Turizm təhsilində beynəlxalq təcrübəni tətbiq edirik

 

   Nəsir Nəsirli: «Turizmin inkişafı üçün nəzəri məsələlərin həllində riyaziyyatın tətbiqinə böyük ehtiyac var»

  

   Onu Azərbaycan Turizm İnstitutunun təməlini qoyanlardan biri kimi təqdim edirlər. Ömrünü təhsilə həsr edib. Bu gün də çalışdığı ali təhsil müəssisəsində təhsillə bağlı yenilikləri tətbiq etməyə, bu istiqamətdə layihələrin həyata keçirilməsinə böyük zəhmət sərf edir. Beləliklə, müsahibimiz ATİ-nin Turizm işinin təşkili və idarəedilməsi fakültəsinin dekanı, fizika-riyaziyyat elmləri namizədi Nəsir Nəsirlidir. Oktyabrın 16-da 60 yaşını qeyd edəcək Nəsir müəllim Turizm İnstitutundan öncə uzun illər Naxçıvanda pedaqoji fəaliyyətlə məşğul olub:

  

   - 1973-cü ildən o vaxtkı Naxçıvan Pedaqoji İnstitutunda riyazi analiz fənnini tədris etmişəm, kafedra müdiri, dekan vəzifələrində çalışmışam. 2006-cı ilin aprelindən isə Azərbaycan Turizm İnstitutunun rektoru Cəfər Cəfərovun dəvəti ilə bu təhsil ocağına gəldim. İnstituta ilk tələbə qəbulumuz 200 nəfər oldu. 125 nəfəri əyani, 75 nəfəri isə qiyabi təhsil alanlar idi. Düzdür, çətinliklərimiz də oldu, kollektiv formalaşmamışdı, işin bütün ağırlığı bir neçə nəfərin üzərində idi. Amma tezliklə turizm üzrə mütəxəssislər tapdıq, pedaqoji heyət formalaşdı. Hazırda institutumuzda müasir tələblərə cavab verən, tədris metodunda yeniliklər edən və öz üzərində çalışan müəllimlər dərs keçir. Çünki bizim əsas vəzifəmiz keyfiyyətli, rəqabətədavamlı kadrlar hazırlamaqdır.

   - İxtisasca riyaziyyatçısınız. Turizm kadrları hazırlayan ali təhsil müəssisəsində riyazi biliklərin tətbiqini necə xarakterizə edərdiniz?

   - Mən indi ATİ-də ali riyaziyyat fənnini tədris edirəm. Turizm geniş bir sahədir. Yeni yaranmış bir sahə olduğu üçün hələ bir elm kimi qəbul edilmir. Amma turizmin inkişafı üçün nəzəri məsələlərin həllində riyaziyyatın tətbiqinə böyük ehtiyac var. Mən çalışıram ki, bu istiqamətdəki işlərimdə riyazi üsulları tətbiq etməklə yeniliklər edim. İstənilən adam turizmin nəzəriyyəsi ilə tanış ola bilər. Çünki turizm çoxtərəflidir. Hər şey turizmə yanaşma tərzindən asılıdır. Fəaliyyət sahələrinin, demək olar ki, hamısının turizmə müəyyən qədər təsiri var. Bu səbəbdən də mən riyaziyyatdan ayrılmamışam və bu istiqamətdə də fəaliyyətimi davam etdirirəm. İşim isə tədris prosesinin təşkilidir. Çalışırıq tədrisin keyfiyyətini yaxşılaşdıraq. Biz təhsildə Avropa standartlarına - Bolonya prosesinə qoşulduqdan sonra bu sahədə qarşımızda qoyulan ilk tələb də tədrisdə keyfiyyət təminatı məsələsidir. Bununla bağlı apardığım araşdırmalarda belə bir nəticəyə gəlmişəm ki, keyfiyyətli təhsil real əldə edilmiş təhsil nəticələrinin müəyyən edilmiş standartlara uyğunluq dərəcəsini ortaya qoyan bir təhsil sistemidir.

   - Dediyiniz o keyfiyyət sistemini ATİ-də hansı formada tətbiq edirsiniz?

   - İlk növbədə turizm təhsilində beynəlxalq təcrübəni tətbiq edirik. ATİ-də təhsili Avropa təhsil sisteminin - Bolonya sisteminin tələbləri əsasında formalaşdırırıq. Burada ilk növbədə keyfiyyət məsələsi ön plana çıxır, sonra keyfiyyəti təmin etmək üçün tələbələrin sərbəst işləməsinə maksimum şərait yaradırıq. Tələbə bilməlidir ki, nəyi axtarmalıdır, nəyi öyrənməlidir. Bunu da öyrənmək üçün çeviklik məsələsi var. Bolonya sisteminin tələblərindən birixarici təcrübənin tətbiqidir. Buna görə də biz Avropa İttifaqının bir neçə proqramlarında iştirak etmişik. Onların bəzilərində bizə yer verilib. Məsələn, Erasmus-Mundos proqramı çərçivəsində biz xarici əməkdaşlıq pəncərəsi proqramının üzvüyük, Avropanın 16 ölkəsi ilə təhsil əlaqələri saxlayırıq.

   - Əməkdaşlıq etdiyiniz Avropa universitetlərindən necə, sizin tədris təcrübənizdən yararlanmaq üçün müraciətlər olurmu?

   - Biz Avstriyanın Krems Universitetini Avropanın qabaqcıl ali təhsil ocağı kimi özümüzə tərəfdaş seçdik. Həmin universitet son 4 ildə öz kurrikulumunda bizim təhsil metodumuzdan istifadə etməklə bir neçə dəfə dəyişiklik etdi. Digər universitetlər də bəzi məsələlərdə bizim təcrübəmizdən yararlanırlar. Tədris prosesinin təkmilləşdirilməsi üçün daima axtarışdayıq.

   - ATİ yarandığı gündən burada Bolonya sistemi tətbiq olunur. Necə hesab edirsiniz, bu sistem sizin universitet üçün köhnəlməyib?

   - Düşünmürəm. Çünki hələ Azərbaycanda Bolonya sistemi tam həyata keçirilmir. Bəzən bizim tələbələr deyirlər ki, niyə başqa universitetlərdə belə qaydalar tətbiq olunmur, amma bizdə olunur. Bu proses tələbənin sərbəstliyi üzərində qurulub. Bolonya sisteminə görə, əgər tələbə hansısa bir fənni bu institutda qavraya bilməyibsə, o, həmin fənni Azərbaycanın Bolonya sisteminə qoşulmuş başqa ali məktəbində sərbəst şəkildə dinləyib imtahan verə bilər. Onun gətirdiyi qiyməti biz qəbul etməliyik.

   - Bu yaxınlarda belə bir təklif səsləndi ki, tələbə 4 il ərzində 200 krediti toplaya bilibsə, dövlət imtahanından azad olunsun. Azərbaycan Dillər Universitetində eksperiment olaraq bunu bu il tətbiq etdilər. Sizcə, bu qaydanı tətbiq etməyin vaxtıdırmı?

 

   - Mən hələ bunu ölkəmizdə tətbiq etmək üçün bir zəmin görmürəm. Çünki tələbələrin cüzi bir faizi məcburiyyət olmadan oxuyur. Hesab edirəm ki, bunda da cəmiyyət günahkardır. Tələbəni sərbəst seçimə buraxırsan, gəlib deyir ki, tutaq ki, məni işə ofisiant götürdülər, amma turizmə aidiyyəti olmayan başqa birini menecer təyin etdilər. Bu da tələbədə istər-istəməz belə bir fikir yaradır ki, o, nahaq yerə 4 il turizm təhsili alıb. Ona görə hər kəsi öz təhsilinə bacarığına görə işə götürmək lazımdır. Əks halda, cəmiyyətin normal nizamı pozulur. Bunu aradan qaldırmaq üçün cəmiyyət özü özünü nizamlamalıdır.

  

 

   Fəxriyyə Abdullayeva

 

   Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 10.