Asimanda çırpınan ürək
Bu
gün ölkəmizdə musiqi sənətinin
inkişafına dövlət tərəfindən böyük
diqqət və qayğı göstərilir. Mütəmadi
olaraq keçirilən beynəlxalq musiqi festivalları, müsabiqələr,
konsertlər və ustad dərsləri gənc
musiqiçi nəslinin yetişməsi və
inkişafında mühüm rol oynayır. Artıq ənənəvi olaraq keçirilən Üzeyir
Hacıbəyli adına beynəlxalq musiqi
festivalı da bu qəbildəndir.
Bu yaxınlarda üçüncü dəfə keçirilən festival çərçivəsində Bakı Musiqi Akademiyasının böyük zalında yaddaqalan musiqi gecəsi yaşandı. BMA-nın məzunu, İzmir Opera və Balet Teatrının simfonik orkestrinin konsertmeysteri, istedadlı skripkaçı Rövşən Müzəffərov və Milli Konservatoriyanın baş müəllimi, pianoçu Arzu Səfərova solo konsert proqramı ilə çıxış etdilər. İfaçılar sənətlərini məhəbbətlə sevdiklərini, intellektual musiqi təfəkkürünü klassik musiqisevərlərə bir daha nümayiş etdirdilər. İfa etdikləri əsərlər qəlblərdə dərin hislər canlandırdı. Lirik tərzdə ifa olunan əsərlər döyünən qəlbin çırpıntısına bənzəyirdi. Ürəklərinin hərarəti barmaqlarına çökərək bütün salona şəfəq saçırdı.
Rövşən Müzəffərov 1968-ci ildə Bakıda tanınmış tarzən Elxan Müzəffərovun ailəsində dünyaya gəlib. Yaşadığı mühit Rövşənin bir musiqiçi kimi formalaşmasında mühüm rol oynayır. 4 yaşından skripka alətinin sirlərini öyrənməyə başlayır. 7 illik musiqi təhsilini başa vurduqdan sonra Asəf Zeynallı adına Musiqi Texnikumuna (indiki Bakı Musiqi Kolleci) - Əməkdar müəllim T. Manafzadənin sinfinə daxil olur. 1982-1987-ci illərdə Bakı Musiqi Akademiyasında, 1992-1994-cü illərdə Xalq artisti, professor, məşhur skripkaçı Sərvər Qəniyevin sinfində təhsil alır. Respublika səviyyəli müsabiqələrdə laureat adına layiq görülür.
Rövşən Müzəffərov 1993-cü ildən İzmir Opera və Balet Teatrında konsertmeyster kimi fəaliyyət göstərir. İzmir Konservatoriyasında skripka sinfi üzrə müəllim işləyib. Bu müddət ərzində həm solist, həm də orkestr artisti kimi neçə-neçə qastrol səfərlərində olub. Fransa, İngiltərə, Almaniya, Yaponiya, Hollandiya, Şimali Kipr və s. ölkələrdə keçirilən musiqi festivallarında iştirak edib.
Elə konsertmeyster var ki, milli gənc ifaçıların yetişməsində xidmətləri əvəzsizdir. Bu siyahıda Milli Konservatoriyanın baş müəllimi Arzu Səfərovanın adını da qeyd etmək lazımdır. Əməkdar incəsənət xadimi, professor Elmira Nəzirova məktəbinin davamçısı olan musiqiçi bir çox respublika müsabiqələrinin laureatı olub. Xalq artisti Tofiq Bakıxanovun Naxçıvan Muxtar Respublikasında keçirilən 80 illik yubileyinə həsr olunmuş tədbirdə bütün solistləri müşayiət edərək müvəffəqiyyətlə çıxış edib. Konsertmeysterin peşəkarlığı solistin uğurudur. Rövşən Müzəffərov və Arzu Səfərovanın təqdim etdikləri konsert proqramı da onların sözün əsl mənasında professional musiqiçi olduqlarını təsdiqlədi.
Lalə Azəri
Mədəniyyət.-
2011.-19 oktyabr.- S. 15.