“Kitab karvanı” yenə yola
çıxacaq
Fizurə Quliyeva: “Məqsəd uşaqların mütaliəyə
həvəsini artırmaqdır”
F.Köçərli
adına Respublika Uşaq Kitabxanası «Kitab karvanı: Uşaq
və yeniyetmələr üçün səyyar kitab sərgisi»
layihəsini uğurla həyata keçirdi. Ölkəmizin
müstəqilliyinin 20 illiyi münasibətilə təşkil
olunan tədbir Gəncə şəhəri, Goranboy, Şəmkir,
Tovuz, Qazax, Ağstafa rayonlarını əhatə edib.
Layihə çərçivəsində
yerli uşaq kitabxanalarının fondları da zənginləşdirilib.
Uşaqlar arasında təşkil olunan «Tap görüm»
viktorinası, «Bu da mən» adlı rəsm müsabiqəsi tədbiri
daha da rəngarəng edib. Uşaqların mütaliəyə
həvəsini təşviq etməyə, onların maariflənməsinə
yönəlmiş layihə barədə kitabxananın
direktoru Fizurə Quliyeva ilə söhbət etdik.
Kitabxana rəhbəri
qarşıya qoyulan məqsədə
çatdıqlarını bildirdi: “Bölgələrə hər
dəfə səfər edərkən görürdük ki,
yerlərdə kitabxanalarda uşaq kitabları olduqca azdır.
Təbii ki, bu da bizi narahat edirdi. «Kitab karvanı» ideyası də
bundan yarandı. Səfərə təxminən 6 minə
yaxın kitabla getmişdik. Tədbir boyu olduğumuz hər
rayonun kitabxanalarına 970 kitab bağışladıq.
Onların arasında «Beşik», «Altun» nəşriyyatlarının
yüksək tərtibatlı kitablarını, Solmaz
Amanovanın nağıllarını, İlyas Tapdıq, Zahid
Xəlil, Nüşabə Məmmədlinin kitablarını
qeyd etmək istərdim”.
Kitabxana müdirinin sözlərinə
görə, nəşriyyatlar, müəlliflər layihəyə
qoşulmaq təklifini böyük həvəslə qəbul
ediblər: “Səfərə Goranboydan başladıq. Altı
gün ərzində bölgədə keçirdiyimiz tədbirə
təxminən 2 min uşaq gəlmişdi. Kitab bayramı
uşaqlara böyük sevinc bəxş etdi. Onlar kitabları
bağırlarına basdıqda mənim sevincimin həddi-hüdudu
olmurdu. Uşaqların diqqətini daha çox nağıl
kitabları, xarici dillərdən tərcümə edilən
«Amfibiya adam», «Kapitan Qrantın uşaqları», ən çox
da şəkilli kitablar cəlb edirdi. Tədbir müddətində
balacalar sərgiyə tamaşa etməklə yanaşı əsərlərini
oxuduqları yazıçılar ilə
görüşür, onlarla təmasda olur, təşkil
etdiyimiz imza günlərində fəal iştirak edirdilər.
Karvan müddətində müəlliflərdən uşaq
yazıçısı Gülzar İbrahimova, uşaq
şairləri Zahid Xəlil, İlyas Tapdıq, «Tumurcuq» qəzetinin
baş redaktoru Səməd Məlikzadə də bizimlə
idi».
Həmsöhbətimin sözlərinə
görə, belə tədbirlər uşaqların savadlı
bir insan olaraq yetişməsində müsbət rol oynayır.
«Uşaqların maariflənməsində bu tədbirin rolu
böyük olacaq. Əsas mütaliədir. Uşaq əgər
kiçik yaşlarından mütaliəyə
başlayırsa, onun dünyagörüşü
formalaşır, intellektual səviyyəsi yüksək olur.
Mütaliə etməyən uşaqdan hansı intellektual səviyyə
gözləmək olar? Rayonlarda savadlı uşaq çoxdur və
layihə müddətində mən bunun şahidi oldum. Əminəm
ki, apardığımız kitablar həmin uşaqların
formalaşmasında böyük rol oynayacaq”.
Uşaqları kitabla
görüşdürən layihənin uğurlu olduğunu
deyən kitabxana rəhbəri “kitab karvanı”nın davam edəcəyini
bildirdi: «Layihəni gələn ildə də davam etdirmək
və daha 6 rayona səfər etmək niyyətindəyik.
Növbəti səfəri Cəlilabad, Masallı, Lənkəran,
Astara, Lerik, Yardımlıya nəzərdə tutmuşuq.
Çünki bu rayonlar da kitab sarıdan kasaddırlar. Həm
də Cənub zonası çox gözəldir. Novruz
bayramı ərəfəsində bu bölgəyə səfəri
nəzərdə tutmuşuq. Əsas məqsədimiz
uşaqların mütaliəsinə rəhbərlikdir.
Onların mütaliəsinə rəhbərlik etməsək,
çox şey itirmiş olarıq. İnanıram ki, istər
uşaq kitablarının çapı ilə məşğul
olan naşirlər, istərsə də uşaq şair və
yazıçıları yenə də bizim təşəbbüsə
qoşulacaq, öz kitabları ilə azyaşlı
oxucularımızı sevindirəcəklər”.
Gülər Nizamiqızı
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 7.