İyirmiilliyimiz...
Və
ona həsr edilən silsilə tədbir-simfoniyalarımız
Bu dəfə dağlar
Xızısı və bağlar Şabranında.
Amma hər dəfə olduğu
kimi - Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla
iş sektorunun təşkilatçılığı ilə.
Özü də bütün dəfələrdə
xalq və onun sənətkarlarının
çıxış-alqış duallığında, səhnə-salon
tandemində...
...Ötən dəfələr
avtomobil karvanlarında ucqar regionların uzun yollarını
yaxınlaşdıran “söhbət körpüləri” əsasən
nazirliyin Regionlarla iş sektorunun rəsmiləri - Pərviz
İsgəndərli, Oqtay Muxtarov və “ustad” səlahiyyətli
xalq artistləri - Canəli Əkbərov, Cəmilə
Bayramova, Ramiz Novruzov tərəfindən salınırdısa,
bu kərə bu mənəvi “inşaat”da “...və
başqaları” da fəal iştirak edirdilər. Hətta
sükan arxasında olarkən verilən sualların belə
yanından sükutla şütüyən Talıb kişi də
yolüstü nəfəsdərmə obyektlərinin birində
sənət-səhnə bilicilərinin stolüstü söhbətlər
mizanına atüstü bir sürücü-həyatbilici
düzəni verdi. Bu avto-sarban sənətkarların “müstəqillik-milli
aqillik”, “xalq-qalx”, “rəhbərlik-səfərbərlik”, “siyasət
naxışları - sənət alqışları” kimi
alletrativ kəlmə-kəlamlarına qoşuldu. Oqtay müəllimə
xitabən söylədi ki, yəqin, həm müstəqilliyimizə,
həm özlərinə bu qədər alqışlar qazanan
qaymaqlarımızın ev-eşiklərində də onları
sağ-salamat aparıb-gətirənlərə alqışlar
edilir...
Gözləntilər...
Bəli, bu səfərin də məqsəd-məramı,
ithaf-qutlamı hər iki tərəfə bəlli; bu anlar yol
gedən sazlı-sözlü qonaqlara da, onları səmimi
baxışlar, alovlu alqışlarla qarşılayası ev
yiyələrinə də. Amma bu, heç də doqmatik eyniyyətə,
patetik trafaretə dəlalət etmir. Məsələn,
Regionlarla iş sektoru - iki-üç nəfər istisna edilməklə,
bu dəfə də sənətçilər siyahısına
yeni isimlər əlavə edib. Deməli, ümummilli bayram-tədbirimizin
budəfəki aparıcılığını başqa bir
Xalq artistimiz - Tariyel Qasımov edəcək. Budəfəki
salonlarda gülüş tufanını Əməkdar artistimiz
Naibə Allahverdiyeva qoparacaq. Elə budəfəki ev yiyələri
də yeniliklərlə ləbaləb; gedib görəcəkmişik
ki, ümummilli məsələlərdə Cəfər dramatizmli,
Müşfiq lirizmli Xızıda hamı ayaqda. Mədəniyyət
evinin qarşısında - Müşfiq leksikonu ilə
söyləsək, öylə bir kalabalık ki, iynə atsan
yerə düşməz, ciknə çəksən göyə
qalxmaz.
Burada - Mədəniyyət evinin
geniş, gözoxşar meydanında çox müasir qayda,
sivil etiket, mədəni-ticari mizan-düzəndə yarmarka təşkil
edilib. Hər kəndin adı yazılmış
piştaxta-stollar üstündə özlərinə məxsus
meyvə-tərəvəz, bostan, bal-balqabaqdan tutmuş
qatıq-qaymağa qədər - “hər nə istəsən”
məhsulları düzülüb. İnsanların sir-sifətləri
bu məhsulları yetirən təbiətin bahar
mövsümü; müstəqilliyimizin peşinə,
qonaqların gəlişinə çiçəklənən
təbəssümlər, təcəssümlər. Rayon
İcra Hakimiyyətinin işçilərilə ictimaiyyət
nümayəndələrini bir-birindən ayırd etmək
müşkül. İcra başçısı Vaqif Abdullayevin
səmimi söhbətlərində bu tədbirin “əzəl
mübtədası”na - müstəqillik yubileyimizə dərin
ehtiram, gözəl qonaqlarına özəl hörmət-izzət.
Dünənki milli teatr problemimizin - “səhnə və
qadın” düyününün çözüm banisi Cəfər
Cabbarlının bugünkü yurdunda - mədəni-kütləvi
ocaqlardan tutmuş ictimai-siyasi sahələrə qədər -
qadınlardan ibarət mobil bir ordu!
Mədəniyyət və Turizm
Nazirliyinin layihə-təşəbbüsü, Regionlarla
iş sektorunun təşkilatçılığı ilə
düzənlənən bu tədbirlərin yerlərdə
layiqincə mizanlanması işləri də böyük məsuliyyət
hissi, vətəndaşlıq duyğusu tələb edir. Milli
bayram ovqatımıza xələl gətirməmək
üçün onların bu məsuliyyətdən xaliləri
haqda yox, haliləri barədə danışmaq halətində
olmaqla deyim ki, Xızı rayon Mədəniyyət və Turizm
Şöbəsinin müdiri Sənan Talıbov əvvəldən-axıra
cərəyan edən bütün təşkilati-hərəki
nüansların fərqində oldu.
Və nəhayət, təyin
olunmuş vaxtda - saat 13.30-da başlayan bu möhtəşəm
tədbir-konsertdə bir-birini əvəzləyən çox
təbii -
Çıxış-alqış duetləri...
Xalq
artisti Tariyel Qasımov səhnəyə
çıxar-çıxmaz, alqışlar qopur. Müstəqilliyimizin
iyirmi ilinin hər ictimai-siyasi, sənət-mədəniyyət
ilməsinə dair dediyi kəlmələr, ümummilli lider
Heydər Əliyevin, prezident İlham Əliyevin, mədəniyyətimizin
hamisi Mehriban xanım Əliyevanın bu böyük,
müasir, azad Vətən mülkinə yeni-yeni bəxşişləri
haqda söylədiyi fikirlər salonun sürəkli
alqışlarına qərq olur. Bu yığcam girişlə
bir növ, tədbiri açıq elan edən aparıcı
sözünə qüvvət olaraq Xalq artisti Canəli Əkbərovu
səhnəyə dəvət edir. Böyük sənətkar
ondan gözəl ifalar gözləyən salon əhlinə hələlik
xoş sözlər çatdırmaq istədiyini bildirir,
aparıcının müasir ölkə
növrağının yaradıcıları haqda söylədiyi
sözləri konkret faktlarla şaxələndirir,
görüşdən öncə ötəri də olsa gəzib-gördüyü
Xızı şəhərinin səliqə-sahmanı,
yar-yaraşığı, vüqarlı insanlarının
nurlu çöhrələri haqda müxtəsər bir
“reportaj” təqdim edir.
Sonra söz yalnız “sazlı
qonaqlara” verilir. Adları və üslub ladları ilə digər
ifaçılara nisbətdə yenilər - Nəzakət Məmmədova
“Azərbaycanım”ı, “Azəri-star”dan tanınan Şahnaz Əliyeva
“Yarim-yarim”iylə tamaşaçıları müasirlik
ovqatı üstdə kökləyirlər. Getdikləri,
oxuduqları məclis-mərəkələrdən
alqış qönçələri qazanan Zakir Əliyev,
Rövşən Əziz, rəğbət-məhəbbət
xonçaları tutan Nişanə Baxışova, “vokal Leyli-Məcnun”
adıyla çağırılan Şəms və Səməd
dueti bu səfərdə də alovlu alqışlarla
qarşılandılar. Öz ailəsində rişə ata
bilməyib özgə sevgilərin qapı-pəncərəsinə
mıx, öz halallarının gün-güzəran problemlərində
zəfər çalmaq əvəzinə, “aşıq eldən
yuxarı - dizi beldən yuxarı” haramların qarasına fit
çalanlara islahedici səhnəcik təqdim edən
istedadlı aktrisamız Naibə Allahverdiyeva hər iki mədəniyyət
evinə toplaşanlara o ki var, əl çaldırdı.
“Xızı dağları” ansamblı qonaqların
çağlar sənət bulağına qaynar çeşmə
kimi qovuşdu. Həqiqət Ağayeva və başqaları
bir-birindən gözəl mahnılar ifa etdilər, hər məhəlli
toy-bayramlarda qarşılarında çıxış etdikləri
həmyerlilərilə ümummilli bayram sevinclərini də
bölüşdülər.
Xalq artisti Cəmilə Bayramova bu dəfə
də milli rəqssevərlərimizə incəlik, zəriflik,
həzinlik çalarlarından ibarət xoşbəxtlik
anları yaşatdı. Turac kimi süzə-süzə, kəklik
təki səkə-səkə klassik şairlərin, dədə
aşıqların huş-guş təşbehlərinin təcəllasına
çevrildi. Gurultulu alqış sahibləri isə sübut
etdilər ki, onlar “sözsüz sənət” dillərinə də
yaxşı bələddirlər.
Bu da möcüzəli səs,
möhtəşəm avaz... Ulu Şəhriyarın əziz-ləziz
“Gözəllərin axıra qalmışıydı”
misrasından çıxış etsək,
“çıxış edir - klassik səs qaymaqlarının
axıra qalmışlarından biri - Canəli Əkbərov!”
Bu adın sədasına leysanlanan
alqışlar susunca, öncə tar, ardınca kaman, sonca ilahi
“aman-aman”larla xanəndə dil açır...
Onun öz fikir-xəyalı qafiyə-qafiyə
baş alıb gedən hikmətli misraların mehrində,
tamaşaçıların duyğu-uyğuları isə o
sözləri bəzəyib-gözəyən zəngulələrin
sehrində...
Məqamlar olur ki, gah səhnədəki
avaz pıçıltısından qulaq tutulur, gah salondakı
alqış təlatümündən...
...Beləcə, oktyabrın 7-də
hər iki rayon mərkəzinin mədəniyyət evlərində
edilən hər çıxışdan, oynanılan hər səhnəcikdən,
səslənən hər alqışdan müstəqilliyimizə
sevgi notları süzüldü.
Yanğılanıb-yaxılan hər muğam
parçasından özüm-özgürlük,
yurdum-yuvamlıq, həyati-bayatilik şəhdlənib-şəkərləndi.
Oğlun igid-intellekt, qızın gözəl və sivil, mədəniyyətin
zəngin və yetkin, siyasətin müdrik və bitkin, gedən
naxşı, gələn yaxşı və nəinki təkcə
ölməyə, gəzməyə də “Vətən
yaxşı!” nidaları dalğalandı...
Və mən xeyli nəqli təsir
bağışlayası bu təəssüratlarımı
Regionlarla iş sektorunun müdiri P.İsgəndərli,
aparıcı məsləhətçisi O.Muxtarovdan
alacağım eksklüziv müsahibə ilə informativləşdirmək
amacında ikən, onlardan: “Ayın 12-də
İsmayıllı səfərimizi də başa vurandan sonra
söhbətləşərik” cavabını aldım.
Tahir Abbaslı
Mədəniyyət.-
2011.- 12 oktyabr.- S. 10.