"Xəzər
dostluq dənizidir"
Qazaxıstanın Aktau şəhərində mədəniyyət
festivalı keçirilib
Oktyabrın
5-8-də Qazaxıstanın Manqistau vilayət hakimliyinin təşəbbüsü
ilə Aktauda "Xəzər dostluq dənizidir"
festivalı keçirildi. Xəzəryanı ölkələrin
incəsənət, əl sənətkarlığı
ustalarının iştirak etdiyi festivalda Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin
müdiri Fikrət Babayevin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə təmsil olundu.
Festival çərçivəsində
Aktaudakı Dövlət Diyarşünaslıq muzeyində tətbiqi
sənət əsərlərinin sərgi-müsabiqəsi
keçirildi. Azərbaycanlı ustaların əsərləri
sərgiyə gələnlər tərəfindən maraqla
qarşılandı.
Bədii və xalça sapları
ilə toxuma ustası Şəhla Əsgərovanın Qazax
xalçaçılıq məktəbinin naxış
nümunələrindən istifadə etməklə tikdiyi
araqçınlar, batika ustası Mehriban Əliyevanın ipək
üzərində rəngkarlıq işləri tədbir
iştirakçılarında xoş təəssürat
yaratdı. Pərvanə Eyyubovanın kağız
materiallarından, akvareldən, yağlı boyadan, bədii
tikmələrdən, yapmalardan istifadə edərək
yaratdığı bədii kompozisiyalar rəngarəngliyi ilə
seçilirdi. Nahid Vahabov dekorativ tətbiqi sənət
ustası kimi işlərini təqdim etdi. Onun ağac, daş
üzərində oyma işləri, balıqqulağılardan
qurduğu çiçəklər, çay daşlarından
istifadə etməklə yaratdığı əsərlər,
xüsusilə də Azərbaycan muğam
üçlüyünün musiqi alətləri - kiçik
ölçüdə tar, kaman və qavalın çərçivədə
nümayişi sərgi ziyarətçilərinin
marağına səbəb oldu.
Namiq Məmmədovun ağac üzərində
oyma, keramika, neftlə çəkilmiş rəsmləri də
iştirakçıların diqqətini çəkdi. Qız
qalası, İçərişəhər və
Bakının görməli yerlərini əks etdirən bu
işlər təsvirlərə baxan insanlarda xoş təəssürat
yaratdı.
Maraqlı və rəngarəng tədbirlərə
səhnə olan festival qonşu ölkələr və
qonşu mədəniyyətləri bir araya gətirmək
baxımından da maraqlı idi. Azərbaycanlı sənətkarların
əl işləri münsiflər heyəti tərəfindən
yüksək qiymətləndirildi, müsabiqənin
diplomlarına layiq görüldü.
”Xəzər dostluq dənizidir”
festivalı çərçivəsində caz
ifaçılarının müsabiqəsi, idman oyunları, həmçinin
Xəzəryanı ölkələrin iqtisadi
potensialını əks etdirən sərgi və region ölkələri
işgüzar dairələrinin əməkdaşlıq əlaqələrinin
inkişaf etdirilməsinə dair “dəyirmi masa\\\"
keçirildi. Festival çərçivəsində baş
tutan iqtisadi sərginin təşkilində Azərbaycanın
Aktaudakı Baş konsulluğunun və Qazaxıstandakı Azərbaycan
iş adamları assosiasiyasının da böyük rolu oldu.
Şahin Məmmədxanoğlu
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 7.