Bir şair vardı...
Ömrü boyu tufan əydi, su yardı...
Xətainin
qılıncını suvardı - Məmməd Araz
karandaşı göyərdi...
O
karandaşla bir xətt çəkdi - “Vətən
daşı olmayandan - olmaz ölkə vətəndaşı”
patriot-portreti yarandı. Can kətanına iki cızıq
atdı - “Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim!” avtoportreti donatdı.
Üçüncü çaba-cəkimdə - “Ey dəvə
yal, düşdüm daha belindən, Ovsar cığır,
çıxdın daha əlimdən, Balam çıçək,
bir də öpüm telindən...” peyzaj-triptixi boy atdı...
Ataların “say
cızığı”ndan çıxmamaq üçün
havanı dəyişmək gərək. Çıxar olsam,
bu ümummilli, ümumədəb karandaş yiyəsinin
ümumturan ruhuna toxunmuş ollam. O ruhun ki, cisminə “Ürəyimsiz
kəlmə yazan deyiləm. Nə qədər ki, öz əlimdir
yazanım!” dedirdilən çağlarda “Azərbaycan! deyiləndə
ayağa dur ki, ana yurdun ürəyinə toxuna bilər”
söyləyirdi. “İti bazarında atından baha - Mən belə
dünyanın nəyindən küsüm?!”
hayqırırdı. “Bir ağılın budağından
sallanıb, Neçə-neçə ağlıdayaz
yaşayır” rəsmləyirdi.
Yeri gəlmişkən (daha
doğrusu - üslub havasını dəyişmişkən),
o karandaşın yaratdığı yüzlərlə
tablodan dörd və beş xətlisini də sərgiləyim;
birini təbiətdən, birini cəmiyyətdən.
...Yox, o özü də təbiəti
“hakim”, cəmiyyəti “məhkum” saydığı
üçün, qoy hər ikisi “fağır”a yönəli
olsun. Öncə daha bir avtoportret:
Bu axşam... özümdə yoxam
bu axşam,
Ağlı kəsilməmiş kəsilmiş
başam.
Ey ilham pərisi, varsansa əgər,
Bu axşam üstümə
qanadını gər...
Bu lövhədəki “tragizm”də səslənən minor-major taktların fərqinə varmayaqmı? Guya, heç nə yaza bilmədiyinə acıyıb, ilham pərisini dadına yetişməyə çağıran şairin bu dadlı-ləzzətli mənəvi təamından qan təzyiqimizin göylərin poeziya qatına qalxması ehtimalına da düşməyəkmi? Əlbəttə, burada təkcə tibbi qandan yox, məsdəri-fel halından (qanmaq) da bəhs olunur...
Daha bir cəmiyyət lövhəsi. Bu dəfə beş xəttlə:
Bax donqar dəvənin səbət yükünə,
Bənzəyir içiboş şöhrət yükünə,
Ömür karvanının sənət yükünə
Bir-iki qeyrətli söz yükləməsək -
Sən kimə gərəksən, mən kimə gərək?..
Bu, şairin elm, ədəbi-mədəni-mənəvi təfəkkür korifeylərimizdən biri, milli ziyalılıq meyarı kimi qiymətləndirdiyi Xudu Məmmədova ithaf etdiyi üç şeirinin birindən bir bənddir. Bu beşxətli “tabloda”, bir çox milli-mənəvi obrazlardan başqa, iki subyekt var, beş obyekt. Subyektlərdən biri - həmin o “bir çox milli-mənəvi obrazları” bütün ömrü uzunu canında-qanında bişirib bu rəsmi çəkəndi, o biri elm ilə ədəbiyyat-mədəniyyət-mənəviyyatı qoşa qanad hesab edib, öz peşə borcunu yerinə yetirməkdən əlavə, xalqının irfan-intellekt təsərrüfatına vətəndaşlıq toxumları əkən. Obyektlər isə - üç olsa da - eynidir: Vətən! Deməli, sentimental hissləndiyi qədər də arqumental səslənən bu obyekt-subyekt vəhdətini belə fəhm etməli: “Vətən - Məmməd Araz - Vətən - Xudu Məmmədov - Vətən”...
İndilər ürəklərimizə batman-batman yüngüllüklər, fəxarətlər gətirən müstəqil ölkəmizin o çağlarkı ağırlığı, ağrıları, elələrinin çiyinlərində dövr, ürəklərində qövr edirdi. O halətlər elələrinin şaxını-şuxunu əzirdi. Və dillərdə “Sıx gözünü, hansı daşda su yansa, o daş altda Məmməd Araz yaşayır” kimi poetik-idiomatik “nekroloq”lar gəzirdi. O tay-bu tay arasında inşa edilən “Arazstroy”a alatoran nəzərlərlə baxıb, yarı qəlpən, yarı qəlbən sevinənlərin, dəvə ləngəri axan çayda sayrışan işıqlara birləşməyimizin ilk qaranquşu kimi baxanların inter-menyularına: “İşıqlar da ayrılığa öyrəşəcək, Yükünü çək, dəvə qardaş, yükünü çək” kimi təəssüb-təəssüflər sızılırdı. Bu ölməz şairin doyulmaz alim tərəf-müqabilinin sözləri də el-elita dilindən düşmürdü: “Adətən ev-eşikdə nə çatmazsa, nədən çox danışılarsa, uşaq ondan istəyər. Bir gün oğlum mənə qayıtdı ki, ata, mənə Vətən al...”. 1983-cü ilin bu günü Məmməd Arazın 50 illiyilə bağlı hazırlayıb efirə verdiyim televerilişdə Xudu müəllimin söylədiyi bu qorxulu sözlərin dadı indiki kimi yadımda, rəngləri indiki kimi qanımdadır...
Hərdən mənə elə gəlir ki, 1933-cü il 14 oktyabr təvəllüdlü Məmməd Araz bizim eradan əvvəl, yaxud ən azı, orta əsrlərdə doğulub. Nədən ki, “Danış görək, a daş qardaş” kimi “daş dövrü” dialoqları edir, “Ey daşlaşan, torpaqlaşan ulu babam, Bu günümdən dünənimə uzaqlaşan ulu babam!” kimi xitablar edir. “Ey Xan Eyvaz, Dəli Domrul, Fətəli xan, İbrahim xan, sizinləyəm!” deyir. Mənə belə də gəlir ki, o tək elə Şahbuz rayonunun Nurs kəndində yox, Azərbaycanın bütün el-obalarında dünyaya gəlib. Nədən ki, onun şeirlərinin dilində, hal-xasiyyətində, təhər-tövründə bir cıqqan da olsun ləhcə-şivəlik, bölgəvilik, etnos-etniklik yoxdur. Onun “ulu babam!” deyə müraciət etdiyi kişilər hamımızın cılxa-çuxa babamızdır. “O gündənmi bitdi bizim dilimizin “sənin”-“mənim” damarı da, O zamanmı bitdi bizim dilimizin “haralısan?” qabarı da?!” sual-qınağı hamımıza aiddir.
Bəs bunlar sənə necə gəlir, sayın oxucu? Təəccüblü gəlmirmi ki, bu böyüklükdə fikirlər, düşüncələr, hisslər sahibi “Kəndim, balacasan, çox balacasan” dediyi o yurdun məktəbində müəllim işlərkən o kənddən min dəfə balaca sinif otaqlarına necə sığıb? Təəssüflü gəlmirmi ki, “26-lar” qaçqını Stepan Şaumyanın Moskva ərköyünlü oğlu “gəncləri Nərimanovlaşdırmaq” damğalı hədə-qorxuları, təsir-təzyiqlərilə bu cavan şairi illər xəstəsi etdi. Dəyərləndirməkdəsənmi ki, onun müayinə və müalicəsinə Heydər Əliyev nə qədər diqqət, necə qayğılar göstərdi. Fərqindəsənmi, ömrü uzunu öz əsgər misraları ilə azadlıq inqilabımız üçün ərəfə ordusu yaratmış bu şairin gözləri ümummilli liderlə müstəqillik illəri görüşləri zamanı necə parlayırdı. Bu görəcək görüşlər məqamında dahi siyasətçinin necə poetikləşdiyini, dahi lirikinsə necə sənətkar-sərkərdələşdiyini sezdinmi?
Onun nəinki hər bir şeiri, hər kitabının adı da bitkin əsər təsiri bağışlamırmı? Əksəriyyətini əzbər bilsəniz də, “təkrar biliyin anasıdır” deyibən, “Anamdan yadigar nəğmələr”, “Atamın kitabı”, “Üç oğul atası”, “Oxucuya məktub”, “Dünya sənin, dünya mənim”, “Dünya düzəlmir”, “Daş harayı”, “Qanadlı qayalar”, “Araz axır”, “Qayalara yazılan səs”, “Ağlayan qayalar”, “Əsgər andı”, “Vətən deyin”, “Sənətdə son mənzil olmur” kimi nəşrləri xatırlayaq.
Onun Xalq şairi, “Hacı Zeynalabdin Tağıyev adına milli mükafat” laureatı, “İstiqlal” ordeni təltifatları da əsl millilik nüvəsi daşımırmı? Adına təsis edilmiş “Məmməd Araz” mükafatı isə əsrlər uzunu yeni-yeni yaradıcı isimləri şərəfləndirəcək.
Qələmi əlimə aldığım andan yaddaşımda cərgələnən yüzlərlə şeirindən hansı biri ilə bitirim bu yazını? “Altı qızdan biri pəri” ilə? Ya bəlkə “Haqqın var yaşamağa” ilə? Yox, bəyəm, üsyankarlıq ustadlığı ilə bahəm, həm də təvazökarlıq meyarı olan bu əbədiyaşar nəğməkarın gah “haqqın yox”, gah “Haqqın var, Məmməd Araz, haqqın var - yaşamağa” hökmlərinin inkar variantına qol qoyası oxucu da var?
Onda, yaxşısı budur, bu yazının başlığındakı keçmiş zaman şəkilçisini indiki zamana keçirməyimi təmin edəsi misraları araya çəkim.
Aşıq Cavan sarılmışdı sazına,
Toy qurmuşdu dünəninin yasına,
O, qəzəbi ya sındır, ya sına
Təbriz ağlayırdı dağlar başında...
Bunu belə deyə-deyə gələn şair birdən o tayın böyük sabahı haqda düşünüb, sözünə müəyyən və məlum düzəliş verir:
“Təbriz ağlayırdı” dedim -
nə dedim?!
Ağlayan bir sazın telinə dedim,
Ağlayan bir elin dilinə
dedim...
Mənim də “Bir şair
vardı” deməyimə
bənd olmayın; bu şair var
və dünya durduqca, həmkar sələfi demişkən,
“kainat olduqca” olacaq...
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 13.