«Space»
teleradio şirkəti
ad gününü qeyd
etdi
Fəaliyyətə başladığı ilk gündən tamaşaçı-dinləyici
auditoriyasının “xəyallarını
gerçəkləşdirən“ “Space” teleradio şirkəti iki əlamətdar tarixi qeyd etdi. Oktyabrın
12-də “Space” televiziyasının 14,
“Space” radiosunun isə
10 yaşı tamam oldu.
Bu münasibətlə
teleradio şirkətinin
keçdiyi yola qısa nəzər salmaq istədim. Neçə-neçə yaddaqalan
veriliş, fərqli layihə, rəngarəng konsert, baxımlı tok-şou süzüldü
yaddaşımdan. Maraqlıdır
ki, bu müddət
ərzində tamaşaçısını
yormadan, zövqünü
korlamadan və həm də baxımlılığını itirmədən hər gün ekranda olmaq o qədər də asan deyil.
Amma kanal və radio olaraq “Space” bunun öhdəsindən gələ bildi.
Efirində milli-mənəvi dəyərlərə
önəm verən kanal sadə tamaşaçı kütləsinin
marağını özündə
cəmləyə bildi.
Ona görə də Azərbaycan teleməkanında “Space”in
öz yeri, dəst-xətti var desək, yanılmarıq.
Bu mənada şənbə
günləri efirə
çıxan “Hər
səhər”in xüsusi
buraxılışının ayrı bir yeri
var. Mədəniyyət və
incəsənət, elm və
ədəbiyyat xadimlərinin
doğum günlərinin,
yaradıcılıq yubileylərinin
təntənə ilə
qeyd olunması bütünlükdə kanalın,
xalqın sənət
və sənətkarına
məhəbbətinin təzahürüdür.
İstedadlı
rejissor Vaqif Mustafayevin rəhbərlik etdiyi “Space”in gənc nəslin tərbiyələnməsinə xidmət edən layihələri də az olmayıb. Milli rəqslərimizin geniş təbliği məqsədilə reallaşan
“Azərbaycan xalq rəqsləri” tamaşaçıların
sevimli proqramları sırasına daxil ola bildi. Günün
müxtəlif saatlarında
izləyicilərə ölkə
və dünya gündəminin ən önəmli xəbərlərini
peşəkarlıqla təqdim
edən ”Xəbərlər”
xidməti də ən baxımlı proqramlardandır.
Azərbaycan mədəniyyətinin rəngarəng
mənzərəsini əks
etdirən, Mədəniyyət
və Turizm Nazirliyi ilə birgə layihə olan “Mədəniyyət saatı” kanalın ən sevilən verilişlərindəndir. Kanalın
efirində yayımlanan
“Bazar”, “Hər səhər”, “Bizim süfrə”, “Kiçik Qala”, “Muğam saatı”, “Olduğu kimi” və s. verilişlər “Space” televiziyasının
uğurlu layihələrindəndir.
Bu illər ərzində “Space 104 FM” də
çoxsaylı radiodalğalar
içərisində özünəməxsusluğunu
göstərə bilib.
Radioqəbuledicini 104 FM-ə kökləyənlər gündəlik
efir saatında retro mahnılardan ibarət “Düşüncələr”i, “Yanar
saat”da Anarın təqdimatında duzlu-məzəli
zarafatları, Gülnarın
əyləncəli “Kokteyl”i,
ilklərin “Təqdimat”ını,
Mehriban Xanlarovanın
“Seçilmişlər”ini, tanınmış jurnalist
Solmaz Əmirlinin maraqlı “Ünsiyyət»ini
dinləmək imkanı
qazanırlar.
“Space”in ad gününə həsr olunmuş tədbirdə
104 FM radiosunun direktoru
Əhməd Əsgərlə
görüşüb 10 illik
yubiley təəssüratını
öyrəndik. 10 ildə
hər an dinləyici ilə təmasda olmağın çətinlikləri
ilə yanaşı bəxş etdiyi məmnunluqdan da danışan radio rəhbəri
işlərini günün
tələblərinə uyğun
qurmağa çalışdıqlarını
dedi: «Çünki radioefir bunu tələb edir. Artıq dinləyicilərin
şou və yüngül formatlardan qaçdığını, onlara
nə isə öyrədən, zövq
aşılayan məlumatlara,
musiqilərə meyl etdiklərini görürük.
Əslində qloballaşma
dövründə, mədəniyyətlərin
qovuşduğu bir vaxtda XXI əsrin insanı həm öyrənmək, həm
də əylənmək
istəyir. Azərbaycan
tarixindən məqamlar,
elmi sahələrdəki
yeniliklər barədə
hazırlanan verilişlər
artıq maraqla izlənir».
“Space” radiosu balaca dinləyiciləri də unutmayıb. Balacaların “Nağıl
axşamı” layihəsi
üzərində yenidən
işləmək niyyətində
olduqlarını bildirən
müsahibim azyaşlıların
mənəvi-estetik tərbiyəsinin
əsas şərt olduğunu deyir: «Dinləyicilər bizdən
çox şey gözləyir. Ona görə də daim axtarışda olmalıyıq. İnsanların
musiqi zövqlərinin
korlanmasının qarşısını
almaq, bu axının əksinə
getmək lazımdır.
Solmaz Əmirlinin apardığı “Ünsiyyət”,
«Düşüncələr» radio-layihələri bu mənada artıq öz sözünü deyə bilib. Ümumilikdə çalışırıq
ki, Azərbaycan xalqının ən yüksək milli-mənəvi
dəyərlərini təbliğ
edək. Yalnız bununla ucuz mövzulardan
qaçmaq, böyük
mədəniyyətimizi tərənnüm
etmək olar».
Həmkarlarımızı
“Space” teleradio şirkətinin
ad günü münasibəti
ilə təbrik edir, onlara çətin
və şərəfli
işlərində uğurlar
arzulayırıq.
Lalə
Mədəniyyət.-
2011.- 14 oktyabr.- S. 5.