Yeni görüş
Köhnə quruluş
“ada”sında...
Bu sözlərə
təəccüblənməmək üçün
bu yazını axıradək oxumaq gərək. Tufanlarla çalxalanan
keçmişli, müstəqil inkişaf ləpələrilə
pıçıldaşan bugünlü, daha böyük xarüqələr
sabahlı Azərbaycan dənizinin tən ortasında hələ
də “kolxoz” “gəmi”siylə lövbər
salmış İvanovka kəndini “ada” adlandırmayaqmı?
Bu “ada” Azərbaycanın füsunkar təbiət odası sayılan İsmayıllı rayonunda yerləşir. Bu yurdun cəmiyyəti də - elə təbiəti kimi - gözəl və özəldir. Bu fikrin zikri üçün ulu Səməd Vurğunun “Talıstan” poeması üstdə xəyallanmaq kifayət edər. Bu bədii təəssüratları reallaşdırmaqçünsə, gərək ora uzanan şüşə kimi yollarla səfər edəsən. Ora yetib görəsən ki, çoxlarının dilucu işlətdiyi “vətənpərvərlik” sözü nədir, vətənpərvərliyin özü nədir. “Qonaqpərvərlik” sözü nə, qonaqpərvərliyin özü nə. “Rayon rəhbərliyi” təyini söz birləşməsinin protokol qavranışları necə, İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərov, müavini Əzizə Vahabova, Mədəniyyət və Turizm Şöbəsinin müdiri Azər Abbasov və başqalarının camaata, təsərrüfata, infrastruktura, qonaq-qaraya və son soraq olaraq, müstəqilliyimizin bərpasının 20 illiyini birlikdə bayramlamaq üçün Mədəniyyət və Turizm Nazirliyinin göndərdiyi sənətkarlara münasibət, xətir-hörmət davranışları necə... Bəri başdan onu da qeyd edim ki, budəfəki səfər heyətimizdə Mədəniyyət və Turizm Nazirliyini Regionlarla iş sektorunun aparıcı mütəxəssisi Oqtay Muxtarov təmsil edirdi.
Görkəmli yurdun
görüntüləri
Hara baxırsan - Allah-bəndə hərəkət-bərəkətli gözəllik, həyati qəzəllik. Təbiətlə cəmiyyətin birgə yaratdığı ülviyyət, ictimai-sosial mədəniyyət. Yaraşıqlı küçələr. Dünənki-bugünkü düşüncə və imkanlarımız arasındakı fərqlərin müsabiqə yarışı kimi sıralanmış birmərtəbəli və çoxmərtəbəli binalar. Hərəsi bir əsri “təmsil edən” canısulu ağaclar. Ulu babalarının əkdiyi bu təbii çətirlər altında müstəqilliyimizin 20 illiyini bayramlayan qocaların, ahılların, gənclərin, uşaqların Mədəniyyət evi fasadındakı nəhəng monitordan seyr etdikləri görüntülərə reaksiyaları, vətəndaşlıq sədaları, “mən müstəqiləm!” nidalı fəxr-fəxarət ədaları. Bu meydanda şəhər memarının təxəyyül qəniməti kimi qiymətləndiriləsi üç gözəl ünvan var - ümummilli lider Heydər Əliyevin monumental heykəli, Heydər Əliyev Mərkəzi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı.
Bu məkanlarla tanışlıq prosesində bir daha yəqinləşdirirsən ki, bayaqdan bəri görüb-duyduqlarımızın (və bundan sonra görüb-duyacaqlarımızın) əksəriyyəti buradakı fotoşəkillərin, mətnlərin, növbənöv stendlərin baş qəhrəmanı - ulu öndər Heydər Əliyevlə bağlıdır...
...Və milli öndərin böyük internasionalizmini xarakterizə edən bir ünvanda, əfsanəvi Nikitin yurdu -
İvanovkada...
Bu kəndə çatar-çatmaz, böyük Lev Tolstoyun obraz-xarakterləri, “Yasnaya Polyana” təsərrüfatı və arxitekturasının elementləri ilə çulğanırsan.
Daha nələrlə? Bu haqda sonda...
Hələlik real-sosial notlar,
«canbir-qəlb-ot duşi”də
yaşayan qaravəllilər
- “çastuşka”lar daşıyıcılarının
müştərək vətən
- Azərbaycan sənətçilərini
necə qarşıladıqlarına
dair.
Öncə, qup-quru sovet “peçat”ının “şinel”indən
birdəfəlik çıxmış
azad mətbuatımızın
nümayəndəsi olaraq
qeyd edim ki, hər sahədə
“brend”li olan ivanovkalılar qonaqları
gül-çiçək, tər-təbəssüm, alqış-alxış,
baraban-dramla qarşıladılar.
Əzəmətli Mədəniyyət evinin ziyafət salonundan fövqi-qonaqpərvərliklə
çıxan qonaqlar şövqi-sənətpərvərliklə tamaşa salonunun səhnəsi arxasına keçdilər.
Ev yiyələrinin nəvaziş
dolu “xoş gəldin”indən sonra “səhnə-salon dueti” ustası, Xalq artisti Ramiz Novruz
mikrofon önünə
keçib, bu büsatın yaradıcılarının
- ümummilli lider Heydər Əliyevin, ölkə prezidenti İlham Əliyevin, Azərbaycanın mədəniyyət,
təhsil, tibb sahələrində silinməz
izlər-imzalar qoymaqda
davam edən Mehriban xanım Əliyevanın gördükləri
işlər haqda qısa giriş sözündən sonra tədbir-konsertin başlandığını
elan etdi. Öncə bildirdi ki, Mədəniyyət
və Turizm Nazirliyinin təşəbbüsü
ilə reallaşan bu səfərlərimiz sayəsində nəinki təkcə siz, habelə, biz sənət adamları da hədsiz mənəvi qazanclara batıb-barınırıq.
Bu son bir ay ərzində
ölkəmizin Lerik, Yardımlı, Xızı,
Şabran cənnət-məkanlarında
nələr görmədik,
hansı hisslər keçirmədik! Sizinlə görüşə
gələnədək yükləndiyimiz
sonuncu - qədim Şabran təəssüratlarımız,
obrazlı desək, bir dəvə-karvanlıqdır.
Orada salona toplaşmışlar
arasında hansı sahə adamı desən, vardı. Düz deyirlər ki, muğam qədər baş yırğalatdıran
musiqi yoxdur. Və Şabran mədəniyyət evində
indi dinləyəcəyiniz
sənətkarların ifaları
rayonun İcra Hakimiyyətinin başçısı
Novruz Novruzov və rayonun digər rəsmilərini,
bir sözlə hamını, hər kəsi xüsusi bir feyz aləminə
qərq etmişdi.
İndi sizi o sayaq bir aləmə dəvət edirik. O aləmi yaradanların adlarını bəri başdan elan edirəm: Xalq artistləri Canəli Əkbərov, Cəmilə
Bayramova, Tariyel Qasımov, Əməkdar
artist Gülüstan Əliyeva,
Nişanə Baxışova,
Rövşən Əziz,
Nəzakət Məmmədova,
Şahnaz Əliyeva, Şəms Cəbiyeva, Səməd Xasıyev, tarzən Altay Niftəliyev,
kamançaçı Araz
Allahverdiyev.
Hər bir ad - populyarlıq
dərəcəsindən asılı
olmayaraq - rəğbət-məhəbbət
dolu alqışlarla qarşılanır. Hər nüansa
ekspromt yaradıcılıqla
yanaşan aparıcı
gülümsəyərək “Nəzərə alın, üç saatlıq bu konsertin yarım
saatının bada verilməsinə baiskar sizin öz alqışlarınızdır”
- deyib, biri-birindən
gözəl çıxışları
ilə salondakılara
maraqlı anlar yaşadan gənc müğənniləri növbə
ilə səhnəyə
dəvət edir.
Sənətçilər dəstəsinin “sonbeşiyi” Şəms Cəbiyeva bütün salonu oynaq “Çıx
yaşıl düzə”
ritminə qoşur.
Sənət məlahətli Nəzakət
Məmmədova, səhnə
təravətli Şahnaz
Əliyeva ifa etdikləri Azərbaycan və rus mahnıları
ilə salonu əsl internasional himnə qərq edirlər. Rövşən Əziz, Səməd
Xasıyev zalda istedadlı övlad - toy-büsatlı Vətən
ab-havası yaradırlar.
Nişanə Baxışova,
Əməkdar artist Gülüstan
Əliyeva tamaşaçıları
böyük muğam məqamına yetirirlər.
Xalq artistləri Cəmilə Bayramovanın
“Turacı” və “Tərəkəmə” rəqs
havaları altında füsunkar rəqsi, Tariyel Qasımovun “səhnə olayları” silsiləsindən xatirələri
tamaşaçıların gözləri qarşısında
əsrarəngiz vizual
mənzərələr yaradır,
yaddaşlarında retro-teatral
xatiratlar oyadır.
Canəli Əkbərovun adı da salonda alqış
təlatümü yaradır,
təkrar-təkrar dəvətlərdə
şahə qalxan ifaları da! Yetmiş iki yaşlı bu ustad-sənətkarın
pəs-bəmləri ürəklərin
ən dərin guşələrinə, zəngulə-ciknələri
göyün yeddinci qatına işləyir.
Tarzən Altay Niftəliyevlə kamançaçı Araz
Allahverdiyev isə bütün bu ifaları zərif-zərif
müşayiət, tamaşaçı
ürəklərini yuxa-yuxa
fəth etdilər.
Bu yazının
əvvəlində Lev Tolstoyu
xatırlayıb vəd
etdiyim təəssürat
isə bundan ibarət ki, alqış dolu konsertin axırında salonu tərk edən rus ər-arvadlar,
nişanlılar, məktəbli
uşaqlar Fyodor Dostoyevskinin
sevgili, tipik, bəzən də mifik obrazlarını xatırladırdılar...
Və müstəqil Azərbaycan
Respublikasında «kolxoz»
adlı təsərrüfat
modelini saxlamaq müstəqilliyi verilmiş
bu kənddə rus əsilli vətəndaşlarımıza sovet dövründəkindən
də doğma yanaşıldığının şahidi oldum...
A.Tahir
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 6.