”Sevirəm Qafqazı mən”

 

   Böyük rus şairi Mixail Lermontovun gözəl əsərlərinin bir qismi Qafqaz və Azərbaycanla bağlıdır

  

   Görkəmli rus şairi, yazıçı, dramaturq Mixail Yuryeviç Lermontov 1814-cü il oktyabrın 15-də Moskvada doğulub. Şairin uşaqlıq illəri nənəsinin malikanəsində - Tarxanı kəndində keçmişdir. Uşaq və yeniyetmə ikən qohumları ilə Qafqaza (Pyatiqorsk, Kislovodsk) səfərləri (1818, 1820, 1825) Lermontovun xatirəsində silinməz izlər buraxıb. 1828-ci ildə Moskva Əsilzadələr Pansionuna daxil olub. Həmin il “Çərkəzlər”, “Dəniz qulduru”, “Qafqaz əsiri”, 1829-cu ildə “Cani”, “Demon” poemalarını, bir çox lirik şeirlərini burada yazıb. Moskva Universitetindəki təhsil illəri (1830-1832) Lermontovun formalaşmasında əhəmiyyətli rol oynayıb. Bu illərdə Lermontov mövzusu Puqaçov hərəkatından alınmış “Vadim” (1832) tarixi romanı üzərində işləyib, “İsmayıl bəy”, “Hacı Abrek” (1833-1834) poemalarını və “Qəribə adam” (1831) dramını yazıb. A.S.Puşkinin ölümünə həsr etdiyiŞairin ölümünə” (1837) şeiri şairin yaradıcılığında mühüm rol oynayıb.

   M.Lermontov dostu S.Rayevskiyə yazdığı məktublarda Qafqaz təəssüratlarını onunla bölüşür. Tiflisdə “tatar (azərbaycanlı) alim Əli və Əhməd”lə tanış olduğunu, Şəki, Quba, Qusar və Şamaxını gəzdiyini, yerli əhali ilə ünsiyyətini və hətta “fransız dili Avropada vacib olduğu qədər Asiyada geniş işlənən tatar dilini öyrənməyə başladığını da vurğulayırdı. Dəfələrlə Qafqaza səyahət edən şair, dramaturgiyamızın banisi M.F.Axundovla yaxından tanış olub, onun köməyi nəticəsində məşhur məhəbbət dastanımız “Aşıq Qərib”i “Türk nağılı” adı ilə yazıya alıb.

   M.Lermontov rus ədəbiyyatında realist rus sosial-psixoloji roman janrının əsasını qoyub və “Zəmanəmizin qəhrəmanı” romanını yazıb. Bu əsər 1908-ci ildə Azərbaycan türkcəsinə çevrilib. Bu mövzudan təsirlənən şair və yazıçı Abdulla Şaiq isə Azərbaycan həqiqətlərini əks etdirən “Əsrimizin qəhrəmanı” romanını qələmə alıb. Azərbaycanda XIX əsrin sonlarından bu günədək Lermontovun yaradıcılığına maraq azalmayıb. Xüsusən də onu dilimizə çevirən şairlər bu mövzuda gözəl şeir nümunələri yaradıb. Şairin məşhur “Sevirəm Qafqazı mən” şeiri M.Rahim, H.Arif, H.Hüseynzadə tərəfindən dilimizə çevrilib.

   M.Lermontov 1841-ci il iyulun 27-də Pyatioqorskda dueldə (zabit dostu N.Martınov tərəfindən) öldürülüb.

  

 

   Çingiz

 

  Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 14.