Ölkəmiz Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunur

 

   Oktyabrın 16-da Çin Xalq Respublikasının Renmin Universitetinin şəhərciyində ənənəvi beynəlxalq mədəniyyət festivalı başlayıb. Müxtəlif ölkələri təmsil edən mədəniyyətlərin qarşılıqlı anlaşmasına xidmət edən festivalda Azərbaycan nümayəndə heyəti də iştirak edir. Açılış mərasimində çıxış edən ölkəmizin Çindəki səfiri Lətif Qəndilov xalqlar arasında münasibətlərin genişlənməsində mədəni əlaqələrin vacibliyini vurğulayıb, Azərbaycan mədəniyyətinin hazırda yeni inkişaf dövrünü yaşadığını bildirib.

   Festival çərçivəsində Renmin Universitetində təhsil alan azərbaycanlı tələbələr ölkəmizə aid xüsusi stend hazırlayıblar. “Azərbaycan-20: inkişaf və gənclik” adlı stenddə ölkəmizin mədəniyyətini, təbiətini, turizm imkanlarını əks edən fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri nümayiş etdirilib. Tələbələrdən ibarət rəqs qrupu milli rəqslərimizi ifa edib, Azərbaycan mətbəxinin nümunələri təqdim olunub.

   Bir həftə davam edəcək festival çərçivəsində Çinin digər universitetlərində də Azərbaycan mətbəxinin, milli geyimlərimizin və musiqimizin təqdimatı keçiriləcək.

  

 

   Mədəniyyət.- 2011.- 19 oktyabr.- S. 5.