Musiqimiz müstəqillik müstəvisində
Ölkənin suverenliyi sənət həyatında da
yeni səhifələr açdı
XX əsr
Azərbaycan musiqisinin tarixində mühüm mərhələlərlə
yadda qalıb. Məhz bu dövrdə ölkəmizdə
yüksək peşəkarlığı ilə, orijinal
üslubu ilə seçilən bəstəkarlıq məktəbi
yarandı. Azərbaycan musiqisi dünya professional musiqi mədəniyyətinə
qovuşdu. Bununla yanaşı ötən əsrin tarixi-siyasi
hadisələri mədəniyyətə, o cümlədən
musiqi sənətinə də təsirsiz ötüşmədi.
70 illik sovet rejiminin süqutu, Azərbaycanın dövlət
müstəqilliyini bərpa etməsi milli musiqimizin
inkişafında yeni səhifə açdı.
Ölkəmizdə keçirilən
festivallar, musiqiçilərimizin müxtəlif layihələrdə
iştirak etməsi Azərbaycan musiqisinin dünya miqyasına
çıxmasına əlavə imkanlar yaratdı.
Azərbaycan mədəniyyətinin
nadir incisi olan muğamın dünyada təbliği, dövlətin
bu istiqamətdə gördüyü işlər, ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü və rəhbərliyi ilə həyata
keçirilən layihələr milli musiqimizin zənginləşməsinə
xidmət edir.
Bəstəkarlar
İttifaqının sədri, professor, Xalq artisti Firəngiz Əlizadənin
sözlərinə görə, müstəqillik
dövründə Azərbaycan mədəniyyəti, o cümlədən
musiqi sənəti əlamətdar inkişaf yolu keçib:
- Azərbaycan musiqisi hər zaman mədəniyyətimizin
ən güclü tərəfi olub. Ötən 20 ildə
keçdiyimiz yolu yenidən nəzərdən keçirdikdə
görürük ki, həqiqətən də musiqimiz
artıq beynəlxalq səviyyəyə çıxıb,
özünün layiq olduğu dəyəri alıb. Buna misal
olaraq Bakıda və regionlarımızda keçirilən beynəlxalq
səviyyəli musiqi tədbirlərini qeyd edə bilərik.
Musiqimizə verilən yüksək dəyərin bariz
nümunəsi ulu öndər Heydər Əliyevin sərəncamı
ilə dahi Üzeyir Hacıbəylinin doğum
gününün - 18 sentyabrın musiqi bayramı kimi qeyd
olunmasını göstərə bilərik. Üzeyir bəyin
xatirəsinə həsr olunan və artıq ənənə
halını alan beynəlxalq festival, Rostropoviç adına
beynəlxalq festival, vokalçıların Bülbül
adına beynəlxalq müsabiqəsi, Qəbələdə
keçirilən ənənəvi musiqi festivalı Azərbaycan
musiqisinin dünyaya tanıdılmasına mühüm töhfə
verən tədbirlərdir. Bu mənada Heydər Əliyev Fondu
tərəfindən həyata keçirilən layihələri
xüsusi qeyd etmək istərdim. Ölkənin birinci
xanımının təşəbbüsü ilə muğam
və aşıq sənətimizlə bağlı dünya
miqyasında tədbirlər gerçəkləşdi,
musiqisevərlər fərqli və gözəl sənət
incilərimizi alqışladılar. Beynəlxalq elmi simpozium və
konfranslarda Azərbaycan muğamı və qədim ozan sənəti
barədə geniş məlumatlar verildi, ardıcıl olaraq
layihələr həyata keçirildi. Təbii ki,
bütün bunların nəticəsi olaraq Azərbaycan
muğamı, aşıq sənəti UNESCO tərəfindən
Bəşəriyyətin qeyri-maddi mədəni irs
siyahısına daxil edildi. Bakıda reallaşan beynəlxalq
festival dünyanın muğam bilicilərini,
ifaçılarını Azərbaycana, muğamın
ocağına topladı. Festival çərçivəsində
dünyanın məşhur ifaçılarının Azərbaycan
səhnəsində çıxış etmələri
böyük musiqi hadisələridir.
Bu mənada xaricdə keçirilən
tədbirləri, konsertləri də göstərmək olar.
Heydər Əliyev Fondunun dünyanın ən məşhur və
mötəbər konsert salonlarında keçirdiyi zəngin
proqramlı konsertlər, «Leyli və Məcnun»
operasının 100 illiyi ilə bağlı tədbir, gənc
və yeniyetmə ifaçıların təqdimatında «Azərbaycan
mələkləri»nin konserti və digər böyük tədbirlər
fərəhləndirici hadisələrdir.
Bəstəkarlar İttifaqı da
həmişə musiqi hadisələrinin təşəbbüskarı
kimi çıxış edib və etməkdədir. Biz
göstərilən diqqət və qayğıdan, mədəniyyətimizin
yüksək səviyyədə təqdimatından ruhlanaraq bu
işləri daha əzmlə görməyə hazırıq.
Ona görə də 2009-cu ildə təmir və bərpa
işlərindən sonra daha möhtəşəm görkəm
alan bəstəkarların doğma evində daha əzmlə
çalışır və yeni əsərlər
yaradırıq. Konsert salonumuzda daim musiqi səslənir, təqdimatlar,
anım gecələri, konsertlər keçirilir. Sənətə
və sənətkara verdiyi yüksək dəyərə
görə ölkə prezidentinə, Heydər Əliyev Fondunun
rəhbəri kimi mədəniyyətimizə hamilik edən
Mehriban xanım Əliyevaya, Mədəniyyət və Turizm
Nazirliyinə dərin təşəkkürümüzü
bildiririk.
Müasir dövrdə gedən
qloballaşma və inteqrasiya prosesləri sayəsində
ölkələr arasında olan sədlər
götürülür, mədəni dialoq imkanları
genişlənir. Son illər bu imkanlardan istifadə edən Azərbaycan
bəstəkarlarının bir sıra nüfuzlu beynəlxalq
festivalların iştirakçısı olduğunu
xatırladan Azərbaycan Milli Konservatoriyasının rektoru,
professor, Xalq artisti Siyavuş Kərimi sənət nümunələrimizin
dünyanın ən məşhur konsert salonlarında səslənməsini
musiqimizin zəfəri hesab edir:
- Azərbaycan mədəniyyəti
haqqında danışarkən, təbii ki, onun tacı olan
musiqi janrını xüsusilə qeyd etmək istərdim. Fəxrlə
deməliyəm ki, dünyada beş gözəl musiqi mədəniyyəti
varsa, onlardan biri də Azərbaycan musiqisidir. XX əsrdə Azərbaycan
musiqisi özünün zirvəsinə yüksəldi. Biz
bununla çox böyük qürur duyuruq. Əlbəttə
ki, müstəqilliyin bərpasından sonra Azərbaycan musiqi
mədəniyyəti intibah dövrünü yaşamağa
başladı. Çünki sovetlər birliyi zamanı musiqi
müəyyən qəliblərdə və çərçivələrdə
təqdim olunurdu. Dövlət müstəqilliyimizin bərpası
ilə mədəniyyətimiz də dünyaya daha geniş
çıxış imkanı əldə etdi. İlk vaxtlar
bu siyasəti sistemli şəkildə həyata keçirmək
o qədər də asan deyildi. Çünki ölkə
müharibə şəraitində idi, böhran içində
idi. Çox sevinirəm ki, bu problemlər tədricən
öz həllini tapdı. Azərbaycan musiqisinin əsas
sütunlarından olan muğam mədəniyyəti
özünə böyük dəstək qazandı və
bununla bağlı dəyərli layihələr
hazırlandı. Xüsusilə muğama həsr olunmuş
layihələr təqdirəlayiq addımlardır. Azərbaycan
muğamının təntənəsi, onun UNESCO-nun qeyri-maddi
mədəni irs siyahısına daxil edilməsi müstəqilliyimizin
bərpasından bu yana keçilən yolun nəticəsi,
böyük qələbəmizdir. Bütün bunların nəticəsi
olaraq Azərbaycanda müxtəlif beynəlxalq musiqi
festivallarının keçirilməsini, ölkəmizin sənət,
musiqi mərkəzi kimi nüfuz qazanmasını da fəxrlə
qeyd etmək istərdim. «Eurovision» kimi nüfuzlu musiqi
yarışında qalib olmağımız yenidən
dünyanın diqqətini ölkəmizə yönəltdi.
Bu da musiqimizin, mədəniyyətimizin zəfəridir. Əlbəttə
ki, bütün bunlar Azərbaycanın çox
bacarıqlı və istedadlı musiqiçilərinin səyi,
milli musiqimizə böyük dövlət dəstəyinin nəticəsində
meydana gəlib.
Bu mənada
mədəniyyətimizə hamilik edən Mehriban xanım Əliyevanın
rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini
xüsusi qeyd etmək lazımdır. İnanıram ki,
dövlətimizin bu sahədə həyata keçirdiyi mədəniyyət
siyasəti yaxın gələcəkdə Azərbaycan musiqisini
daha yüksək zirvələrə aparıb
çıxaracaq, musiqimiz dünyada daha geniş şəkildə
tanınacaq, qiymətləndiriləcək.
Həmidə
Nizamiqızı
Mədəniyyət.-
2011.-19 oktyabr.- S. 6.