dönəndə dedim ki, get evlən, qoy olsun balan, ailən. Uşaqlar burada qalsınlar, meyllərin həmişəlik mənə salsınlar. İllər keçdi, Valyanı köçürdük, Tofiq qeyri millətin qızıyla evləndi, bununla da canım yenə inlədi... Danışsam qurtarmaz macəram. Vaxtın var, ey yolçu? Səninlə bölüşmək istəyir Xədicə bacı.

   - Təbriz altda Sarabdı, yolum yaman xarabdı, apar məni elimə, onda gör qiymətim neçə karatdı... Yollarım bağlı qaldı, ayağım çaşdı qaldı, görsən çətin ölürəm, sinəmə bir şəkil qoy, denən - bura Sarabdı... sən gəldin bu taya, ki mən o taya. Kim bilir ömrümə neçə il qala. Gəlin, gördün çətin can verirəm, denən qardaşın Məşədi Sadıq gəlir səni çiynində apara...

  

   * * *

 

   Bu heybətli ağaca baxıram, meyvənin, yarpağın yerinə üstündən asılıb o taya can atan narahat ruhlar. Eyhamlı baxışımı ağac anlar: - Tək səninkilər deyil burda. Odur, bax, lap yuxarıda Heydərbabanın, Şəhriyarın göndərdiyi güllər ilişib qalıb, çələnglər saralıb. “Yel gələndə ver gətirsin bu yana, bəlkə mənim yatmış bəxtim oyana...” deyən qızlar gözləməkdən yorulub, qocalıb, usanıb... Bəs mənim bəxtim oyanmaq üçün getsin hayana? Biganəlik ocağında yas saxlayan mən bəxti yatmışların qəm ocağıyam...

  

 

   İradə Əsədova

 

   Mədəniyyət.- 2011.- 12 oktyabr.- S. 15.