Musiqi ilə yaşayan insan
Akif Qürbətov: “Sənətkar sənətinə
qiymət veriləndə, özünü xoşbəxt hesab
edir”
Prezident İlham Əliyevin 15 sentyabr 2011-ci il tarixli sərəncamı
ilə təltif olunan sənət adamlarından biri də nəfəsli
alətlərin mahir ifaçısı Akif Qürbətovdur.
Sənətçi “Əməkdar artist” fəxri adının
sevincini qəzetimizlə bölüşdü.
Əslən Şamaxı rayonundan
olan A.Qürbətov Bakıda dünyaya göz açıb.
İxtisasca musiqi müəllimidir. Bütün nəfəs alətlərində
ifa etməyi bacarır. Sovet dövründə fəaliyyət
göstərən müxtəlif ansambllarda
çalışıb, Azərbaycanı dünyanın bir
çox ölkələrində təmsil edib. Hazırda təqaüdçü
olsa da, Mədəniyyət və Turizm Nazirliyinin tədbirlərində
və bir də özünün dili ilə desək, el şənliklərində
həvəslə çıxış edir.
«Valideynlərim musiqiçi olmağımı istəmirdilər»
Sənətçidən öncə
fəxri ad alması xəbərini eşidəndə hansı
hisləri keçirdiyini soruşduq. Bu xəbəri sonsuz
sevinclə qarşıladığını dedi: «Əslində
bu xəbər mənim üçün o qədər gözlənilməz
oldu ki, eşidəndə əvvəlcə inanmadım. Sevimli
xanəndəmiz Zabit Nəbizadə gecə saatlarında zəng
vurub məni təbrik etdi. Bildirdi ki, Əməkdar artist
adı alanların içərisində sənin də
adın var. Sənətkar sənətinə qiymət veriləndə
özünü xoşbəxt hesab edir. Düzdür, sənətkarı
ilk növbədə xalq qiymətləndirməlidir. Elin
gözü tərəzidir deyib atalarımız. Mən
artıq o qiyməti almışam. Dövlət tərəfindən
sənətə verilən qiymətin sevinci isə bir
başqadır. Bu sevinci yaşadığıma görə
ölkə başçısı İlham Əliyevə
öz təşəkkürümü bildirirəm».
Akif müəllim söhbət əsnasında
uşaqlıq illərini və sənətə gəlişini
də yada saldı: «Hələ uşaq olanda mənim nəfəs
alətlərinə sonsuz marağım vardı. Orta məktəbdə
oxuyanda valideynlərimin etirazına baxmayaraq, bir tütək
aldım. Onlar mənim ümumiyyətlə musiqiçi
olmağımı istəmirdilər. Sonralar bu sahəyə
marağımı və istəyimi nəzərə alıb məni
musiqi məktəbinə qoydular. Musiqi məktəbini bitirdikdən
sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna, sonra da Dövlət
Konservatoriyasına daxil oldum. İlk iş yerim hərbi orkestr
oldu, sonralar uzun müddət müəllim işlədim.
Paralel olaraq da «Şənlik» ansamblında ifa edirdim. Demək
olar ki, 70-80-ci illərdə bütün tanınmış
ifaçılar ilk çıxışlarını, sənətə
ilk addımlarını bizim ansamblda atırdılar. Həmin
vaxtlar klarnet ifaçıları da az idi. Ona görə də
müxtəlif ansambllardan çoxlu təkliflər
alırdım. Belə təkliflərdən biri də Əlibaba
Məmmədovdan gəldi. Bir müddət də görkəmli
xanəndəmizin rəhbərlik etdiyi «Humayun» xalq
çalğı alətləri ansamblında
çıxış etdim».
A.Qürbətov bütün nəfəs
alətlərində ifa etməyi bacarsa da, daha çox klarnet
ifaçısı kimi tanınır. Xalqımızın
milli hüzn günü olan 20 Yanvarda
muğamlarımızı çox yanğılı və təsirli
formada klarnetdə ifa edən də Akif müəllimdir. Dediyinə
görə, bu musiqiləri ifa etmək onun üçün
heç də asan olmayıb: «Sənətkar hər şeyi
xalq üçün edir. Yəni həm şad, həm də
matəm günlərində xalqının yanında
olmalıdır. O günlərimiz getsin, bir də gəlməsin».
Xarici ölkələrdə qastrol
səfərlərində çox olduğunu bildirən
müsahibimiz xüsusilə mərhum sənətkar Baba Mirzəyevlə
birgə səfərlərin xatirələrlə zəngin
olduğunu deyir.
Onun sözlərinə görə,
indiyə qədər Birləşmiş Ərəb Əmirliklərində,
Skandinaviya ölkələrində, Danimarka, İsveçrə,
Türkiyə, Almaniya, Fransa, İngiltərə, Rusiya və
digər ölkələrdə çıxış edib.
«Bəzən
mənə ayrılan vaxtı unuduram»
Akif müəllimin üç
oğlu var. Amma heç biri musiqiçi deyil. Həmsöhbətimiz deyir ki, əslində
övladlarının onun
yolu ilə getməsini özü istəməyib. Səbəbini
isə belə izah edir: «Bizim
sənət çox çətin sənətdir.
Kənardan baxanlar fikirləşirlər
ki, bütün günümüzü şənliklərdə,
deyib-gülməkdə keçiririk.
Amma bəzən elə insanlarla qarşılaşırıq
ki, dedikləri sözün qarşılığında
cavab da tapa bilmirik. Düzdür,
unudulmaz anlarımız
da çox olur, üstündən 10 illər ötsə də, xoş bir xatirə kimi həmişə yada salırıq. Amma arzulamadığımız hadisələrlə
də qarşılaşmalı
oluruq. Ona görə də
uşaqların mənim
sənətimi davam etdirmələrini istəmədim».
Söhbət əsnasında Akif müəllim bəzi müasir ifaçılardan
da gileyləndi: «Nə oxuduqları mahnıların sözləri,
nə də özlərini aparmaqları
xoşagələn deyil.
Xalq mahnılarımızın hərəsi
bir böyük əsərdir. Amma gəlin,
görək, müasir
oxuyanlardan neçəsi
bu mahnılara müraciət edir? Əvvəllər bütün mahnılar
Bədii Şura deyilən qurum tərəfindən yoxlanılırdı,
rəy verilirdi. Yalnız bundan sonra o mahnını efirdə oxuya bilərdin. İndi isə kim nə
istəyir, onu da oxuyur».
Akif müəllim bu
gün də gənclik illərindəki
şövqlə ifaçılıq
sənətini davam etdirir. Əsasən isə muğamlarımızı
ifa etməyi sevir. Bəstəkarlardan isə daha çox Cahangir Cahangirovun mahnılarına
müraciət edir.
Amma bu zaman
onu narahat edən məqamlarla da rastlaşır: «Belə mahnıların öz dinləyiciləri
var. Bəzi hallarda klassik musiqilərimizə insanlarda biganəlik görürəm. Bu da məni çox
narahat edir. Şadlıq
evlərinin anormal akustikası da mahnıların keyfiyyətini
öldürür».
«Məni
musiqi yaşadır» deyir müsahibimiz. Musiqisiz həyatını təsəvvür
edə bilmədiyini bildirir. Və bir də sənətkar
xoşbəxtliyinin nə
olduğunun sirrini açıqlayır: «Bəzən
hansısa tədbirdə
kimsə yaxınlaşır
ki, Akif müəllim, necəsiniz?
Baxıram, tanıya bilmirəm.
Özünü təqdim edir
ki, bəs filan vaxtı mənim toyumu siz keçirmisiniz. İnanın,
elə bil dünyanı mənə bəxş edirlər.
Məncə, sənətkar
üçün bundan
böyük xoşbəxtlik
ola bilməz».
Fəxriyyə Abdullayeva
Mədəniyyət.- 2011.- 12
oktyabr.- S. 12.