Sənət fədaisi: Nadir İbrahimov

 

   Nadir İbrahimov. Bu şəxs kimdir? Belə bir sorğu ilə tanışlarımın dostlarımın bir neçəsinə müraciət etdim. Bunların arasında teatr tariximizlə az-çox tanış olanlar da vardı. Lakin heç kəsdən müsbət cavab almadım. Onun haqqında yalnız bir neçə tədqiqat işindən, bir müasirlərinin xatirələrindən məlumat ala bildim.

  

   Nadir İbrahimov gənclik illərində Tiflis Azərbaycan Teatrının aktyoru olub. Teatra xüsusi həvəs göstərən gimnaziya şagirdi Nadir ilk dəfə 1909-cu il də Tiflisin Şeytanbazar məhəlləsindəki evlərdən birinin zirzəmisində «səhnə»yə çıxıb.

   Gənc yaşlarından aktyor olmaq arzusu ilə yaşayan Mustafa Mərdanov yaxın dostları İbrahim İsfahanlı və Nadir İbrahimovu dəvət edib onlarla tamaşa hazırlamaq barədə söhbət edir. Dostlar öz güclərilə Myasnitskinin Azərbaycan dilinə tərcümə olunmuş «Xor-xor» vodevilini bir yerdə oxuduqdan sonra məhz həmin əsəri tamaşaya qoymaq qərarına gəlirlər.

   Sonradan Mustafa Mərdanov həmin günləri belə xatırlamışdır: «Həyətdə, qonşumuzun zirzəmisinin qapısına böyük bir afişa vurduq... Tamaşa günü gəlib çatdı. Tamaşanı bir həftədən sonra bir daha təkrar etdik. Bu tamaşalarımızın fəal iştirakçılarından Nadir İbrahimovu, İbrahim İsfahanlını qeyd etmək istəyirəm. Mənim kimi onlar da artist olmaq arzusu ilə yaşayırdılar».

   Beləliklə, Mustafa Mərdanov da, İbrahim İsfahanlı da, Nadir İbrahimov da istedadlı gənc aktyor kimi Tiflis Azərbaycan Teatrının truppasına cəlb olunurlar. Qeyd edək ki, bu gənclərin və onların həmyaşıdlarının aktyor kimi yetişməsində, püxtələşməsində həmin teatrın yaradıcılarından biri, sənət fədaisi Mirzəli Abbasovun böyük rolu, əməyi olub.

   Nadir İbrahimov bu truppaya daxil olarkən artıq burada Mirzəli Abbasovla yanaşı Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov kimi ustad aktyorlar, habelə Möhsün Sənani, Əli Qurbanov, Ələkbər Seyfi, Həbib Köçərlinski kimi istedadlı gənclər vardı.

   Azərbaycan teatrının unudulmaz siması Hüseyn Ərəblinski bu aktyorların iştirakı ilə burada tamaşalar hazırlayır və özüonlarla tərəf-müqabil olurdu. Əlbəttə, Hüseyn Ərəblinskinin hazırladığı tamaşada iştirak etmək və onunla eyni tamaşada oynamaq hər bir aktyor üçün şərəfli iş hesab olunurdu.

   Belə bir şərəf Nadir İbrahimova da nəsib olmuşdur. 1914-cü ildə Mirzəli Abbasovun rejissorluğu ilə hazırlanmış «Sultan Əbdüləziz, yaxud Osmanlı inqilabı» tarixi faciəsinin (müəllif Mehdi bəy Hacınski) tamaşasında Sultan Əbdüləziz rolunda Hüseyn Ərəblinski, Yusif İzəddin (vəliəhd) rolunda isə Nadir İbrahimov çıxış etmişdir.

   Nadir İbrahimov müxtəlif vaxtlarda ayrı-ayrı rejissorlar tərəfindən hazırlanmış «Ağa Məhəmməd şah Qacar», «Nadir şah», «Bəxtsiz cavan», «Ölülər», «Qaçaqlar», «Otello», «Dağılan tifaq», «Zorən təbib», «Arşın mal alan», «O olmasın, bu olsun», «Leyli və Məcnun», «Əsli və Kərəm» və başqa tamaşalarda oynamış, Mirseyfəddin Kirmanşahlı, Əşrəf Yüzbaşov, Mustafa Mərdanov, İbrahim İsfahanlı, Möhsün Sənani, Əli Qurbanov, Ələkbər Seyfi, Həbib Köçərlinski kimi sənətkarlarla birlikdə çıxış etmişdir.

   O, «Ölülər»də İsgəndər obrazının ən yaxşı ifaçılarından biri kimi də tanınmışdır. Professor Əziz Şərif özünün «Keçmiş günlərdən» (Bakı, 1977) adlı kitabında bu barədə belə yazmışdır: «Amma onun (Nadir İbrahimov nəzərdə tutulur - A. B.) bir rolu bu günə kimi mənim gözümün qabağında canlanmaqdadır, çünki «Ölülər»də İsgəndərin rolunu ondan yaxşı, ya ona bərabər oynayan artisti mən yadıma sala bilmirəm. Bu, mübaliğə deyil, həqiqətdir!».

   Bu fikri Xalq artisti Mustafa Mərdanov da səsləndirmişdir: «Ölülər» əsərindəki İsgəndərin rolunun gözəl ifaçısı Nadir İbrahimovun qastrola (Tiflis Azərbaycan Teatrı truppasının 1916-cı ildə İrəvan şəhərinə qastrolu nəzərdə tutulur - A.B.) getməyə imkanı olmadığından, bu rolu Cəlil Məmmədquluzadənin tapşırığı ilə Mirseyfəddin Kirmanşahlı ifa etməli idi».

   Gürcüstanın Xalq artisti İbrahim İsfahanlı öz xatirələrində Tiflis Azərbaycan Teatrının repertuarında musiqili tamaşalara, o cümlədən operaoperettalara yer ayrıldığını qeyd etmişdir. O, 1911-ci ildə Üzeyir Hacıbəyovun musiqili əsərlərin tamaşalarını göstərmək məqsədilə Tiflisə gəldiyini qeyd edirsonra yazır: «Abbas Mirzə Şərifzadənin rejissorluğu ilə verilən bu əsərlər böyük şöhrət qazanırdı. Həmin əsərlərdə dirijor vəzifəsini böyük sənətkar Üzeyir bəy öz öhdəsinə almışdı... Yerli artistlərdən məlahətli səsə malik olan Nadir İbrahimov, Əli Şahsabahlı, Məmməd Cəfərli, Səməd Mövləvi, Seyid Şuşinski, Əli Bayramovu qeyd etmək istərdim. Bu artistlər həvəskarlıq dövrlərindən ta sənətkar bir ustad kimi operalardamusiqili komediyalarda baş rolları ifa etmişlər» (Şurəddin Məmmədli. «İbrahim İsfahanlı», Tbilisi, 1997)

   Nadir İbrahimovun səhnədə canlandırdığı Süleyman («Arşın mal alan») və Kərəm («Əsli və Kərəm») obrazları da aktyoru sevdirmişdir. 1915-ci ildə truppanın Mirzəxan Quliyevin rəhbərliyi ilə Kutaisi şəhərində eyni vaxtda iki dildə - Azərbaycan və gürcü dillərində göstərdiyi «Arşın mal alan» tamaşasının uğurunda, təbii ki, digər aktyorlarla yanaşı, Süleyman rolunun ifaçısı Nadir İbrahimovun da əməyi olmuşdur. O, 1921-ci ildə İbrahim İsfahanlının benefisində göstərilmiş «Əsli və Kərəm» operasının tamaşasında Kərəm rolunda da uğur qazanıb.

   Nadir İbrahimov həm də istedadlı musiqiçi idi. Buna görə də musiqili tamaşalarda da uğurla çıxış edirdi.

   Professor Əziz Şərifin «Keçmiş günlərdən» (Bakı, 1977) kitabında yazdıqlarından: «Nadir İbrahimov mənimlə yaşıd olardı, mən gimnaziyada oxuyanda o da Tiflisdə birinci kommersiya məktəbində oxuyurdu. Biz onunla dost idik, bir yerdə Tiflisdə məşhur rəqs müəllimi fransız Overlonun məktəbində Avropa rəqs dərslərini keçirdik. Musiqi aləmində Nadir doğrudan da nadir bir istedad idi. O, tar da çalırdı, kamança da, piano da, qarmon da. Bütün klassik muğam təsnifləri , xalq mahnılarını da çox gözəl bilir gəncliyinə baxmayaraq, bitkin bir sənətkar kimi ifa edirdi».

   Nadir İbrahimov o vaxtlar Tiflisdə müntəzəm təşkil olunan Şərq konsertində fəal iştirak etmiş, burada opera operettalardan göstərilən parçalarda oynamış, habelə tarda muğam təsnifləri ifa etmişdir.

   Nadir İbrahimov həm rejissor kimi fəaliyyət göstərmişdir. İbrahim İsfahanlının yazdığına görə, o, böyük dramaturq Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsü ilə «rejissor vəzifəsinə irəli çəkilmişdir».

   Professor Abbas Hacıyevin «Tiflis Azərbaycan Teatrı» (Bakı, 1984) kitabından: «1919-1920-ci illərdə Tiflisdə ancaq «İttihad» «İbrət» dram cəmiyyətləri fəaliyyət göstərmirdi. Bu dram cəmiyyətlərinin heç birinə qarışmayan kiçik dəstələr var idi onlar daha çox birpərdəli əsərləri tamaşaya qoyurdular. Şəhərin nüfuzlu təsirli dram cəmiyyəti isə «İttihad» idi. Onun göstərdiyi tamaşalara Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı Nadir İbrahimov quruluş verirdilər. «İttihad»ın repertuarında əsas yeri Azərbaycan operettaları musiqili məzhəkələri, habelə «Gaveyi-ahəngər», «Jorj Dande», «Vətən», «Salman bəy», «Fərhad bəy», «İblis», «Ziqamor», «Akif bəy», «Hümmət ağa», «Ac həriflər» «Xor-xor» tuturdu».

   Nadir İbrahimov gimnaziyanı bitirdikdən sonra təhsilini davam etdirmək üçün Moskvaya gedir. Dostu Əziz Şərif ona məsləhət görmüşdü ki, konservatoriyaya daxil olsun. Lakin o, digər dostu Əhməd Pepinovun tövsiyəsi ilə təhsilini Moskva universitetinin iqtisadiyyat fakültəsində davam etdirir.

   İnqilabdan sonra, 1923-cü ildə isə Mustafa Mərdanov, Mirseyfəddin Kirmanşahlı daha iki nəfər teatr təhsili almaq məqsədilə Moskvaya göndərilirlər. Təbii ki, köhnə dostlar həmkarlar burada görüşür, əlaqə saxlayırlar.

   Mustafa Mərdanovun yazdıqlarından: «Bir gün Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsi bizdən - Azərbaycan tələbələrindən xahiş edir ki, Moskvada olan İran məktəbinin nəfinə bir tamaşa verək. Kirmanşahlını bu təklif bir an belə rahat buraxmadı. Zarafat deyildi. Birinci dəfə Moskvada Azərbaycan dilində tamaşa vermək kimi ciddi, şərəfli ona tapşırılmışdı. Kirmanşahlı bu tamaşanın quruluşunu vermək təklifini hədsiz sevinc, eyni zamanda, böyük ehtiyatla qəbul etdi. Çox fikirləşdikdən sonra Üzeyir Hacıbəyovun «Arşın mal alan» operettasını oynamağı qərara aldıq» (Mustafa Mərdanov. «Mənim müasirlərim», Bakı, 1973).

   Mustafa Mərdanov «xoşbəxtlikdən Tiflis səhnəsinin müqtədir aktyoru, gözəl tarzən», Lomonosov adına Universitetdə təhsil alan Nadir İbrahimovun həmin vaxt Moskvada olduğunu xüsusi qeyd edir. Beləliklə, tamaşanın musiqi hissəsini Nadir İbrahimov hazırlayır.

   Tamaşa 1923-cü il noyabrın 14-də indiki K.Stanislavski V.Nemiroviç-Dançenko adına teatrın binasında göstərilir böyük uğur qazanır. Tamaşada Nadir İbrahimov özünün təşkil etdiyi orkestrə dirijorluq edir.

   Həmin gecədə iştirak edən Ümumittifaq Mərkəzi İcraiyyə Komitəsinin sədri Nəriman Nərimanov tamaşanın iştirakçılarına razılığını bildirir onları İcraiyyə Komitəsi tərəfindən mükafatlandırır.

   Nadir İbrahimov təhsilini başa vurduqdan sonra Bakıya qayıtmış, bir sıra məsul dövlət işlərində çalışmışdır.

   Bir daha professor Əziz Şərifin «Keçmiş günlərdən» kitabından: «Çox təəssüf olsun ki, bu nadirvücud (Nadir İbrahimov nəzərdə tutulur - A. B.) haqqında teatr tariximizdə görkəmli bir iz qalmışdır, musiqi sənətimizin tarixində, halbuki Nadir İbrahimov milli teatr musiqi sahəsində görkəmli bir sima olmuş incəsənətimizin inkişafında müəyyən rol oynamışdır... Mən arzu edərdim ki, milli səhnə musiqi tariximizdə onun da adı çəkilsin, çünki Nadir doğrudan da buna layiq bir sənətkar idi».

   Düz sözə deyəsən?!..

   Çalışarıq, Ustad!..

 

  

   Adilxan Bayramov,

   filologiya elmləri doktoru

 

   Mədəniyyət.- 2011.- 19 oktyabr.- S. 13.