Ədəbiyyatımızın
böyük dayağı
Mirzə İbrahimov - 100
Xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas,
akademik, ictimai xadim Mirzə İbrahimovun anadan olmasının
100 ili tamam olur
I
yazı
“Ey mənim xalqım, ey mənim
ümidim və pənahım! Ürəyimin istiliyi səndəndir,
fikrim işığını səndən alır, həyatımın
nəşə və sevincinə bais sənsən! Həyat
yolunun sürüşkən döngələrində qolumdan
tutan, məni yıxılmağa qoymayan sən olmusan.
Amansız qorxu başımın üstünü alaraq məni
ağır fikirlərə saldığı zaman, xoş
günün dönük dostları, zəif və qorxaq
yoldaşlar məndən üz döndərdiyi zaman yeganə
dayağım sən olmusan. O zaman ki, qaranlıq içərimə
kölgə salmağa başlayıb, onda sənin munis,
mehriban, müqəddəs səsini eşitmişəm. Bu səs
məni həyata bağlamış, yaşamağa, mübarizə
etməyə ruhlandırmışdır. Qoluma qüvvət
verən, iradəmi möhkəmlədən bu səs sənin
səsindir, ey mənim hər şeydən əziz, hər
şeydən gözəl, hər şeydən yüksək, hər
şeydən nəcib və mərhəmətli xalqım!”
Mirzə İbrahimov
Bir
əsrin fonunda baxanda nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas,
publisist Mirzə İbrahimov yaşadığı
dövrün sovet yazıçısından çox, milli
ruhun oyanışı, milli dilimizin dirçəlişi
uğrunda mübarizə aparan azadlıq
yazıçısı, vətənini, xalqını ürəkdən
sevən insan və vətəndaş kimi xatırlanır.
Onun qələmindən çıxan “Gələcək
gün”, “Böyük dayaq”, “Pərvanə” romanları,
bir-birindən maraqlı povest və hekayələri, həyati
pyesləri ziddiyyətli bir dövrün mənzərəsini
real boyalarla əks etdirməklə yanaşı, Mirzə
İbrahimov yaradıcılığında həm də
İnsan faktoru, onun daxili dünyası, arzu və istəkləri
yüksək məharətlə qələmə
alınır. Bir xalqın dərin köklərə malik
keçmişi və gələcəyi ədəbiyyat
körpüsündə görüşür.
Çətin günlərdən “Gələcək
gün”ə doğru
Mirzə İbrahimov zəngin həyat
və yaradıcılıq yolu keçib. Bu yolun bəzi məqamlarına
nəzər salaq, bir ömrün tarixini vərəqləyək.
Mirzə Əjdər oğlu
İbrahimov 1911-ci ilin oktyabrında Cənubi Azərbaycanın
Sərab şəhəri yaxınlığındakı Evə
kəndində anadan olub. Həyatın ilk acısını
körpə ikən dadıb. Üç yaşı tamam
olmamış anasını itirib. Atası Əjdər
kişi 1918-ci ildə iki oğlu ilə Bakıya gəlib.
Ancaq burada da tale onlardan üz döndərib. Atası 1919-cu
ildə iş başında vəfat edib. 8 yaşında həm
atadan, həm anadan yetim qalan balaca Mirzə Balaxanı və
Zabrat kəndlərində muzdurluq edib, öz zəhməti ilə
bir tikə çörək qazanıb.
Ağır illərdən, çətin
günlərdən keçən Mirzə get-gedə mətinləşir.
İşıqlı arzularla yaşayır. Zabrat fəhlə ədəbiyyat
dərnəyinə üzv yazılır. Onun “Qazılan buruq”
adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində
dərc olunur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr
edilir. İlk tənqidi, publisist məqalələrini, hekayə
və oçerklərini də 30-cu illərdə yazır.
Professor Teymur Əhmədov
“Mirzə İbrahimov.
Müasirlərinin xatirələrində”
toplusunda yazır: “Müasir Azərbaycan ədəbiyyatının təşəkkülündə
və inkişafında
Mirzə İbrahimovun
xidmətləri misilsizdir.
O, yaradıcılığa 30-cu illərin əvvəllərində
başlamış, öz
istedadı və əməyi sayəsində
görkəmli yazıçı,
ədəbiyyatşünas-alim və fəal ictimai xadim dərəcəsinə
qədər yüksəlmişdir
...”
1932-ci ildə sovetlər ölkəsinin nəhəng
tikintiləri, sosialist
sənayesinin inkişafını
görmək üçün
Ukraynaya gedir, Donbas şaxtaları, Dnepropetrovsk sənaye
müəssisələrində olur. Bu təəssürat
onun “Qiqantlar ölkəsi” oçerklər
kitabında əksini tapır.
Bu müddətdə
ali təhsil
və elmi fəaliyyətini də davam etdirən Mirzə İbrahimov Azərbaycan SSR Dövlət
Elmi-Tədqiqat İnstitutunun
ikillik hazırlıq şöbəsində, sonra
SSRİ Elmlər Akademiyasının
Leninqraddakı Şərqşünaslıq
İnstitutunun aspiranturasında
təhsil alır
(1935-1937). Azərbaycan Dövlət Opera və Balet Teatrının
direktoru, sonra isə Xalq Komissarları
Sovetinin İncəsənət
işləri idarəsinin
rəisi vəzifələrində
çalışır. 1941-ci ildə Sovet
Ordusu sıralarında
Cənubi Azərbaycanda
olarkən “Vətən
yolunda» qəzetinin məsul redaktoru işləyir. Yazıçı
1942-1946-cı illərdə Azərbaycan SSR xalq maarif komissarı olur, Azərbaycan Elmlər Akademiyası təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilir (1945). İctimai-siyasi fəaliyyətini davam etdirən yazıçı
respublika Nazirlər Soveti sədrinin müavini (1946-1950), Ali Sovetin
Rəyasət Heyətinin
sədri (1954-1958) kimi
mühüm dövlət
vəzifələrində çalışır.
Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri
(1946-1954), birinci katibi
(1965-1975), SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi (1965-1975)
işləyir.
“Onsuz Azərbaycan ədəbiyyatını təsəvvür
etmək qeyri-mümkündür”
Tarix elmlər doktoru, professor Cəmil Həsənli Mirzə İbrahimovun xidmətlərini
belə xatırlayır:
“Mirzə İbrahimovun
həyat və yaradıcılığını araşdıran zaman onun parlaq bir
fəaliyyətinin olduğu
aydın görünür.
O, Cənubi Azərbaycan
oyanış hərəkatının
inkişafında müstəsna
xidmətlər göstərib.
Mirzə
İbrahimovun böyüklüyü
ondan ibarət idi ki, o, milli
mübarizənin milli
dildən keçdiyini
yaxşı başa düşürdü. Məhz elə
buna görə də o, hər zaman milli dilimizin
qorunmasına səy göstərir və bu istiqamətdə əlindən gələni
əsirgəmirdi. Onun
Cənubi Azərbaycanla
bağlı fəaliyyəti
ilə tanış
olan zaman bir-birindən maraqlı hadisələrin şahidi
olursan. Mirzə İbrahimov Cənubda
gedən proseslərin
aparıcı simalarından
biri olub. O, “Gələcək gün” romanında Güney Azərbaycanın bu günü və gələcəyini incəliklə
qələmə almışdı.
Onun ən parlaq
fəaliyyəti 1950-ci illərə
təsadüf edir.
Ali Sovetin Rəyasət
Heyətinin sədri kimi Mirzə İbrahimov ana dilinin qorunması istiqamətində bir sıra mühüm addımlar atmışdı.
Dil haqqında qanunun qəbul olunmasında onun inkarolunmaz əməyi var. Nazirliklərin
dil haqqında qanunun tələblərinə
nə dərəcədə
əməl etməsinə
nəzarət etmək
məqsədilə Mirzə
İbrahimov komissiya yaratmışdı. Milli ideyanın
inkişafı ilə
bağlı onun əvəzolunmaz xidmətləri
var. Məhz elə millətçiliyə görə
onu vəzifədən
uzaqlaşdırdılar. Maraqlı məqam bunda idi ki, sovet
dövründə ona
bir neçə dəfə irad tutulmasına baxmayaraq, Mirzə İbrahimov yazışmalarını yalnız
Azərbaycan dilində
aparırdı. Mirzə İbrahimov
böyük yazıçı,
siyasi xadim, mütəfəkkir idi.
Onsuz Azərbaycan ədəbiyyatını
təsəvvür etmək
qeyri-mümkündür. Biz belə görkəmli
şəxslərin rolunu
tarixdə olduğu kimi qeyd etməliyik”.
Bu illərdə
böyük yazıçı
hekayə, povest və romanlarla yanaşı, səhnə
əsərlərini də
qələmə alır.
30-40-cı illərdə “Həyat”,
“Madrid”, “Məhəbbət” pyesləri, 60-cı illərdə
“Kəndçi qızı”
, “Yaxşı adam” ,
“Közərən ocaqlar”
pyesləri ilə Azərbaycan dramaturgiyasını
zənginləşdirir. V.Şekspirin “Kral Lir”, “On ikinci gecə, yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, "Müdrik olan hər kəsə
kifayətdir sadəlik”,
A.P.Çexovun “Üç
bacı”, J.B.Molyerin
“Don Juan” pyeslərini Azərbaycan
dilinə tərcümə
edir.
Mirzə İbrahimov milli
filologiya sahəsində
elmi kadrların hazırlanmasında da böyük işlər görür. Azərbaycan
EA Nizami adına
Dil və Ədəbiyyat İnstitutunda
XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi
şöbəsinin müdiri
(1960-1970), daha sonra EA Nizami adına Ədəbiyyat İnstitutunun
Cənubi Azərbaycan
ədəbiyyatı şöbəsinin
müdiri (ömrünün
sonunadək) işləyir.
Dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək
səviyyədə tədqiqini
təşkil edir, üçcildlik “Azərbaycan
ədəbiyyatı tarixi”nin yazılmasında yaxından iştirak edir.
“Mirzə İbrahimov qürurumuzdur”
Xalq şairi Sabir Rüstəmxanlı Mirzə
İbrahimovu belə xatırlayır: “Mirzə
İbrahimov qürurumuzdur.
Zənnimcə, o, əfsanə, həmçinin böyük
bir şəxsiyyət
idi. Mən məhz elə
uşaqlıqdan onun əsərlərini oxuyaraq
püxtələşmişəm. Mirzə İbrahimovun “Gələcək
gün” əsəri və Cənubi Azərbaycanla bağlı
başqa əsərləri
məni həddindən
artıq təsirləndirirdi.
21 yaşımda Mirzə
İbrahimovla tanış olmuşdum
və onunla çox gözəl münasibətlərim vardı.
Onu tanıdığım və
ömrümün bir hissəsini onunla birlikdə keçirdiyim üçün çox şadam. Hər zaman üzərimizdə Mirzə İbrahimovun qayğısını hiss edirdik.
Onun hazırcavab olması və dünyanı çox yaxşı bilməsi hər zaman diqqətimi cəlb edirdi.
Onun ədəbiyyatımızda böyük bir yolu var. O, həm də milli qəhrəman
idi. Azərbaycan dilinin ana dili olması məsələsini qaldırmışdı.
Məhz elə bu vətənpərvər
addımlarının nəticəsi
idi ki, o, əhalinin bütün təbəqələri tərəfindən
hörmətlə qarşılanırdı.
Mirzə
İbrahimovun Azərbaycan
ədəbiyyatının dünyada
tanıdılmasında da
böyük xidmətləri
vardır. Onun “Gələcək
gün” əsəri bir çox xarici dillərə tərcümə olunaraq rəğbətlə qarşılanırdı”.
Mirzə İbrahimov Azərbaycanın
Xalq yazıçısı
fəxri adına
(1961), dövrünün ən
böyük təltiflərinə
- 3 dəfə “Lenin” ordeni,
“Oktyabr inqilabı” ordeni, digər orden və medallara,
SSRİ Dövlət mükafatı,
Azərbaycan Dövlət
mükafatı, Beynəlxalq
Nehru mükafatına, Sosialist
Əməyi Qəhrəmanı
adına layiq görülüb. Yazıçı dəfələrlə Azərbaycan
SSR Ali Sovetinin, SSRİ Ali Sovetinin
deputatı seçilib.
70-80-ci illərdə Asiya və Afrika
ölkələri ilə
Sovet Həmrəylik Komitəsinin sədri kimi müxtəlif ölkələrdə səfərlərdə
olub, beynəlxalq tədbirlərdə iştirak
edib, bu vəsilə ilə Azərbaycan mədəniyyətinin
təbliğinə də
töhfələr verib.
Görkəmli
ədib, ictimai xadim 1993-cü il
dekabrın 17-də Bakıda
vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ölümündən illər keçdikcə
Mirzə İbrahimovun
yazıçı, ictimai
xadim, alim, böyük şəxsiyyət
kimi əvəzolunmaz xidmətləri daha aydın görünür.
İllər keçəcək, yeni nəsillər hər gələcək gündə ədəbiyyatımızın
böyük dayağını
beləcə yad edib xatırlayacaq.
Təranə Vahid
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 7.