Azərbaycanda
turizmin inkişafı müstəqillik dövrünün nailiyyətidir
Ölkəmizdə bu sahədə qısa müddətdə
mühüm nəticələr əldə edilib
Azərbaycan
hələ qədim zamanlardan xarici səyyahlar
üçün cəlbedici məkan olub. «Böyük İpək
yolu»nun ölkəmizdən keçməsi əcnəbilərin
Azərbaycana marağını daha da artırırdı. O
zamanlar karvan ticarəti dövlətin mühüm gəlir mənbəyi
olduğu üçün yolların kənarında
çoxsaylı karvansaraların olması, bir çox ölkələrlə
iqtisadi və mədəni əlaqələrin genişlənməsi
səyahətlərin inkişafına təkan verirdi.
Azərbaycanda mütəşəkkil
turizmin inkişafı isə XX əsrə təsadüf edir.
Lakin Azərbaycanın çox zəngin təbii potensiala malik
olmasına baxmayaraq, digər sovet respublikaları ilə
müqayisədə turizm o qədər də inkişaf etməmişdi.
Yalnız ölkəmiz müstəqilliyini bərpa etdikdən
və keçid dövrünün böhran və çətinlikləri
arxada qalandan sonra bir çox sahələrdə olduğu kimi,
turizm sahəsində də əsaslı şəkildə
inkişaf başlandı.
Son
5 ildə turizm sahəsinin göstəriciləri 3 dəfədən
çox artıb
Ekspert qiymətləndirmələrinə görə,
ötən 20 ili üç mərhələyə bölmək
olar. Birincisi, Azərbaycan müstəqillik qazanan dövrdə
böyük bir imperiya dağılıb və Azərbaycan
bazar münasibətlərinə keçib. Bazar münasibətlərinə
keçid prosesində transformasiya itkiləri baş verib.
1995-ci ilədək davam edən bu dövr turizm sahəsi
üçün də səciyyəvi olub. 1995-ci ildə
ölkənin ümumi daxili məhsulu 1990-cı ilin göstəricisinin
30 faizini təşkil edirdi. 1996-cı ildən başlayaraq,
2004-2005-ci illərə qədər olan dövrdə Azərbaycan
birinci mərhələdəki transformasiya itkilərinin yerini
doldurmaqla məşğul olub və 2004-2005-ci illərdə
1990-cı ilin iqtisadi səviyyəsinə çatıb. Bu
dövr bərpa illəridir. Həmin dövrü turizm sahəsində
də bərpa və canlanma dövrü kimi qiymətləndirmək
olar. Bu illər ərzində turizmin inkişafına dair 1-ci
proqram, «Turizm haqqında» qanun qəbul edildi. 2005-ci ildən
sonrakı mərhələ Azərbaycanda sürətli
artım və yüksəliş dövrüdür. Bu
inkişaf turizm sektoruna da aiddir. Mədəniyyət və
Turizm Nazirliyi yarandığı 2006-cı ildən turizm sahəsi
ölkənin qeyri-neft sektorunun əsas istiqamətlərindən
biridir. Digər ölkələrlə müqayisədə Azərbaycanda
bu sahədə qısa müddətdə mühüm nailiyyətlər
əldə edilib. Bu illər ərzində turizm sənayesinin
bütün göstəriciləri 3-3,5 dəfə
artıb.
İnkişaf statistikanın
güzgüsündə
Statistikaya nəzər salaq. Əgər
2001-2002-ci illərdə respublika üzrə cəmi 70-90
mehmanxana var idisə, indi Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən Azərbaycanda 318 mehmanxanaya turizm fəaliyyətinə
dair lisenziya verilib. Ölkədə mehmanxana və ona bərabər
tutulan yerləşdirmə obyektlərinin sayı 504-dür.
Onların təxminən 35 faizi Bakı şəhərinin
payına düşür. Bu obyektlərdə 30 min 793 yataq
yeri var. Hazırda ölkədə 211 turizm şirkəti
nazirliyin lisenziyası əsasında fəaliyyət göstərir.
2010-cu ildə Azərbaycana 1 milyon
962 min 906 nəfər əcnəbi gəlib. Onlardan 1 milyon 494
min 725 nəfəri turist olub. Bu ilin ilk 6 ayı ərzində
isə bu rəqəm 1 milyon 16 min nəfər olub. Bu, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 14,8 faiz
artım deməkdir. İlin sonuna qədər ölkəyə
gələn turistlərin sayının 2 milyon 100 mini
aşacağı gözlənilir. Növbəti 5 ildə isə
bu rəqəmin 3 milyonu keçəcəyi
proqnozlaşdırılır.
Artıq həm yerli, həm də
xarici iş adamlarının ölkəmizin turizm sənayesinə
investisiya qoymaq maraqları yaranıb. Hazırda ölkə ərazisində
40-dan çox mehmanxana və mehmanxana tipli obyekt inşa olunur.
Bu sırada beynəlxalq hotellər şəbəkəsinə
daxil olan mehmanxanaların tikintisini xüsusi qeyd etmək yerinə
düşərdi. Paytaxtda inşa olunan 6 beynəlxalq brendli
beşulduzlu hoteldən ikisi - “Kempinski Hotel Badamdar” və
«Hilton Baku» ölkə başçısı İlham Əliyevin
iştirakı ilə açılıb. Digər 4
mehmanxananın (“Marriott”, “Four Seasons”, “Fairmont” və “Jumeirah
Bilgah Hotel”) açılışı isə bu ilin sonu və
2012-ci ilin əvvəlində olacaq.
Azərbaycan 1999-2000-ci illərdə
cəmi bir neçə beynəlxalq turizm sərgisinə
qatılırdı. İndi il ərzində Mədəniyyət
və Turizm Nazirliyi ölkəmizi 20-dən artıq xarici
ölkədə keçirilən beynəlxalq turizm sərgilərində
təmsil edir. Bundan əlavə, ölkənin
tanıtımı istiqamətində də çoxsaylı
işlər görülür. Dünyanın nüfuzlu
kanallarında Azərbaycanın turizm potensialını əks
etdirən reklam çarxları yerləşdirilir. Habelə
beynəlxalq təşkilatlarla, o cümlədən Dünya
Turizm Təşkilatı, İslam Konfransı Təşkilatı,
GUAM, İƏT və başqa beynəlxalq qurumlarla sıx əməkdaşlıq
nəticəsində Azərbaycan artıq dünyada yeni bir
turizm məkanı kimi tanınmağa başlayıb.
Turizmin inkişafının qanunvericilik əsası
1999-cu ildə «Turizm haqqında»
qanunun qəbul edilməsi, 2004-2008-ci illəri əhatə edən
birinci regional inkişaf proqramının həyata keçirilməsi
Azərbaycanda turizmin inkişafı üçün
mühüm hüquqi baza yaratdı, bu sahədə
görüləsi işləri müəyyənləşdirdi,
regionlarda turizmin inkişafı üçün ilkin infrastrukturun
qurulması başlandı.
Ötən il “2010-2014-cü illərdə
Azərbaycanda turizmin inkişafına dair” Dövlət
Proqramının qəbul olunması, 2011-ci ilin ölkə
prezidenti tərəfindən “Turizm ili” elan edilməsi, bununla əlaqədar
geniş Tədbirlər Planının təsdiq edilməsi
dövlət səviyyəsində turizmin inkişafına
verilən dəstəyin göstəricisidir. Bu tədbirlərin
nəticəsidir ki, ölkəmizdə turizm sənayesi yeni mərhələyə
qədəm qoyub. “Eurovision -2012” müsabiqəsinin Azərbaycanda
keçirilməsi ölkəmizin turizm potensialını
dünyaya tanıtmaq üçün daha bir təkan olacaq.
Biz artıq 20 illik müstəqillik
dövründə Azərbaycanın inkişafının
üçüncü mərhələsinin kontekstində
turizmin də sürətli inkişafını
görürük və bu sürətlə Azərbaycan
yaxın 4-5 ildə dünyada öz potensialına uyğun turizm
ölkəsinə çevriləcək.
Fəxriyyə
Abdullayeva
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 9.