Azərbaycan incəsənətinə layiqli töhfə

 

   “Yaranış” xalçaçılıqda yeni sözdür

  

   Son illər Azərbaycan xalçaçılığında bu sahənin xiridarlarını ən çox heyrətləndirən xalçaçı-rəssam Eldar Mikayılzadə olmuşdur desək, yanılmarıq. Tanınmış xalça ustası haqqında söz açmaq istədiyimiz yeni əsəri ilə sənət axtarışlardan yorulmadığını bir daha təsdiqləmişdir. Bir-neçə gün əvvəl son ilmələri vurulan bu xovlu xalça “Yaranış” adlanır. Toxunuşu iki il çəkən əsərin ölçüsü 150 x 230 sm-dir. “Yaranış” mövzusuna və bədii həllinə görə xalça sənətində oxşarı olmayan sənət nümunəsidir.

  

   Mürəkkəb kompozisiyalı, çoxfiqurlu əsərin süjet xəttini xalçanın yaranması təşkil edir. Özlüyündə çox maraqlı olan bu prosesi ardıcıllıqla izləməklə müəllif ona ilk dəfə xalçaçılığın özündə cəlbedici və yaddaqalan bir bədii görkəm verməyə nail olmuşdur. Öncədən deyək ki, milli etnoqrafiyamızın ayrılmaz hissəsi olan xalçaçılığa bu cür tutumlu bədii münasibət haradasa mahiyyətcə böyük Şəhriyarın “Heydərbabaya salam” poemasındakı adət-ənənələrimizə tutulan poetikgüzgü xatırladır. Təbii ki, baş verən həyatı hadisələrin təravətini qoruyub saxladığına və insan duyğularını qanadlandırdığına, bütünlükdə isə təsvir olunanlar çox şirin bir hekayətə bənzədiyinə görə...

   Eldar Mikayılzadənin ərsəyə gətirdiyi “Yaranış nağılı” xalçanın aşağı hissəsindən başlanır. Çobanın qoyun otarması, südün sağılması, nehrənin çalınması taleyini kəndə bağlamış azərbaycanlıların gündəlik həyatının tərkib hissəsi olduğundan, görüntüyə gətirilənlər bu səhnəni nə vaxtsa bircə dəfə də olsun müşahidə edən hər kəsə çox duyğulandırıcı görünür. Yunun qırxılması, onun çayda yuyulub-qurudulması, ardınca isə çırpılması, daranması və əyrilməsi səhnəsi toxunulacaq yeni xalça üçün xammal hazırlığının növbəti mərhələsi kimi kompozisiyaya daxil edilib. Növbəti süjetdə təbii boyağın hazırlanması və ipin boyadılmasından sonra qurudulmasının təsviri də artıq toxucuların az sonra başlayacaqları maraqlı işin həsrəti ilə yaşadıqlarından xəbər verir. Kələfin və ipəyin açılması səhnəsi ilə müəllif “yaradıcı qrupun çətin və maraqlı prosesə başlayacaqlarına işarə edib. Toxunulacaq xalça üçün çeşninin hazırlanması və dəzgahın gətirilməsi səhnələri artıq yaradıcılıq prosesinin başlanma ərəfəsində olduğunu göstərir. Kompozisiyaya keçə və həsirin toxunulmasının daxil edilməsi də məqsədli olub, sonralar zərif naxışları ilə dünyanı heyrətləndirəcək xalçalarımızın qədim “sələflərini” xatırlatmaq məqsədi daşıyır. Ərişin uzadılması, üfüqi dəzgahda toxunma prosesinin baş tutması, cecimin ərsəyə gətirilməsi, ən nəhayət, xalçanın toxunub tamamlanması və kəsilməsi prosesin davamını və cəlbedici süjetin sonrakı məqamlarını əyaniləşdirir.

   Artıq hazır olan xalçanın yuyulması və qurudulması ilə toxucuların həyəcanlı anları arxada qalsa da, bundan sonra onların baxışlarına fərqli məzmuna bələnmiş həsrət “qonur”, desək, həqiqəti ifadə etmiş olarıq. Xalça ustası bunu ilk baxışda təzadlı, ancaq mahiyyətcə nikbinliyə köklənmiş iki motivi kompozisiyaya daxil etməklə nail olub. Belə ki, əgər sağ yuxarı küncdəki süjetdə uzunqulaqla bazara xalça satmağa gedən atasının onu özü ilə aparmadığı üçün ağlayan uşaq, soldakı süjetdə isə atanın uğurlu alış-verişdən sonra dəvə ilə dönüşü, uşaqların oynaması, sevinc içində olması təsvir olunub. Xalçaçı-rəssamın səhəri günəşli, axşamı isə aylı təsvir etməsi baş verənlərə zaman konkretliyi vermək baxımından diqqət çəkir. Bu iki süjet əslində görülən çoxsaylı işlərin müsbət nəticəsini özündə əyaniləşdirib. Xalçanın mərkəzində bir ailənin görüntüyə gətirilməsi də bu maddi-mədəniyyət nümunəsinin birləşdirici qüvvəyə malik olduğunu göstərmək istəyindən irəli gəlib. Onların başı üzərindəki hanada bir-neçə toxucunun ilmə-ilmə Azərbaycan xalçaçılığının şah əsərlərindən sayılan “Şeyx Səfi” kompozisiyasını gerçəkləşdirməsi də rəmzi məna daşıyıb, milli-mənəvi dəyərlərimizin zəngin tutumunun dünya miqyaslı olduğunu göstərmək məqsədi daşıyır. Xalçadakı təbiətlə bağlı motivlər, xüsusilə ağacların təsviri heyranedici biçimdədir. Xalçaçı-rəssamın bu motivləri məna-məzmun daşıyıcıları olan obrazlarla uğurla əlaqələndirməsi bütünlükdə əsərin çox inandırıcı görkəm almasını şərtləndirmişdir.

   Bu çoxfiqurlu kompozisiyada Eldar Mikayılzadə özünü Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Sultan Məhəmməd, doğma yurdun bənzərsiz tərənnümçüsü dahi Səttar Bəhlulzadə, xalça sənətimizin korifeyi sayılan müəllimi Lətif Kərimov və heç vaxt öz məsləhətlərini ondan əsirgəməyən sənət bilicisi Cəfər Mücirinin obrazları ilə yanaşı təsvir etməklə bu şəxsiyyətlərin işıqlı xatirəsinə öz ehtiramını bildirmək istəyib. Xalçanın kəsilməsində iştirak edənlər arasında xalçaçı-rəssam Afətin, toxuculardan Zümrüd və Səfurənin təsvir olunması da müəlliflə uzun illər ərzində əməkdaşlıq edənlərin əməyinin dəyərləndirilməsi kimi qəbul olunur.

   Bütün bu şərh olunan süjetlər məcmusunu rəssam yeni xalçanın kağızdakı çeşnisi kimi təqdim edib. Başqa sözlə desək, zənginliyi ilə seçilən bu təsvir qurulmuş hananın üzərindədir. Onu da qeyd edək ki, yüzlərlə ecazkar xalçanın toxunduğu dəzgah sənətdə ilk dəfə olaraq məhz bu əsərdə görüntüyə gətirilib.

   Bədii şərtiliyinə baxmayaraq hananın ətrafının kifayət qədər real görkəmdə olması xalça toxunan şəraiti bütün incəliyinə kimi duymağa imkan verir. Sanki toxucular bir anlığa yerini tərk ediblər və üzərində çalışdıqları xalça ilə tamaşaçıları göz-gözə qoyublar. Oturacağın üzərindəki müxtəlif rəngli saplar, içilmiş çay stəkanları, qənddan, üzərlik, Novruz atributları və s. əşyalar təqdimatına görə çox təbii görünürlər. Oturacağın altında “gizlədilmiş” süpürgə, bir-neçə cüt başmaq, ən nəhayət yaranmış sakitlikdə yuxu “bişirən” pişiyin təsviri isə bütün əsərə hakim kəsilən səmimiliyi tamamlayır. Çeşnini üst tərəfdən əhatələyən rəngbərəng saplar, eləcə də duyulası həssaslıqla hananın sol dayağı üzərinə yapışdırılan və müəllifi nənəli günlərinə qaytaran balaca fotoşəkil də xalçanın tutumlu məna-məzmun daşıyıcısı olan elementlərindən heçaz əhəmiyyət kəsb etmir. Bu yerdə demək lazımdır ki, Eldar Mikayılzadənin əksər xalçalarında olduğu kimi “Yaranış”da da ölçüsündən asılı olmayaraq bütün elementlər əsərin məzmununun zənginləşməsinə xidmət edir. Assimetrik biçimli bu xalçada çoxsaylı fiqurların yerləşdirilməsində müəllif miniatür bədii prinsiplərinə tapındığından qələbəliyə baxmayaraq onların hər biri görünən və məğzini-tutumunu sərgiləyəndir. Əlvanlığı ilə göz oxşayan xalçada 98 qəhvəyi-sarı, 76 boz, 68 qırmızı, 65 yaşıl, 42 mavi və digər rəng çalarlarından, o cümlədən 20 cür ipək sapdan istifadə yaradıcılığının çiçəklənmə dövrünü keçirən görkəmli xalçaçının yüksək sənətkarlığını və incə rəng duyumunu əks etdirir.

   Fikrimizcə, bu xalça milli dekorativ-tətbiqi sənətimizi, bütünlükdə isə incəsənətimizi zənginləşdirə biləcək layiqli töhfədir. Bu yerdə bir məsələni dilə gətirməklə, “Yaranış” barəsində qısa tanışlığı bitirmək istəyirik. Bir qərinədən çox müddətdə yaradıcılıqla məşğul olan Eldar Mikayılzadənin Azərbaycanda cəmi beş əsəri muzey eksponatına çevrilib. Bu vaxta qədər yaratdığı əsərlərin 10-u respublikamızda, 40-ı isə müxtəlif xarici ölkələrdəki çox nüfuzlu şəxsi kolleksiyalardadır. Görəsən, əsl sənət incisi olan “Yaranış” gələcəkdə hansı ekspozisiyaya kolleksiyanı bəzəyəcək?

  

 

   Ziyadxan Əliyev,

   Əməkdar incəsənət xadimi

 

   Mədəniyyət.- 2011.- 12 oktyabr.- S. 8.