“Dövlət
müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixi nailiyyətidir”
“Azərbaycan özünün sürətli inkişaf
dövrünü yaşayır. Bu tərəqqinin gətirdiyi
maliyyə imkanları, sözsüz ki, Azərbaycanın daha
da güclənməsinə, sosial dövlətin möhkəmlənməsinə,
əhalinin rifah halının yaxşılaşmasına, eləcə
də mədəniyyətin, elmin, təhsilin daha da inkişaf
etməsinə əlavə zəmin olacaq”
Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsindən 20 il keçir.
1991-ci ilin 18 oktyabrında parlamentdə “Azərbaycan Respublikasının
dövlət müstəqilliyi haqqında” Konstitusiya
Aktı”nın qəbul edilməsi ilə ölkəmiz yeni
dövrə - milli dövlət quruculuğu mərhələsinə
qədəm qoydu. Ölkəmizin istiqlala qovuşması,
müstəqillik dövründə Azərbaycanın
inkişafı hansı tarixi proseslərlə yadda qalıb?
Tarix elmləri doktoru, professor, Milli Məclisin üzvü Musa
Qasımlı ilə söhbətimiz bu barədədir.
- Musa müəllim, Azərbaycanın
müstəqilliyini bərpa etməsindən ötən
dövrə nəzər salsaq, hansı tarixi məqamları
qeyd etmək olar?
- Ötən illərin mahiyyətini
dərindən dərk etmək üçün yaxın tarixi
keçmişə nəzər yetirmək həm praktik siyasət,
həm də tarixi, elmi-nəzəri baxımdan böyük əhəmiyyət
kəsb edir. Müsəlman Şərqinə cümhuriyyət
məfkurəsini və idarə üsulunu gətirən,
müstəmləkə zülmü altında inləyən
xalqlara nicat yolunu göstərən Azərbaycan
xalqının 1918-ci ilin 28 mayında qurduğu Xalq
Cümhuriyyəti 1920-ci ilin 28 aprelində bolşevik
Rusiyasının istilasına məruz qaldı, milli dövlət
süquta uğradı. Azərbaycan Sovet Sosialist Respublikası
quruldu. Bundan sonra müstəqil dövlətçiliyin
atributları düşünülmüş şəkildə
məhv edilməyə başlandı. XX əsrin 20, 30 və
40-cı illəri sovet dövlət quruculuğu adı
altında Azərbaycanın mərkəzə daha çox
bağlanması, millətçi, pantürkçü,
turançı adı altında milli ruhlu ziyalıların məhv
edilməsi, amansız təqiblər, repressiyalar və
ruslaşdırma siyasəti ilə yadda qaldı. Mərkəz
Azərbaycanı daim sıxır, istiqlal fikrini
amansızlıqla məhv etməyə
çalışırdı. Sovet lideri Stalinin
ölümündən sonra ölkədə nisbi yumşalma
baş versə də, bu situasiyadan milli məsələlərin
həlli üçün lazımınca istifadə etmək
mümkün olmadı. Azərbaycan yenidən
sıxışdırılmağa başlandı.
1969-cu ildən sonra vəziyyət
dəyişdi. Azərbaycanda Heydər Əliyevin hakimiyyətə
gəlməsi ilə Moskvanın respublikaya münasibəti tədricən
dəyişdi. Azərbaycanın gələcək istiqlalı
üçün lazım olan ilkin maddi və mənəvi
şərtlər məhz sovet sistemi şəraitində
yetişdi. İstiqlal fikrini xarici ölkələrdə
qoruyub saxlayan Azərbaycan mühacirətinin nümayəndələri
vətənə dəvət olunmağa başladılar. Azərbaycanda
xalqla hakimiyyət arasında birlik yaradıldı. Milli
kadrların hazırlanmasına və hakimiyyət
orqanlarına yerləşdirilməsinə, ana dilindən
istifadəyə üstünlük verildi. İstiqlal məfkurəsini
əsər və düşüncələrində
daşıdıqları üçün əvvəlki illərdə
təqib olunmuş alim, şair, yazıçı və
jurnalistlər azad nəfəs aldılar. Belə şəxsləri
mərkəzi hökumətin cənginə verməyən Heydər
Əliyev onlara yüksək fəxri adlar, vəzifələr
verərək qoruyur və toxunulmaz edirdi. Tarixi, mədəni və
ədəbi irsin qorunmasına xüsusi qayğı göstərildi.
SSRİ dağılarkən Azərbaycan
ağır bir vəziyyətdə idi. Ermənistanın təcavüzü
davam edir, Azərbaycanda xaos hökm sürürdü. Sovet rəhbərliyi
Azərbaycan xalqını cəzalandırmaq məqsədilə
1990-cı il yanvarın 20-də Bakıda və respublikanın
digər yerlərində dinc əhaliyə qarşı
qırğın törətdi. Bu, Azərbaycan xalqının
istiqlala gedən yolunu kəsmək və gözünü
qorxutmaq üçün edilmişdi. Belə bir şəraitdə
heç bir rəsmi vəzifə daşımayan Heydər Əliyev
xalqının yanında oldu. O, sərt nəzarət
altında yaşamasına baxmayaraq, sovet rəhbərliyinin Azərbaycan
xalqına qarşı törətdiyi qanlı 20 Yanvar hadisəsindən
sonra Moskvadakı Azərbaycan daimi nümayəndəliyinə
gəlib bəyanat verərək, bu qırğına
qarşı etiraz səsini ucaltdı. Onun bu hərəkəti
minlərlə insana bir nümunə oldu. 20 Yanvardan sonra Azərbaycan
xalqı Moskva ilə yolunun bir olmadığı qənaətinə
gəldi. Bu, bir dönüş anı idi. Artıq Azərbaycan
xalqının dövlət müstəqilliyini bərpa etməsindən
başqa yolu qalmırdı. Azərbaycan istiqlalın bərpasının
astanasında idi.
Moskvada sovet rəhbərliyinin sərt
nəzarəti altında yaşamaq çətinləşdiyindən
Heydər Əliyev Azərbaycana döndü, Naxçıvana
gedərək xalqın etimadı ilə muxtar respublikaya rəhbərlik
etməyə başladı. Beləliklə, Naxçıvanda
Azərbaycan milli dövlətçiliyinin bərpası
yolunda mühüm addımlar atıldı. Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı ilk dəfə
Naxçıvanda rəsmi şəkildə - parlamentdə
(Ali Məclisdə) ucaldıldı.
1991-ci il oktyabrın 18-də
dövlət müstəqilliyinin bərpa edilməsi, heç
şübhəsiz, Azərbaycan tarixinin ən mühüm
hadisələrindən biri oldu. Dövlət müstəqilliyinin
bərpası xalqın tarixi nailiyyəti idi. SSRİ-nin
dağılması və Azərbaycanın yenidən müstəqilliyə
qovuşmasından sonra xalqın və dövlətin
qarşısında əsasən aşağıdakı vəzifələr
dururdu: dövlət müstəqilliyini qorumaq; Ermənistanın
təcavüzünü dayandırmaq; diktaturadan demokratiyaya,
planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına
keçid.
- Amma bu məqsədlərə
nail olmaq asan başa gəlmədi. Müstəqilliyin ilk illəri
Azərbaycanda xaos, böhran və daxili qarşıdurmalarla
yadda qaldı. Buna səbəb nə idi?
- Buna səbəb o idi ki,
respublikanın bir-birini əvəz edən rəhbərləri
bu vəzifələri yerinə yetirə bilmədilər.
Hakimiyyət ilə xalq arasında uçurum yarandı.
Hakimiyyət qanadları arasında ziddiyyətlər dərinləşdi.
Ölkənin daxili və xarici siyasəti ağır vəziyyətə
düşərək dalana dirəndi. Xarici düşmən
qüvvələr Azərbaycanın müstəqilliyini məhv
etmək üçün hərəkətə keçdilər.
Ermənistanın işğalının davam etdiyi bir şəraitdə
1993-cü ildə Gəncədə yerləşən hərbi
hissədə qiyam baş verdi. Qiyamı yatıra bilməyən
Xalq Cəbhəsi hakimiyyəti ölkədə baş verən
proseslər üzərində nəzarəti tamamilə itirdi.
Azərbaycanın şimalında və cənubunda xaricdən
dəstək alan separatçılıq hərəkətləri
gücləndi. Ölkə parçalanmaq təhlükəsi
qarşısında qalmışdı. Azərbaycanın
dövlət müstəqilliyi məhv olurdu. Mənəvi-psixoloji
böhran içində boğulan xalqda sabaha ümidsizlik
yaranmışdı. O, nicat yolu arayırdı. Ölkəni
ağır vəziyyətdən çıxarmaq
üçün təşkilati, dövlət idarəçiliyi
bacarığına malik olmayan hakimiyyət daxildə
xalqın dəstəyini qısa müddətdə itirmiş,
beynəlxalq aləmdə ölkəni təcridə gətirmişdi.
Nəticədə vəzifədə olanlar bir-birinin
ardınca istefa verərək məsuliyyətdən yaxa
qurtarmaq yolunu tutdular. Xalqın dövləti dağılmaqdan
qoruyan güclü liderə ehtiyacı var idi.
Belə bir çətin, mürəkkəb
şəraitdə Azərbaycan xalqı Naxçıvana - Heydər
Əliyevə üz tutdu. Respublika rəhbərliyi xalqın tələbləri
əsasında Heydər Əliyevi Bakıya dəvət etdi.
O, Azərbaycan parlamentinin sədri, daha sonra prezident kimi
ağır bir vəzifəni yerinə yetirməli idi.
Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan
dövlətini dağılmaqdan qurtara, milləti mənəvi-psixoloji
böhrandan çıxara, Ermənistanın davam edən
işğalını dayandıra, ölkəni fəlakətə
düçar etmiş xarici siyasət fəaliyyətini yeni əsaslar
üzərində qura bilərdi.
Heydər Əliyev Bakıya gələn
kimi qiyamın baş verdiyi Gəncəyə getdi. Xalqın
içində oldu. Bundan sonra Gəncədə sabitlik tədricən
bərqərar olmağa başladı. Heydər Əliyev
ölkənin problemlərinin həllində məhz xalqa, onun
dəstəyinə arxalandı. Azərbaycanın cənubunda
baş qaldıran separatçılıq bilavasitə
xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb
milli dövlətini müdafiə etdi. Heydər Əliyev
hakimiyyətə gələrkən ölkənin xarici siyasəti
böhran içində idi. Diplomatiya xalqın və dövlətin
qarşısında duran əsas xarici siyasət vəzifələrini
yerinə yetirə bilmir, dövlət quruculuğu və
xalqın təhlükəsiz yaşayışını təmin
etmək üçün əlverişli beynəlxalq şərait
yarada bilmirdi. Xarici siyasət dövləti dalana sürükləyən
biristiqamətli xətt üzrə həyata keçirilirdi. Azərbaycan
xalqı və dövlətinin maraqlarına cavab verməyən
belə xarici siyasət xəttindən imtina olundu və
tarazlaşdırılmış xarici siyasət dövlətin
beynəlxalq fəaliyyətinin əsasını təşkil
etdi. Azərbaycanın tərəfdaş qonşuları, ticarət
ortaqları, strateji tərəfdaşları və strateji
müttəfiqləri müəyyənləşdirildi. Azərbaycan
İran və Rusiya ilə dinc qonşuluq münasibətləri
qurmaq üçün addımlar atdı. Türkiyə və
Gürcüstan ilə strateji müttəfiqlik xətti
seçildi. Qardaş Türkiyə ilə
qarşılıqlı münasibətlərin maddi təməlləri
möhkəmləndirildi. Azərbaycan Avropa ailəsinin bərabərhüquqlu
üzvünə çevrildi. Ölkənin beynəlxalq
nüfuzu artdı. Bütün bu addımların Azərbaycanın
müstəqillik tarixində müstəsna rolu oldu.
- Yeri gəlmişkən, əldə
edilmiş nəticələr hazırda müasir cəmiyyətimizdə
özünü necə büruzə verir?
- Heydər Əliyevdən sonra
hakimiyyətə gələn prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan yeni inkişaf mərhələsinə qədəm
qoydu, ölkə modernləşməyə başladı.
Tarixi təcrübə göstərir ki, hər hansı bir
ölkənin çoxlu maliyyə vəsaitləri və təbii
sərvətləri ola bilər. Lakin əgər bu təbii sərvətlər
milli sərvətə çevrilmirsə, yeni texnologiyalar tətbiq
edilmirsə, ölkə inkişaf etmiş dövlətlərdən
geri qalır, onlarla rəqabətə tab gətirmir. Azərbaycanda
bütün bunlar nəzərə alınaraq müasir
inkişaf strategiyası müəyyənləşdirildi. Azərbaycanı
satış bazarına çevirmək istəyən bəzi
ölkələr özləri Azərbaycanda istehsal olunan məhsullar
üçün satış bazarına çevrildilər.
Ərazisinin bir hissəsinin Ermənistan
silahlı qüvvələrinin işğalı altında
olmasına, qaçqın və məcburi köçkünlər
olmasına baxmayaraq, ölkədə tikinti-quruculuq işləri
genişləndirildi. Böyük bir inkişaf dövrü
başladı. Azərbaycan borc alan ölkədən borc verən,
kapital ixrac edən ölkəyə çevrildi.
Müstəqilliyin ilk illərində
enerji təchizatı sarıdan problemlərlə üzləşən
Azərbaycan enerji təhlükəsizliyini nəinki təmin
etdi, eyni zamanda “qoca dünyanın” - Avropanın, “yeni
dünyanın” - ABŞ-ın, bütövlükdə
dünyanın enerji təhlükəsizliyində mühüm
rol oynamağa başladı. Bakı-Tbilisi-Ceyhan neft,
Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri təkcə
iqtisadi deyil, siyasi, strateji əhəmiyyət daşıyaraq
Azərbaycanın müstəqilliyinin beynəlxalq təminatlarına
çevrildi. Bu kəmərlər Avrasiyanın geosiyasətini
dəyişdirdi. Ölkənin paytaxt şəhərinin sakinlərinin
ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi
istiqamətində ciddi addımlar atıldı. Oğuz-Qəbələ-Bakı
su kəməri çəkildi. Azərbaycan su təchizatı
sarıdan təhlükəsizliyini təmin etdi.
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinin uğurla
başa çatması ilə Azərbaycan Avropa-Asiya nəqliyyat
dəhlizində, tarixi İpək Yolu üzərində
dünyanın nəhəng nəqliyyat qovşağı olan
bir ölkəyə çevriləcək. Yüklərin həmin
yol ilə daşınmasından dövlət büdcəsinə
böyük vəsait daxil olacaq.
Bu gün Azərbaycan
özünün sürətli inkişaf dövrünü
yaşayır. Bu tərəqqinin gətirdiyi maliyyə
imkanları, sözsüz ki, Azərbaycanın daha da güclənməsinə,
sosial dövlətin möhkəmlənməsinə, əhalinin
rifah halının yaxşılaşmasına, eləcə də
mədəniyyətin, elmin, təhsilin daha da inkişaf etməsinə
əlavə zəmin olacaq.
Mehparə
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 6.