Humanitar Forumun iştirakçıları Turizm İnstitutunun qonağı olub

 

   Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gələn Belçika Senatının fəxri sədri, Sorbonna Universitetinin (Paris) professoru xanım Anne-Marie Lizin və «Grey Matter İnternational» LTD-nin prezidenti Salah Brahimi oktyabrın 12-də Azərbaycan Turizm İnstitutunun qonağı olub. Görüşdə ATİ-nin rektoru Cəfər Cəfərov qonaqlara təhsil ocağının yaranma tarixi, fəaliyyəti, beynəlxalq təşkilatlarla əlaqələri barədə ətraflı məlumat verib. Öz növbəsində xanım Anna-Marie Lizin Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada mədəni tədbirlərin keçirilməsi, Azərbaycan həqiqətlərinin Fransa və Belçika ictimaiyyətinə obyektiv çatdırılması istiqamətindəki fəaliyyətindən məmnunluğunu ifadə edib.

   Təhsil sahəsindəki uğurlardan məmnun qalan qonaq ATİ-nin Sorbonna Universiteti ilə əlaqələrinin yaranmasında maraqlı olduğunu bildirib. Görüşün sonunda ali təhsil ocağı rəhbərləri arasında ikitərəfli əlaqələri ehtiva edən layihələr, eləcə də Azərbaycanın turizm potensialının Fransada təbliği ilə bağlı maarifləndirmə işlərinin təşkili ilə bağlı razılıq əldə edilib.

 

 

   Fəxriyyə

 

  Mədəniyyət.- 2011.- 14 oktyabr.- S. 10.