Kino
və televiziya ssenariləri
Yeni
kitab
“Kinonu heç nə əvəz edə bilməz. İncəsənətin
yeni nə kimi növləri meydana gəlsə də,
kinematoqraf öz əhəmiyyətini itirməyəcəkdir.
Odur ki, bədii kino, bədii əsərlər televiziya ilə,
digər üsullarla yaradılan, qalan bütün lentlərdən,
şübhəsiz, qat-qat yüksəkdir. Sənədli kino
xüsusi əhəmiyyətə malikdir”.
Bu yaxınlarda işıq
üzü görən “Kino və televiziya ssenariləri” dərsliyi
ulu öndər Heydər Əliyevin bu sözləri ilə
açılır. Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universiteti Elmi
Şurasının 1 dekabr 2010-cu il tarixli qərarı ilə
nəşr olunan dərsliyin müəllifi universitetin Sənətşünaslıq
fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə
doktoru Vəfa Xanoğlan, elmi redaktoru universitetin rektoru,
filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevdir.
“Gənclik” nəşriyyatında
çapdan çıxan kitabda ssenari
yaradıcılığına dair müəyyən biliklər
toplusu öz əksini tapmış və öyrənənlərə
yığcam şəkildə məlumat verilmişdir. Burada həm
ssenarinin qayda-qanunları, həm də ssenari yazmağın
üsulları şərh edilmişdir.
Müəllif kitabın əvvəlində
“Kino və televiziya ssenariləri” bölməsində
ssenarinin, fabulanın, ssenaridə süjetin, ssenaridə
kompozisiyanın, ssenaridə ekspozisiyanın, proloq və
epiloqun, televiziya ssenarisinin açıqlamasını
vermiş, bunları tutarlı misallarla əsaslandırmışdır.
Məsələn, burada deyilir ki, ədəbiyyatla kinonun
qarşılıqlı əlaqəsi milli kinomuzun təşəkkül
tapdığı illərdən səssiz kino
dramaturgiyasının formalaşmasında mühüm rol
oynamışdır. İ.Musabəyovun “Neft və milyonlar səltənətində”
povestinin, Ü.Hacıbəylinin “Arşın mal alan”
operettasının, M.F.Axundovun “Hacı Qara”
komediyasının, C.Cabbarlının “ Sevil” və “Almaz” pyeslərinin
ekranlaşdırılması bu sahədə
görülmüş işlərin başlanğıcı
oldu.
Filmin ssenarisində vacib şərtlərdən
biri də üslub problemidir. Kino nəzəriyyəçisi
B.Balaşın yazdığına görə, kinonun
yaranması ilə incəsənətə yeni material, yeni məzmun
və yeni biliklər gəlmişdir. Ən əsası da odur
ki, kino həqiqəti özünə qədərki sənət
növlərindən fərqli surətdə nümayiş
etdirir, tamaşaçını daha da riqqətə gətirir,
onu ekranda baş verənlərin iştirakçısına
çevirir. Yalnız ona məxsus olan dəyişkən məsafələr,
planların və detalların miqyas fərqi, rakurslar və
montaj kimi spesifik ifadə vasitələri kinonun təsirini
xeyli gücləndirir.
Dərslikdə eyni zamanda kino və
televiziya filmlərinin ssenarilərindən nümunələr
də verilmişdir. Burada yazıçılardan İlyas Əfəndiyevin
“Tufandan sonra” və “Balıqçılar” kinonovellaları,
Anarın “Bu - Cavaddır”, “ Nəsimi” sənədli, “Cavid
ömrü” bədii ssenariləri, Elçinin “ Aman ovçu,
vurma məni...” bədii filminin ssenarisi, Aqşin Babayevin «Dəvətnamə»
televiziya tamaşasının ədəbi ssenarisi, Əli Əmirlinin
«Qorxulu şəhər» və «Varlı qadın» tammetrajlı
bədii filmlər üçün ssenarilərinin sinopsisləri,
Orxan Fikrətoğlunun «Papaq Yusif» qısametrajlı filminin
ssenarisi, «Köçərgi» ssenarisi çap olunmuşdur.
Bundan başqa, kitabda adları
çəkilən yazıçıların tərcümeyi-halları
da verilmişdir.
Elmi redaktor, filologiya elmləri doktoru, professor T.Əfəndiyev kitaba yazdığı giriş sözündə «Kino və televiziya ssenariləri» dərsliyinin əhəmiyyətindən bəhs edərək bildirir ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra ictimai fikrin formalaşması prosesində ekran sənətinin rolu da get-gedə artmağa başladı. Mədəniyyətimizin digər sahələri kimi ekran sənəti üçün peşəkar kadr hazırlığı məsələsi strateji məqsədlərdən birinə çevrildi. Mədəniyyət və incəsənətin üzvi sahəsi olan ekran sənəti üçün milli kadr hazırlığı məsələsində vacib şərtlərdən biri də dərsliklərin və dərs vəsaitlərinin nəşridir. Odur ki, ekran sənəti və ssenari yaradıcılığına dair çeşidli dərs vəsaitlərinin və dərsliklərinin hazırlanması çağımızda xüsusi aktuallıq kəsb edir.
Bu baxımdan dərsliyin mühüm cəhəti bədii yaradıcılıq və ekran dramaturgiyası ixtisasında yeni yazmağa başlayan ssenaristlər üçün qiymətli qaynaq rolunu oynamasıdır.
Dərslik milli kino sənətinin problemləri ilə məşğul olan universitet tələbələri və magistrantları üçün nəzərdə tutulmuşdur.
Aydın Kazımzadə,
Əməkdar incəsənət
xadimi
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 15.