“Azərbaycan
gözəl və cazibədar ölkədir”
Niderland televiziyasının çəkiliş qrupu
respublikamızın mədəni və turizm potensialı ilə
tanışlıqdan zəngin təəssürat alıb
Xəbər
verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin dəvəti,
Azərbaycanın Niderlanddakı səfirliyinin təşkilatçılığı
ilə bu ölkədə fəaliyyət göstərən
Max TV kanalının prezidenti Yan Şlaxterin rəhbərliyi
ilə şirkətin 5 nəfərlik çəkiliş qrupu
oktyabrın 2-dən 9-dək ölkəmizdə səfərdə
olub.
Max TV Niderlandın
populyar kanallarından
biridir. Nümayəndə
heyəti bir həftə ərzində
paytaxt Bakıda və müxtəlif regionlarımızda (Qəbələ,
Quba, Şəki, İsmayıllı və
s.) olub, Azərbaycanın
füsunkar təbiəti,
qədim tarixi, zəngin mədəniyyəti,
turizm potensialı, mətbəxi haqqında çəkilişlər aparıb.
Çəkiliş qrupu Bakıdakı
tarixi və müasir binaları, paytaxt sakinlərinin istirahətini, Bakı və regionların səmadan görüntüsünü
lentə alıb.
Niderlandlı telejurnalistlər
həmçinin mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevdən, «Eurovision 2011»in qalibləri
Nigar Camal və Eldar Qasımovdan
müsahibələr alıb,
Azərbaycanın qədim
xalçaçılıq sənəti barədə,
Bakının keçmişi
və müasir dövrü mövzusunda yaşlı və gənc nəslin nümayəndələri ilə
söhbətlər edib.
Bu materiallar əsasında
Azərbaycana həsr olunmuş iki hissəli sənədli
film hazırlanacaq.
Azərbaycana səfərlərinin sonuncu
günü Max TV-nin prezidenti Yan Şlaxterlə
görüşüb təəssüratlarını
öyrəndik:
- Bu mənim Azərbaycana ilk səfərimdir.
Etiraf edim ki, bu ilin
may ayına qədər
ölkəniz haqqında
heç nə bilmirdim. Amma təmsilçiləriniz
«Eurovision» musiqi yarışmasında
qalib olduqdan sonra Azərbaycan haqqında araşdırma
apardım və ətraflı məlumat topladım. Bura gəldikdən sonra
isə məndə belə bir təəssürat
yarandı ki, sanki bu ölkəni
uzun illərdir tanıyıram. Mən Azərbaycanı
inkişaf etmiş,
modern, eyni zamanda zəngin tarixə, mədəniyyətə malik
ölkə kimi tanıdım. Bakı da
daxil olmaqla, ölkənizin əksər
şəhər və
regionlarını gəzmək
imkanım oldu. Hər tərəfdə tikinti, abadlıq işləri gedir. İnsanlarınız çox mehribandır.
Xüsusilə Bakı bizdə
dərin təəssürat
yaratdı. Burada modern səviyyədə,
XXI əsrin tələblərinə
cavab verən inkişaf gördüm.
Şəhər müasirliyinə və böyüklüyünə
görə Avropa şəhərlərindən qətiyyən
geri qalmır. Regionlara səfərimiz Qəbələdən
başladı. Dağların qoynunda yerləşən,
təmiz havası, gözəl şəraiti
olan bu bölgədə
hər şey bir-birini tamamlayır.
Quba rayonuna səfərimiz də bizi çox
təsirləndirdi. Bura əsl
tolerantlıq nümunəsidir.
Dünyanın heç
bir yerində üç dinin - müsəlman, xristian və yəhudi təriqətlərinin daşıyıcısı
olan millətlər bir yerdə belə mehriban şəraitdə yaşamır.
Azərbaycandakı bu tolerantlıq
mühiti bütün
dünya üçün
bir nümunədir.
- Bu il
Azərbaycanın dövlət
müstəqilliyini bərpa
etməsinin 20 ili tamam olur. Şərqlə Qərbin qovuşduğu məkan olan Azərbaycanın özünü
həm də bir Avropa ölkəsi
kimi təsdiq etdiyini demək olarmı?
- Azərbaycanda
dövlət tərəfindən
hər sahəyə yüksək səviyyədə
investisiya qoyulur. Bunu iqtisadiyyatın bütün
sahələrində, xüsusilə
də turizmdə aydın müşahidə
etmək mümkündür.
Səfər etdiyimiz bölgələrdə
də bunu gördük. Bu isə
həm də çoxlu iş yerlərinin açılması
deməkdir. Bütün bunlar insanların
sosial vəziyyətinin
yaxşılaşmasına xidmət edir. Hesab edirəm ki, Azərbaycan müstəqillik
illərində uğurlu
inkişaf yolu keçib, müsbət nəticələr əldə
edib.
Onu da qeyd edim ki, Azərbaycanın
«Eurovision» musiqi yarışmasında
qələbəsi ölkənizi
başqa bir istiqamətdən dünyaya
tanıtdı. Mən
inanıram ki, ölkəniz gələn
il bu
yarışmaya ev sahibliyini yüksək səviyyədə həyata
keçirəcək. Çünki bununla bağlı geniş hazırlıq müşahidə olunur.
- Hazırlayacağınız
film Azərbaycanı necə
tanıdacaq?
- Azərbaycanda
olduğumuz müddətdə
çoxlu çəkilişlər
etdik. Bu, həm
ölkədəki inkişafla
bağlıdır, həm
də ölkənizin
turizm potensialını,
«Eurovision-2012”yə hazırlığı
əks etdirir. Bütün çəkilişlərimiz Azərbaycanın
Avropada tanıtımına
xidmət edir. Çəkdiyimiz materiallar əsasında
yaxın günlərdə
Niderland televiziyalarında
bir neçə verilişimiz nümayiş
etdiriləcək.
- Azərbaycanı
inkişaf etmiş bir turizm ölkəsi
kimi təqdim etmək olarmı?
- Azərbaycan artıq bir turizm ölkəsi kimi tanınmağa başlayıb. Ölkədə bu sahə vacib sektorlardan biridir. Burda olduğum müddətdə
özüm də şahidi oldum ki, turizm Azərbaycanda
sürətlə inkişaf
edir. Hotellərin, xüsusilə beynəlxalq
brendli mehmanxanaların
sayının artması,
güclü infrastruktur
dediklərimin təsdiqidir.
Bu inkişafın regionlarda heç də paytaxtdan geri qalmaması isə gələcəkdə
əldə ediləcək
uğurlardan xəbər
verir. Yerli əhalinin qonaqpərvərliyi
turizm sahəsində ən vacib şərtlərdən
biri hesab edilir. Bura ayaq basdığım
ilk gündən mən
azərbaycanlılardan ancaq
mehribanlıq, nəzakətli
rəftar və mədəni davranış
gördüm. Bütün bunların
hamısı təbii
ki, hazırladığımız
süjetlərdə öz
əksini tapacaq.
Bir vacib məqama
da toxunmaq istərdim. Bu il Azərbaycan üç əhəmiyyətli
hadisənin sevincini yaşayır. Həm ölkənizin müstəqilliyinin
20 illiyidir, «Turizm ili» çərçivəsində
çox vacib tədbirlər keçirilir
və gələn il Bakıda
keçiriləcək «Eurovision» hazırlıqları davam
edir. Mən məhz belə
bir vaxtda Azərbaycana gəldiyim üçün çox xoşbəxtəm.
Bu məqamda
Max TV-nin layihə rəhbəri Tul Melvin də söhbətə qoşulur və təəssüratlarını bölüşür:
- Cənab
Yan Şlaxterin suallarınıza
cavabları mənim də ürəyimdən keçənləri əks
etdirir. Mən də bir məqama toxunmaq istərdim. Bakının bütün maraqlı
yerlərində olduq.
Müasir şəhər,
hündür binalar, xarici markalı maşınların şütüdüyü
geniş küçələr...
İnsan
özünü sanki bir Avropa şəhərində
hesab edir. Bu, Azərbaycana ilk səfərim olsa da, sonuncu deyil.
Dostlarıma, ətrafımda olan
insanlara Azərbaycanı
gözəl və cazibədar bir ölkə kimi təsvir edəcəm.
2012-ci ildə Bakıda keçiriləcək
«Eurovision» musiqi yarışmasını
canlı olaraq izləmək arzusundayam.
İnşallah, qismət
olsa, gələn il yenə
də buraya gələcəyəm.
Fəxriyyə Abdullayeva
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 9.