Mədəni
irs tariximizin
yaddaşıdır
Müstəqil Azərbaycanın 20 ili, digər sahələrdə
olduğu kimi, zəngin mədəni irsimizin öyrənilməsi,
bərpası və təbliği sahəsində də əlamətdar
nəticələrlə yadda qalıb. Bu sahəyə diqqət
göstərilməsi dövlətin mədəniyyət siyasətinin
prioritet istiqamətlərindən biridir. Eyni zamanda, 1995-ci ildə
qəbul olunmuş ölkə Konstitusiyasının 77-ci maddəsinə
əsasən, tarix və mədəniyyət abidələrini
qorumaq hər bir vətəndaşın borcudur. 1998-ci ildə
«Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında» qanunların qəbul
olunması ilə tarixi və mədəni irsin qorunması sahəsində
qanunvericilik bazası yaranıb.
Mədəniyyət və Turizm
Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rüfət
Nuriyevin sözlərinə görə, ötən müddətdə
tarixi-mədəni abidələrlə bağlı imzalanan
prezident sərəncamları, hökumət səviyyəsində
qəbul edilən qərarlar bu sahənin daim dövlətin
diqqət mərkəzində olduğunu göstərir. Mədəniyyətimizin
böyük hamisi, ümummilli lider Heydər Əliyev Azərbaycanın
zəngin tarixi-mədəni irsinin dünyaya
tanıdılmasına xüsusi önəm verirdi. 2000-ci ildə
Bakının çoxəsrlik tarixini yaşadan İçərişəhərin
“Şirvanşahlar Sarayı Kompleksi” Dövlət
Tarix-Memarlıq qoruğu və Qız qalası ilə birgə
UNESCO-nun Dünya Mədəni İrsi siyahısına daxil
edilməsi bu yöndə əldə olunan mühüm nailiyyət
idi. 2002-ci ilin noyabrında Azərbaycanın gözəl və
möhtəşəm abidələrindən olan Şəki
Xan Sarayının bərpadan sonra təntənəli
açılış mərasimində prezident Heydər Əliyev
iştirak etmişdi. 2003-cü ildə “Şabran şəhəri”
və “Çıraqqala” tarixi qoruqları yaradıldı.
Ulu öndərin bu sahədə əsasını
qoyduğu işlər Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Son illər Azərbaycanın tarixi və
mədəni irsin qorunub saxlanması, istifadəsi və gələcək
nəsillərə çatdırılması sahəsində
qəbul edilən qərarlar buna bariz sübutdur. Buna misal
olaraq “Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması
haqqında”, “Bakı şəhərinin tarixi və
memarlıq abidələrinin bərpası və qorunması
haqqında”, «Qobustan Dövlət Tarixi-Bədii Qoruğu ərazisində
yerləşən tarixi və mədəni sərvətlərin
qorunması haqqında», “Monumental heykəltəraşlıq
abidələri, xatirə-memorial və memarlıq komplekslərinin
ümumi görkəminin qorunub saxlanması və ətrafının
abadlaşdırılmasına dair tədbirlər
planının təsdiq edilməsi barədə” və digər
sərəncamları göstərmək olar.
R.Nuriyevin sözlərinə
görə, son bir neçə ildə ölkə
başçısı tərəfindən 4 yeni tarix-mədəniyyət
qoruğu: Bakı şəhərinin Suraxanı qəsəbəsində
«Atəşgah məbədi» dövlət tarix-memarlıq,
Abşeron rayonunda «Yanar dağ» dövlət tarix-mədəniyyət
və təbiət, Ağstafa rayonunda «Keşikçidağ»
dövlət tarix-mədəniyyət və Quba rayonunda
«Xınalıq» dövlət tarix-memarlıq və etnoqrafiya
qoruqları yaradılıb.
Bundan əlavə, 1992-ci ildə
Nardaran tarix-mədəniyyət, Qax rayonunda İlisu dövlət
tarix-memarlıq, 2003-cü ildə Şəki rayonunda “Kiş”
tarix-memarlıq və 2004-cü ildə Hacıqabul rayonunda
“Pir-Hüseyn Xanəgahı” tarix-memarlıq qoruqları
yaradılıb.
2007-ci ilin 29 iyununda Dünya İrs
Komitəsinin Yeni Zellandiyada keçirilən 31-ci
sessiyasında Qobustan Dövlət tarix-bədii qoruğu
UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Nazirlər
Kabinetinin 6 noyabr 2007-ci il tarixli qərarı ilə isə
Qobustan qoruğuna “Milli qoruq” statusu verilib. Hazırda Qobustan
qoruğunun dünya standartlarına uyğun olan inzibati
binasının tikilməsi və müasir texnologiya və
avadanlıqlarla təchiz edilən yeni ekspozisiyaların
yaradılması artıq başa çatıb.
Tarix və mədəniyyət abidələrində
bərpa işləri əsasən 2001-ci ildən
aparılmağa başlanılıb. Bu müddətdə 40-a
qədər abidədə, o cümlədən Bakıda -
İçərişəhərdəki “Məhəmməd” məscidində,
“İsmayiliyə” binasında, “Təzəpir” və “Əjdərbəy”
məscidlərində, Qala kəndindəki məsciddə,
Şəki şəhərindəki «Qala divarları»nda,
Kiş kəndindəki alban məbədində, Qusar rayonunun Həzrə
kəndindəki "Şeyx Cüneyd" türbəsində,
Qax rayonunun Əmbərçay kəndindəki
"Kürmük" məbədində, Qum kəndindəki
bazilikada, Gəncə şəhərindəki
"Çökək" hamamında və Nizami Gəncəvi
məqbərəsində, Quba rayonunun Rustov kənd məscidində,
Naxçıvan Muxtar Respublikasının Culfa rayonundakı
"Xanəgah" memarlıq kompleksində, “Əşhad-ül
Kəhf ziyarətgahı” dini-mədəni abidə kompleksində,
Salyan rayonundakı Cümə məscidində təmir-bərpa
işləri aparılıb. Həmçinin Hacıqabul rayonundakı
"Pir Hüseyn Xanəgahı”nda, Qəbələ rayonunun Həzrə
kəndindəki "Türbələr kompleksi"ndə və
Nic kəndindəki məbəddə, Lənkəran şəhərindəki
"Dairəvi Qala"da, Balakən rayonundakı Minarəli məsciddə,
Zaqatala şəhərindəki Qala divarlarında bərpa-konservasiya,
həmçinin Bakda - Nardaran qəsəbəsi, «Xan
bağı» abidəsi ətrafında drenaj sisteminin
qurulması və abadlıq, Qax rayonunun İlisu kəndindəki
"Sumuqqala" abidəsində bərpa və abidənin sel
sularından mühafizəsi məqsədilə mühafizə
tədbirləri başa çatıb. Hazırda Şəki
şəhərindəki Aşağı Karvansarada, Mirzə Fətəli
Axundovun ev-muzeyində, İsmayıl bəy Nakam adına
kitabxanada bərpa işləri başa çatmaq üzrədir.
Göstərilən müddətdə
50-dən çox abidənin bərpa və konservasiya layihələrinin
başa çatdırıldığını deyən
nazirlik rəsmisi cari ildə Gəncə şəhərindəki
Şah Abbas karvansarasının bərpası və orada
regional turizm əl sənətkarlığı mərkəzinin
yaradılması, Bərdədə “Allah-Allah” türbəsinin
bərpası, Bakı şəhəri Suraxanı qəsəbəsindəki
“Atəşgah məbədi” kompleksinin bərpası və
muzey mərkəzinin tikintisi, Şəkidə Şəkixanovların
evinin bərpa layihələrinin
hazırlandığını, bir neçə layihə
üzrə isə işlərin davam etdiyni bildirdi.
Mədəni irsin qorunması Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
da daim diqqət mərkəzindədir. Heydər Əliyev Fondu
tərəfindən Bakının Buzovna kəndindəki
Cümə məscidi bərpa olunub və Qala Dövlət
tarix-etnoqrafiya qoruğunun ərazisində Qala Arxeoloji-Etnoqrafik
Muzey kompleksi yaradılıb.
Onu da qeyd edək ki, Nazirlər
Kabineti tərəfindən tədiq edilən (2001) “Azərbaycan
Respublikasının ərazisində dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcəsinə
görə bölgüsü”nə 6308 ədəd yerli,
ölkə və dünya əhəmiyyətli memarlıq,
arxeoloji, bağ-park, monumental və xatirə abidələri və
dekorativ-tətbiqi sənət nümunələri daxil edilib.
Həmçinin bu illər ərzində aparılan
axtarış və tədqiqatlar nəticəsində 1518 yeni
abidə “Yeni aşkar olunmuş tarix və mədəniyyət
abidələrinin siyahısı”na daxil edilib.
Mehparə
Mədəniyyət.- 2011.- 19
oktyabr.- S. 10.