Axşam günəşi ilə yüklü...
Vaqif İbrahimoğlunun xatirəsinə
“YUĞ”lu
vaxtlarımı xatırlayıram. Sevgiylə dolu vaxtları.
“YUĞ”un isti ocaq olduğu vaxtları. Hələ “YUĞ”dan
uzaq düşmədiyim vaxtları. Vaqif İbrahimoğlunun,
“YUĞ” teatrının baş rejissorunun kitablarla, suvenirlərlə,
müxtəlif əşyalarla dolu, dar, dəfələrlə
ağlagəlməz qədər çox adamın
yığışıb söhbət etdiyini
gördüyüm bapbalaca otağını. Bir ruh,
düşüncə genişliyi bu qədər adamı belə
dar, çəkdiyi papiros tüstüsü ilə dolu
otağa sığdıra bilərdi. “YUĞ”dan, Vaqif müəllimlə
söhbətdən çıxan adamlar Füzuli meydanında
həmən seçilirdilər - tüstülü fikirlərlə
yorğun...
Məşqləri,
tamaşaları xatırlayıram. Zalı... Aktyorları...
Müzakirləri...
Nə qədər tamaşaya
baxdıq! Nə qədər tamaşadan təsirləndik! Nə
qədər çox yaşadıq!
Adam bunları nəyin
qarşılığında edirdi? İndi teatrı
bütün şəxsi və qeyri-şəxsi mənafelərindən
yuxarıda tutan neçə rejissor tanıyırıq?
Bunları Vaqif müəllimin xəstə olduğunu
eşitdiyim vaxtlarda tez-tez özümdən soruşurdum. O
görüşləri, qapısını hər öyrənmək
istəyən, teatrı sevən, zehni açıq gənclərə
açdığı otağındakı dərsləri,
görüşləri, tamaşaları, məşqləri
yada salırdım.
Bir dəfə yer
olmadığından məni yuxarı, işıq
otağına apardı. Tamaşanı oradan izlədim. İlk
dəfə teatrdan bərk qorxdum. Günbəzdəki pəncərədən
aşağı baxdıqca tamaşanın - «burada və
indi»nin bütün işığı və
qaranlığı ilə, əbədi və ötəriliyi
ilə üzbəüz qaldım. O dar otaqda tək idim.
Yuxarı işıqçıyla gələndə
«Görürsən» soruşdu. Bu sualla lap indicə duyduğum
qorxunu faş edəcəyimdən utanıb «Hə, burdan lap
yaxşı görünür» dedim...
Ən çox insan eqosentrik məxluqdu. Tanıdığın
biri səni tərk edəndə həyatının onunla bağlı olanları xatırlayır, amma lap əslində onun səninlə bağlı
epizodlarını danışırsan...
Mən son vaxtlar əşyaları
xatırlayıram. Əşyalar tamamən dəxilsiz bir vaxtda bütün
detallarıyla gözümün
qabağına gəlir.
Bunlar istifadə olunanlar deyil, artıq kiməsə gərək olmayan əşyalardır
- uşaqlıqda geyindiyim
paltarlar, oynadığımız
oyuncaqlar, mərhum nənəmin otağındakı
ən adi əşyalar, qapı dəstəkləri, rəngi
getmiş süfrə,
oyuncaq at, rezin tutuquşu, şərf, papaq... Sizin tanımadığınız, eşitməkdə maraqlı
olmadığınız bu
əşyalar tək-tək
məni kədərləndirir,
narahat edir.
Əhəmiyyət
vermədiyimiz şeylər
nə qədər iddialıdır! Yalnız bizə aid olan,
bizə əziz olan bu şeylərlə
nə etməli?
Bu əşyaların xatirələrini kiminlə
bölüşməli?
Sapsarı, təzə qəpiklər...
Bir dəfə təsadüfən
Vaqif müəllimlə
piyada şəhərin
içində bir yerdə getməli olduq. Yolda bir dilənçi
yaxınlaşdı. O, söhbətini kəsmədən
dilənçiyə pul
verdi. Bunlar sarı,
təzə qəpiklər
idi. Lap təzə.
O qəpikləri xatırlayıram.
Bilmirəm niyə...
Otağında cürbəcür nişanlar asılan - gərək ki, Qaragöz kukla teatrının personajları
təsvir olunmuş tikməni xatırlayıram.
Qapının üstündə Tofiq Kazımovun rəsmini. Qırağında qoca əyriburun
bir kişinin balaca heykəlciyi olan külqabını.
Masanın üstündəki şüşəni. Bir cüt
qədimi çarığı.
«Ümid» tamaşası
üçün çox
güman ki, Rəşid Şerifin çəkdiyi səhnə
eskizini. İşıq otağına qalxan taxta pilləkənləri.
Tamaşalardakı saysız
əşyaları: telefon
aparatını, kauçuk
insanın daxili orqanlarını, alışqanları,
ipləri, nərdtaxtanı,
geyimləri...
“YUĞ” teatrının qrim otağına gedən dəhlizlərində qopmuş
parketin yaratdığı
çökəkliyi. Tamaşa zalındakı dörd sütunu...
Tamamən dəxilsiz bir məqamda xatırlayacağım
çox şeyi...
Söhbətləri, tamaşaları, fikirləri, epizodları dəxli olduqca xatırlayacam. Bax belə...
Onunla vida mərasimi
idi. Sözsüz ki, hamı orada. Birdən ağlıma gəldi ki, indi “YUĞ”da
heç kim
yoxdu - qapını çöldən bağlayıb
gediblər. “YUĞ”un interyeri, boş qalmış rejissor otağı, dəhlizdəki səssizlik,
divardakı portretlərin
ömürlük sükutu,
tamaşa zalının
kimsəsiz qaranlığı
gəldi gözümün
önünə. Bircə-bircə, sanki kameranın ən yavaş hərəkətilə seyr
edirsənmiş kimi.
Bu interyer qədər
heç kim
duyura bilməz yoxluğunu. Onun qədər kədərli,
ürəksıxan nəsə
təsəvvür etmək
mümkün deyil...
Vaqif müəllimlə vidalaşa bilmədim.
Əvvəl istəmədim, sonra
peşman oldum. Uşaqların tabutunun baş
ucunda dayandığı,
mənim onları qucaqlamaq istədiyim dəqiqələrdə internet xəbərlərinə göz
atırdım mexaniki.
Bir şəklini gördüm.
Uzaqdan kiməsə əl edəndə çəkilmiş
bir foto idi. Şəkil uzaqdan çəkilmişdi
- fotokamera ilə təsvirin yaxınlaşdırıldığı
keyfiyyətindən də
görünürdü. Adətən görüşə
bilməyənlər belə
vidalaşırlar...
Biz hələlik
bu dünyada qaldıq. Az
əvvəl axşam düşdü. Sıradan deyə biləcəyimiz,
amma heç vaxt da sıradan
olmayan yaz axşamı. Bu şeri xatırlatdı Nazim Hikmətdən.
Və Sizi xatırlatdı.
Yəni,
hamımızı. Axşam
günəşilə yüklü
olanları...
Dağın üstündə...
Axşam günəşi ilə yüklü bulud var dağın
üstündə.
Bu gün də...
Sənsiz, yəni, yarı yarıya, dünyasız keçdi bu gün də...
Bir azdan açar gecə çiçəkləri
qırmızı-qırmızı,
Daşıyar havamızda igid, səssiz qanadlar ayrılığında
Vətən ayrılğına bənzəyən
ayrılığmızı...
Aliyə
Mədəniyyət.-
2011.-19 oktyabr.- S. 11.