Müstəqilliyimiz
əbədidir
18
oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi
Günüdür. 1991-ci ildə Sovet İttifaqının
süqutu nəticəsində digər müttəfiq
respublikalar kimi, Azərbaycan da müstəqilliyini elan etdi.
Xalqımız XX əsrdə ikinci dəfə istiqlala, milli
dövlətçiliyə qovuşdu.
1991-ci il avqustun 30-da Azərbaycan
Respublikası Ali Soveti xalqın tələbi ilə
çağırılmış növbədənkənar
sessiyasında “Azərbaycan Respublikasının dövlət
müstəqilliyini bərpa etmək haqqında Bəyannamə”
qəbul etdi. Oktyabrın 18-də isə Ali Sovet “Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı”nı qəbul etdi. Konstitusiya Aktında qeyd
olunurdu ki, müstəqil Azərbaycan Respublikası 1918-1920-ci
illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin
hüquqi varisidir.
Azərbaycanın müstəqilliyini
bərpa etməsi keçmiş SSRİ məkanında və
ondan kənarda cərəyan edən böyük tarixi proseslərin
nəticəsi olsa da, xalqımızın müstəqillik
yolu heç də rəvan olmadı, ilk günlərdən
böyük çətinliklərdən keçdi. Bu
mübarizə yolunda böyük öndər Heydər Əliyevin
rəhbərliyi ilə Naxçıvanda başlanan siyasi
proseslər müstəqillik tariximizin mühüm səhifəsini
təşkil edir. 1990-cı ilin iyulunda Moskvadan
Naxçıvana gələn böyük dövlət xadimi
Heydər Əliyev həmin ilin sentyabrında Naxçıvan
Ali Məclisinin deputatı seçildi. 1990-cı ilin 17
noyabrında Naxçıvan Ali Məclisinin Heydər Əliyevin
sədrliyi ilə keçən ilk iclasında müstəqilliyimizin
əsas atributlarından olan üçrəngli
bayrağımızın Naxçıvan MR-in dövlət
bayrağı olması barədə qərar qəbul olundu.
Xalqımızın müstəqillik mübarizəsi 11 ay
sonra Azərbaycan parlamentində Konstitusiya Aktının qəbulu
ilə məntiqi nəticəyə çatdı. Dövlət
müstəqilliyinin elan olunması Azərbaycanda milli dövlətçiliyin
bünövrəsinin qoyulması demək idi. “1991-ci il
oktyabrın 18-də qəbul olunmuş dövlət müstəqilliyi
haqqında Konstitusiya Aktı cox dəyərli sənəddir.
Bu sənəddə Azərbaycanın müstəqilliyi və
müstəqil dövlət kimi dövlət quruculuğu
haqqında çox dəyərli müddəalar öz əksini
tapmışdır”, - deyə ulu öndər Konstitusiya
Aktının əhəmiyyətini yüksək qiymətləndirmişdi.
Konstitusiya Aktında qeyd olunurdu ki,
Azərbaycan dövləti müstəqil, unitar və dünyəvi
dövlətdir. Azərbaycan xalqı Azərbaycan
Respublikası ərazisində və ondan kənarda yaşayan,
Azərbaycan dövlətinə, onun qanunlarına tabe olan
bütün Azərbaycan Respublikası vətəndaşlarından
ibarətdir. Siyasi hakimiyyət xalqa məxsusdur. Azərbaycanın
dövlət müstəqilliyini ilkin olaraq Türkiyə (9
noyabr 1991), sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991) və
başqa dövlətlər tanıdı.
1992-ci ilin mayında Milli Məclis
Azərbaycan Respublikasının Dövlət himnini,
1993-cü ilin əvvəlində Dövlət gerbini təsdiq
etdi. 1993-cü ilin əvvəlində Azərbaycanın
dövlət müstəqilliyi 100-dən artıq dövlət
tərəfindən tanınmış, 70 xarici dövlət
ilə diplomatik əlaqələr qurulmuşdu.
Müstəqilliyin əldə edilməsi
xalqımız üçün nə qədər
böyük tarixi nailiyyət idisə, onun
qorunub-saxlanılması bir o qədər mühüm idi. Milli
dövlətçiliyimizin qorunub-möhkəmləndirilməsi,
Azərbaycan dövlətinin qazandığı uğurlar ulu
öndər Heydər Əliyevin misilsiz xidmətlərinin nəticəsidir.
Milli liderin dövlətçilik konsepsiyasını uğurla
davam etdirən prezident İlham Əliyevin həyata
keçirdiyi çoxşaxəli siyasi kurs Azərbaycanın
müstəqilliyini daha da möhkəmləndirir. Azərbaycanın
ötən 20 ildə əldə etdiyi nailiyyətlər, həyata
keçirilən məqsədyönlü siyasət əminliklə
söyləməyə əsas verir ki, ölkəmizin dövlət
müstəqilliyi bir də heç vaxt əldən verilməyəcək,
əbədi olacaqdır.
Günel Babayeva,
Səbail
rayon MKS-in Mərkəzi
Kitabxanasının
kitabxanaçısı
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 13.