Yetmiş
yaşlı cavan
Təbəssümlü
yubiley yazısı
...Ağaxan
Salmanlı səhnəyə təsadüfən yox, taleyin
hökmü ilə gələn aktyorlardandır. 50 ildən
çoxdur ki, onun yolu səhnədən keçir. Bu illər
ərzində o, səhnədə müxtəlif xarakterli,
müxtəlif xasiyyətli, müxtəlif əqidəli
insanların fərqli, bir-birinə bənzəməyən
obrazlarını özünəməxsus ustalıqla
oynayıb. Ağaxan Salmanlı həm də o xoşbəxt
aktyorlardandır ki, balaca, epizodik rolları bir ştrixlə,
bir jestlə, bir sözlə əsas, yaddaqalan obrazlar səviyyəsinə
qaldırmağı bacarır.
Çünki onun istedadı ilə
intellekti bir-birini tamamlayır. Öyrəndikləri
ilə kifayətlənməyib öyrənmədiklərini
öyrənir. Onunla tək teatrdan yox, ədəbiyyatdan,
musiqidən də söhbət etmək maraqlıdır.
Ağaxan Salmanlı
həm də tamaşaçılar tərəfindən sevilən
aktyordur. Bu sevginin arxasında onun səmimiyyəti
dayanır...
Oktyabrın 29-da Gənc
Tamaşaçılar Teatrının aktyoru, Xalq artisti
Ağaxan Salmanlının 70 yaşı tamam olacaq. Həyatının
50 ildən çoxunu teatr sənətinə həsr edən
Ağaxan Salmanlı ömrünün 70-ci payızından
dönüb gəldiyi yollara baxdı...
- Bütün fəsillərin
öz gözəlliyi olduğu kimi ömrün
payızının da öz gözəlliyi var. Payızda
yarpaqlar saralır, tökülür, təbiət öləziyir,
amma bununla yanaşı payız həm də barlı-bəhərli
fəsildir. Mənə elə gəlir ki,
yaradıcılığımın ən bəhrəli, bol
dövrünə indi - ömrümün payızında gəlib
çatmışam. Və bu dövrdən
dönüb yaradıcılıq yoluna nəzər yetirəndə
ilk olaraq uşaqlıq illərimi xatırlayıram.
Mən Bakıda - Yeni Suraxanıda
dünyaya gəlmişəm. Atam poeziya həvəskarı
idi, Əli Fani təxəllüsü ilə şeirlər, qəzəllər
yazırdı. Yadımdadır, evimizdə
tez-tez ədəbi məclislər qurulurdu. Mən də onlara qulluq edirdim. Anam
isə bağçada tərbiyəçi işləyir,
uşaqların bədii tərbiyəsi ilə məşğul
olurdu. Bağçada, müxtəlif səhnəciklər
hazırlayanda anam da məni o tədbirlərə cəlb eləyirdi.
Yəqin ki, o mühitin mənə təsiri
oldu. Amma böyüyüb orta məktəbi
bitirəndə sənət seçimim ailədə müsbət
qarşılanmadı.
- Maraqlıdır, niyə?
- Dedilər, bu sənətə
getmə, aclıqdır (gülür), amma mən inanmadım.
Ürəyimin səsinə qulaq asdım, aktyor
oldum.
Bu məqamda balaca bir
haşiyə çıxıb deməliyəm ki, Ağaxan
Salmanlı orta məktəbi bitirib aktyor olmaq sevdasına
düşəndə, valideynləri əməlli-başlı
narahat olur. Elmlər Akademiyasında işləyən Əli
kişi oğlunu bu fikrindən
daşındırmaq üçün Fizika İnstitutunda
işə düzəldir. Ağaxan yay
aylarında üç ay mühasib işləyir və
günlərin birində işini atıb Kukla Teatrına gedir.
O gedən, bu gedən...
- Cavanlığımda çox
utancaq idim, amma səhnəyə həvəsim o qədər
güclü idi ki, səhnədən əl çəkmədim.
Rola hazırlaşırdım,
tamaşaçı qarşısına çıxmaq istəyəndə,
utanırdım. O utancaqlıq mənimlə xeyli yol
yoldaşı oldu. Teatr İnstitutunun dram-kino aktyorluğu
fakültəsində təhsil alanda özümə inamım
bir az artdı. Ancaq
“dördüncü divar” söhbəti uzun illər məni tərk
etmədi. Sovet vaxtı teatrımız 10 il
təmirə dayandı. On il ərzində
teatrımız səyyar fəaliyyət göstərdi. Rayonlarda qastrollarda olduq, tamaşaçı ilə
üz-üzə, göz-gözə dayandıq. Belə-belə dördüncü divarı
tamaşaçı özü qırdı.
“Sən
sənətkar olacaqsan”
- İnstitutda
oxuduğum vaxt Rauf Kazımovski televiziyada “Danabaş kəndinin
əhvalatları” tamaşasını
hazırlamışdı. Həmin
tamaşada Əliağa Ağayev Xudayar bəy rolunu, mən də
Səkinə xanımın oğlu Əliqulu rolunu
oynayırdım. Maraqlı bir rol idi.
Mən Xudayar bəyin qızını istəyirəm,
Xudayar bəy də anamı istəyir, anam da ona getmir.
Orda maraqlı bir səhnə vardı, mən anama
çımxırırdım ki, get də Xudayara. Məqsədim var axı. Anamın
üstünə çımxıranda bilərəkdən səsimdə
xoruz buraxırdım. Rauf Kazımovskinin
ürəyi gedirdi. Deyirdi ki, tələbə
ola-ola bu rola belə incəliklə yanaşırsansa gələcəyin
var, sən sənətkar olacaqsan.
Gənc
Tamaşaçılar Teatrında fəaliyyətə
başlayan Ağaxan Salmanlı bir-birindən maraqlı obrazlar
yaradır.
Seyfəddin
Dağlının Cəfər Cabbarlının həyatından
bəhs edən “Bahar oğlu” əsərində Cəfər
Cabbarlı obrazı Ağaxan Salmanlının böyük
teatrda debütü olur. Vilyam Şekispirin "Romeo və
Cülyetta"sında Romeo, Nəcəf bəy Vəzirovun
“Hacı Qəmbər”ində Cəbi, İmran Qasımov və
Həsən Seyidbəylinin birgə qələmə
aldıqları “Sən nə üçün
yaşayırsan”da Səməd, Altay Məmmədovun
“Yadındamı” tamaşasında Dinar obrazları həyatiliyi,
təbiiliyi ilə yadda qalır, istedadlı aktyor tezliklə
tanınıb məşhurlaşır.
Ağaxan Salmanlının
bir aktyor kimi tanınıb məşhurlaşmasında
televiziya tamaşalarının və ədəbi-bədii
verilişlərin də böyük rolu olur. Üzeyir
Hacıbəyovun telenovellaları əsasında hazırlanan
“Ordan-burdan” televiziya tamaşasında yüksək sənətkarlıqla
oynadığı doktor Bayram və “Səhər
görüşləri”ndə yaratdığı Feliçita
rolları tamaşaçılar tərəfindən
sevilir.
“Bizim
sənətdə tamaşaçı sevgisi əsasdır”
- Tələbə vaxtı Arif
Babayevin, Rauf Kazımovskinin, Ağəli Dadaşovun dəvəti
ilə televiziyanın “Səhər görüşləri”, “Yumoristik
hekayələr”, “Satirik novellalar” verilişlərində, xeyli
sayda televiziya tamaşalarında iştirak etmişəm. Azərbaycan Dövlət Televiziyasına ona görə
minnətdaram ki, populyar olmağımda, tanınmağımda,
sevilməyimdə bu televiziyanın müstəsna xidmətləri
olub. Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin
əhvalatları”, Qılman İlkinin “Bam nağılı”
televiziya tamaşalarında oynadığım obrazlar öz
yerində, məni televiziyada ən çox tanıdan
rollarım “Ordan-burdan” tamaşasında oyandığım
doktor Bayram, bir də “Səhər görüşləri”ndə
oynadığım Feliçita rollarım oldu. “Ordan-burdan”da
kiçik bir rolda mən xarakter yarada bildim. “Eto mne nado?” sözü bir anın içində
qanadlanıb uçdu. “Mani mani
Feliçita” sözləri də qanadlı oldu. Aktyor ömrü boyu çoxlu rollar oynayır, ancaq
onların içində bir-iki rolu seçilən, sevilən
olur. Onu da biz seçmirik,
tamaşaçı seçir. Ona görə
də bizim sənətdə tamaşaçı sevgisi əsasdır.
- İstərdim 50 illik sənət
yolunuzun ən yaddaqalan üç məqamını
xatırlayasınız...
- Çətin sual oldu... “Bahar oğlu” tamaşasında oyandığım Cəfər
Cabbarlının obrazı mənim üçün çox
möhtəşəm bir rol idi. Cəfər
Cabbarlı obrazı qəribə bir obraz idi. Bu obrazda həm dramatiklik, həm liriklik, həm də
faciə vardı.
İkincisi, 1971-ci ildə
mənim teatrdan çıxarılmağım oldu. Bu mənə ən böyük zərbə idi.
Teatrımızda Etel Lilian Voyniçin “Ovod” əsərini
tamaşaya qoymuşdular, mən də Ovod rolunu
oyanırdım. O dövrdə ən uğurlu
tamaşalarımızı Akademik Dram Teatrının səhnəsində
oynayırdıq. Belə oldu ki, axşam bu
tamaşanı oynadıq, çox da uğurla oyandıq.
Səhəri gəlib gördüm ki, “Qaraca
qız” tamaşasında mənə meymun rolunu veriblər.
Bu mənə çox pis təsir etdi. O
rolu oynamadım, məşqlərə getmədim. Cavan idim, ağılla yox, emosiya ilə hərəkət
etdim. Roldan imtina elədiyimə və əmək
intizamını pozduğuma görə məni işdən
çıxartdılar. Gedib üç il
Mədəni-Maarif Texnikumunda dərs dedim.
Bu da taleyin bir
işidir. Mədəni-Maarif Texnikumunda dərs
deyərkən, tələbəmlə ailə qurdum. Üçüncü yaddaqalan məqam isə təkrar
teatra qayıtmağım oldu. Düzdü,
kollektivdə təzədən özümü təsdiq eləmək
çətin oldu, amma bir-iki roldan sonra Altay Məmmədovun
“Yadındamı” əsərində oynadığım Dinar
obrazı ilə səhnədə bir daha özümü təsdiqlədim.
Bu rol mənə uğur gətirdi.
Ağaxan Salmanlı
aktyor olmaqla yanaşı özünün dramaturgiya və
rejissorluq sənətində də sınayıb. Uşaqlar üçün yazdığı pyeslər
(“İgidlik imtahanı”, “Niyyət gecəsi” və s.) müxtəlif
teatrların səhnəsində tamaşaya qoyulub. Ağaxan Salmanlı quruluşçu rejissor kimi Dərbənd
Azərbaycan Dram Teatrında 10 tamaşaya quruluş verib,
ümumilikdə isə müxtəlif teatrlarda 30
tamaşanın quruluşçu rejissoru olub. “Pul dəlisi”,
“Məhəbbət bir bəladır”, “Məzəli hadisə”,
“Nənənin kələyi”, “Dovşanın ad günü”,
“O da mənəm, bu da mənəm” tamaşaları maraqlı
rejissor yozumu, incə musiqi duyumu, rəqsləri ilə yadda
qalıb.
Ağaxan Salmanlı
eyni zamanda üç kitab müəllifidir. Onun ən
çox sevdiyi dramaturqlar isə Cəfər Cabbarlı, Vilyam
Şekspir və Karlo Qaldonidir...
Son 10 ildə ən çox sevdiyi
rolu isə Elçinin “Ağ dəvə” əsərində
oyandığı Balakərim roludur...
- Hamı məni komik aktyor kimi
tanıyır. Amma mən dramatik rolları daha
çox sevirəm. Bu mənada Balakərim
rolu sevdiyim rollardan biridir.
- Bildiyimizə görə, filmlərə
az çəkilmisiniz. Bunun səbəbi
nədir?
- Kinoda məni rejissorlar görmürlər.
Həmişə xırda-para rollara çəkilmişəm.
Son vaxtlar tez-tez filmlərə dəvət
olunuram.
- Səhnənin o üzündəki
Ağaxan Salmanlı kimdir?
- Çox sadə, çox aciz,
utancaq, kömək olmasa küncdə qısılıb qalan
bir kəs. Ağaxan bax, budur.
- Bir insan kimi istəyirəm
özünüzü xarakterizə edəsiniz.
- Bircə bunu deyə bilərəm
ki, bir insan kimi pislik eləmək məndə alınmır,
bacarmıram (gülür).
- Ömrünüzün bu məqamında
ürəyinizdən hansı rol keçir? Özünüz
özünüzə hansı rolu arzulayırsınız?
- Ürəyimdən
Kral Liri oynamaq keçir. Özüm
özümə bu rolu arzulayardım.
- Adamın inanmağı gəlmir
ki, 70 yaşınız tamam olur. Özünüz
necə, buna inanırsınız?
- Mənim də inanmağım gəlmir. Amma bu faktdır, gərək faktla barışam, çarəm yoxdur... (gülür).
Təranə
Vahid
Mədəniyyət.- 2011.-12 oktyabr.-
S. 10.