Cahangir Cahangirovun 90 illik yubileyinə həsr olunmuş
tədbirlər
Oktyabrın 7-də Azərbaycan
Dövlət Filarmoniyasında görkəmli bəstəkar,
pedaqoq, xormeyster, Xalq artisti Cahangir Cahangirovun (1921-1992) anadan
olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi
keçirildi. Gecədə çıxış edən Bəstəkarlar
İttifaqının məsul katibi, sənətşünaslıq
namizədi Lalə Hüseynova bəstəkarın zəngin
yaradıcılığından geniş söz açdı.
Qeyd etdi ki, Cahangir Cahangirovun adı Azərbaycan musiqisi fonduna
qızıl hərflərlə yazılıb. O, uzun illər
Dövlət Filarmoniyasında çalışıb və
musiqi sənətində ilk addımlarını bu səhnədə
atıb. Çoxşaxəli yaradıcılığa malik sənətkar
Dövlət Filarmoniyasının nəzdindəki Mahnı və
Rəqs Ansamblının bədii rəhbəri olub.
Onun sənətə gəlməsində
görkəmli bəstəkar Üzeyir Hacıbəylinin rolu
böyük olub. Cahangir Cahangirovun xor sahəsindəki
yaradıcılığı əsası Üzeyir Hacıbəyli
tərəfindən qoyulmuş Azərbaycan xor sənətində
zirvə sayılır.
Cahangir Cahangirov bəstəkar kimi
bir çox uğurlu əsərlər yaradıb. O, Azərbaycan
musiqi tarixində ilk dəfə xor üçün muğam
yazıb. L.Hüseynova bəstəkarın pedaqoji fəaliyyətindən
də ətraflı danışdı. Qeyd olundu ki, bəstəkarın
əsərləri bu gün sevilə-sevilə oxunur,
yetişdirdiyi tələbələr Azərbaycan musiqisinə
xidmət edirlər.
Gecədə Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan
Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan
Dövlət Xor Kapellasının, Fikrət Əmirov adına
Azərbaycan Dövlət Mahnı və Rəqs
Ansamblının ifasında bəstəkarın əsərləri
ifa olundu.
* * *
Oktyabrın 11-də Azərbaycan Bəstəkarlar
İttifaqının Üzeyir Hacıbəyli adına konsert
salonunda görkəmli bəstəkar, Xalq artistiı, professor
Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr
edilmiş konfrans keçirilib. Tədbirdə
çıxış edən Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə
bəstəkarın mənalı ömür yolundan, zəngin
yaradıcılığından geniş söhbət
açıb.
Konfransda “C.Cahangirovun
yaradıcılığında novatorluq”, “C.Cahangirovun
yaradıcılığı Azərbaycan xor mədəniyyəti
kontekstində” və “C.Cahangirovun mahnılarının bəzi
poetik xüsusiyyətləri haqqında” mövzularında məruzələr
dinlənilib.
Reyhan
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 5.