Ölkəmiz
Dünya Turizm Təşkilatı
Baş Assambleyasının sessiyasında
təmsil olunur
Oktyabrın 8-də Koreya
Respublikasının Kyoncu şəhərində (Şimali
Könsanq əyaləti) Dünya Turizm Təşkilatının
Baş Assambleyasının 19-cu illik sessiyası işə
başlayıb.
Sessiyada Azərbaycan mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Nümayəndə heyətinə Azərbaycan Turizm
Assosiasiyasının sədri Nahid Bağırov, BMT-nin
“Turizmin inkişafı layihəsi”nin Azərbaycan üzrə
milli koordinatoru Faiq Qürbətov, Bakı Turizm İnformasiya Mərkəzinin
direktoru Zakir Əliyev daxildir.
Assambleyanın gedişində mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyev Dünya
Turizm Təşkilatının baş katibi Taleb Rifai və qurumun
icraçı direktoru Zoltan Somoçi ilə
görüşüb. Görüşdə Azərbaycanla
Dünya Turizm Təşkilatı arasında əməkdaşlıq
məsələləri müzakirə olunub. Təşkilatın
rəhbərliyinə Azərbaycanda «Turizm ili» çərçivəsində
reallaşdırılan tədbirlər və həyata
keçirilən layihələr barədə ətraflı məlumat
verilib.
Azərbaycan nümayəndə heyətinin
rəhbəri həmçinin Rusiyanın Turizm üzrə
Federal Agentliyinin rəhbəri Aleksandr Radkov, San Marino Turizm
Nazirliyinin təmsilçisi Mauro Mayani və «Özbəkturizm»
şirkətinin təmsilçisi Rüstəm Mirzəyevlə
ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq
məsələlərini müzakirə edib.
BMT-nin baş katibi Ban Ki-Moon
Dünya Turizm Təşkilatı Baş Assambleyasının
«Sabit turizm» şüarı altında keçirilən
sessiyasına göndərdiyi təbrik məktubunda qeyd edib ki,
turizm dünyanın sosial, iqtisadi və ekoloji baxımdan
inkişafında mühüm rol oynayır: «Dünya Turizm Təşkilatının
Baş Assambleyasının 19-cu sessiyasının işini
yüksək qiymətləndirirəm və hesab edirəm ki,
bu tədbir turizm sektoru təmsilçilərinə
yuxarıdakı məqsədlərə çatmaqda
yaxından kömək olacaq».
Dünya Turizm Təşkilatı
Baş Assambleyasının 19-cu illik sessiyası oktyabrın
14-dək davam edəcək. Koreya Respublikasının
İdman, Mədəniyyət və Turizm Nazirliyinin, Kyoncu
şəhər Administrasiyasının və Şimali
Könsanq əyaləti rəhbərliyinin təşkilatçılığı
ilə keçirilən sessiyanın
iştirakçıları bu ölkənin müxtəlif
görməli yerləri ilə tanış olacaq, o cümlədən
UNESCO-nun Dünya mədəni irs siyahısında olan Yandon
şəhərinə ekskursiya edəcəklər.
Fəxriyyə
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 5.