Müstəqilliyimiz
təsviri sənət əsərlərində
Oktyabrın
14-də Rəssamlar İttifaqının Vəcihə Səmədova
adına sərgi salonunda dövlət müstəqilliyimizin bərpasının
20-ci ildönümünə həsr olunmuş sərginin
açılışı oldu. Sərgi Mədəniyyət və
Turizm Nazirliyi və Rəssamlar İttifaqının birgə təşəbbüsü
ilə təşkil olunub.
Mərasimdə
çıxış edən Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, sərgidə
Azərbaycan rəssamlarının müstəqilliyin bərpasının
iyirminci ildönümünə həsr olunmuş rəngkarlıq,
qrafika və dəzgah heykəltəraşlığı əsərləri
nümayiş olunur. Sərgidə təsviri sənət
ustalarının son 20 ildə ərsəyə gələn
işləri yer alıb.
Mədəniyyət və turizm
nazirinin müavini Ədalət Vəliyev Azərbaycanın
müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən,
mədəniyyətin, o cümlədən təsviri sənətin
inkişafından, rəssamlarımızın əsərlərinin
dünyada tanınmasından söz açdı. Qeyd olundu ki,
sərgidə 87 rəssamın 95 əsəri təqdim olunur.
Xalq rəssamı Altay Hacıyev
müstəqilliyimizə həsr edilmiş sərgini yüksək
qiymətləndirərək 20 il ərzində rəssamlarımızın
əldə etdiyi yaradıcılıq uğurlarından
danışdı.
Sonra sərgiyə baxış
keçirildi. Xalq rəssamı Arif Hüseynovun “Qulaq
falı”, Siruz Mirzəzadənin “Sarı gəlin”, Orxan
Hüseynovun “Şuşa şəhəri”, Oqtay Şıxəliyevin
“Böyük neft”, İlahə Zeynalovanın “Güllər” və
s. əsərlər maraq doğurdu. Neftlə bir-birindən
maraqlı əsərlər yaradan rəssam Sabir Çopurovun
da işləri diqqət çəkirdi.
Reyhan
Mədəniyyət.-
2011.- 19 oktyabr.- S. 5.