Yaradıcı gənclərin qarşısında bütün yollar açıqdır

 

   Fərhad Bədəlbəyli,

   Ü.Hacıbəyli adına Bakı Musiqi

   Akademiyasının rektoru, Xalq artisti,

   professor  

 

   Azərbaycanda dövlət müstəqilliyinin bərpasının 20 illiyi geniş bayram edilir. Baxmayaraq ki, 20 il tarix üçün o qədər də böyük dövr deyil, lakin bu müddətdə ölkəmiz böyük nailiyyətlər əldə edərək, sürətlə inkişaf edən bir respublikaya çevrilib.

  

   Azərbaycanda həyata keçirilən siyasət müasir dövrün tələbinə uyğun olaraq elmi, texniki və mədəni nailiyyətlərin əldə olunmasına yönəlib. Mübaliğəsiz deyə bilərik ki, bu illər ərzində bir çox onilliyin nailiyyətləri əldə olunub. Nəticə göz qabağındadır: Azərbaycanın müvəffəqiyyətləri haqqında bütün dünya danışır və dünya ictimaiyyəti ölkəmizi yüksək beynəlxalq statuslu bir dövlət kimi qəbul edir.

   Mən bir musiqiçi kimi öz sahəmizdəki uğurlardan danışaraq qeyd etmək istəyirəm ki, ölkəmizin rəhbəri, hörmətli prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində gördükləri işlər yüksək qiymətləndirilməlidir. Bu istiqamətdə görülən işlər milyonlarla azərbaycanlının qəlbində dərin kök salaraq Azərbaycan xalqının mənəvi irsinə ən dəyərli töhfə olub. Ölkəmizin rəhbərliyi Azərbaycanın ümummilli lideri Heydər Əliyevin qoyduğu ənənələri layiqincə davam etdirir.

   Bu gün Azərbaycan çiçəklənən və inkişaf edən dövlətdir. Respublikada mütəmadi olaraq müxtəlif musiqi festivalları, simpoziumlar, konfranslar və digər tədbirlər keçirilir, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilən qədim muğam sənətindən başlayaraq “Eurovision” müsabiqəsindəki qalibiyyətimizə qədər Azərbaycan musiqi ifaçılıq sənəti bütün dünyada tanınır, beynəlxalq ictimaiyyətinin rəğbətini qazanıb.

   Klassik Azərbaycan musiqisi hər zaman bu sənətə ehtiram göstərənlər üçün yüksək nüfuza malik olub. Təəccüblü deyil ki, klassik musiqi ifaçılıq sənətimiz də bu illər ərzində daha da inkişaf edərək dünyada geniş tanınıb. Bundan əlavə Azərbaycan musiqi mədəniyyəti mərkəzinə çevrilərək bir çox regionları da öz ətrafında birləşdirib. Ölkəmizdə keçirilən beynəlxalq musiqi festivalları bu mənada bariz nümunədir.

   Lakin tək bunlar bizi sevindirmir. Biz musiqiçilərimizin ölkəmizdən kənarda qazandıqları nailiyyətlərlə də fəxr edirik. Onlar daima xaricdə qastrol səfərlərində olur, müxtəlif beynəlxalq müsabiqələrdə, festivallarda uğurla çıxış edib, qələbələr qazanırlar, dünyanın ən nüfuzlu musiqi kollektivləri ilə əməkdaşlıq edirlər. Sevindirici haldır ki, bizim musiqiçilərimiz əksər hallarda müsabiqələrdən mükafatla qayıdırlar.

   Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının yetirmələrindən Eldar Əliyev La Skala teatrının solisti, Dinarə Əliyeva və Elçin Əzizov Böyük Teatrın solistləridirlər. Bundan başqa, Eyyub Quliyev İtaliyada keçirilən Toskanini adına dirijorların müsabiqəsində, Ayaz Qəmbərli Amerikada, Türkər Qasımzadə Avstraliyada keçirilən bəstəkarların müsabiqəsində, İsfar Sarabski İsveçrədə keçirilən caz müsabiqəsində qalib olublar.

   Təbii ki, bir qısa yazı çərçivəsində bütün nailiyyətləri qeyd etmək mümkün deyil. Lakin fəxrlə deyə bilərəm ki, müstəqil Azərbaycanın istedadlı gəncləri hər sahədə olduğu kimi, musiqi sahəsində də böyük müvəffəqiyyətlər əldə edirlər. Bu da çox qiymətlidir. Əlbəttə ki, belə istedadlı gənclərin bu səviyyədə yetişməsində müəllimlərinin böyük zəhməti var. Onlar bütün güc və bacarıqlarını əsirgəməyərək, yetirmələrini ən çətin beynəlxalq müsabiqələrə hazırlaşdırırlar. Bu da Azərbaycan musiqi məktəbinin dərin köklərə malik olduğunu bir daha təsdiq edir.

   Azərbaycanın 20 illik müstəqilliyi musiqi mədəniyyətimizə böyük töhfələr verdi. Lakin ən əsası odur ki, müasir yaradıcı gənclərin qarşısında bütün yollar açıldı.

 

 

  Mədəniyyət.- 2011.- 19 oktyabr.- S. 6.